"Azərbaycanın ərəb dünyasında çəkisi arta bilər"

İsraillə- Fələstin arasındakı müharibə rəsmi Bakı üçün çətin şərait yaradıb. Bir tərəfdə bizə dar gündə dəstək olan, strateji müttəfiqimiz İsrail, digər tərəfdə isə məsum körpələri öldürülən Fələstin...Ekspertlərin fikirləri müxtəlifdir. Bəzilərinin qənaətinə görə, biz sadəcə bəyanat verməklə kifayətlənməliyik. 
 BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bu barədə “Sherg.az”a danışdı:

“Azərbaycan İsrail əlaqələrinin ikitərəfli dostluq və qardaşlıq formatından çıxarılıb, yeni türk-ərəb-müsəlman formatında, yəhudi-islam sivilizasiyalararası kimi dünyəvi platformaya keçməsi fikri  üzərində çalışılası bir ideyadır.

İsrail-Fələstin münaqişəsinin həlli üçün Azərbaycanın İsrail-Türkiyə əlaqələrinin bərpasına verə biləcəyi töhfə əvəzedilməz ola bilər.  İsrailin həqiqi dostu olan Azərbaycanın Fələstin problemini həll edən ölkə kimi meydana çıxması, İsrail tərəfi üçün də maraqlı ola bilər.

Bunun üçün İsrailin Azərbaycan, dolayısı ilə də Türkiyə ilə bir masa arxasına oturub, mütləq nəticə alacaqlarını vurğulamasını həm İsrail, həm də Türkiyə tərəfi təşkil edə bilər.

Beləliklə, Azərbaycanın Fələstin problemini həll edən ölkə kimi siyasi arenaya çıxar, eyni zamanda, Azərbaycanın ərəb dünyasında da çəkisi artar. Bu da dost və qardaş ölkələr olan Türkiyə ilə İsrailin gücünə güc qatar, hər üç ölkəni bütün Orta Şərqdə söz sahibi edər.

İsrailli dostlarımızın Azərbaycanın beynəlxalq arenada söz sahibi olmasını təşkil etməsini və bunu reallaşdırmasını İsrail üçün də çox böyük dividentlər gətirəcəyi fikri üzərində düşünməyə dəyər. Əminik ki, İsrail Azərbaycanın böyüməsində və inkişaf etməsində maraqlıdır. İsrailin istər müsəlman, istərsə də, türk dünyasında tək və əsl dostu olan Azərbaycanın "Fələstin məsələsinin" həllində müxtəlif səviyyələrdə təşkil edilmiş ola biləcək rolu, Azərbaycan-İsrail yaxınlığının müsəlman-yəhudi dostluğu kimi digər ölkələrə də örnək ola biləcəyi fikrini hər kəsə göstərəcək.

Təbii ki, məsələ elə də sadə deyil. Amma üç dövlətin "dövlət ağlı" bunun öhdəsindən gələ bilər deyə düşünürəm”.