"Əgər Makron Qarabağda yaşayan erməniləri Fransaya aparsa, regionda tam sakitlik yaranar"

"Çox təəssüf ki, Fransa prezidenti Makron öz erməni sevgisindən əl çəkmir". 

"Sherg.az" xəbər verir ki, bunu millət vəkili Azər Badamov deyib.  Deputat bildirib ki, Makron birtərəfli Ermənistanı dəstəkləyirsə, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyində işi yoxdur: 


"Deyəsən Makron yaddan çıxarıb ki, Fransa rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bu gün Azərbaycanın Sərhəd Xidməti Fransanın tanıdığı sərhədlərini bərpa edir. Azərbaycanın ordusu Ermənistanın ərazisində deyil və qarşı tərəfdən fərqli olaraq ölkəmizin heç də başqa ölkənin torpaqlarında gözü yoxdur. Amma ərazimizin bir qarşını da ermənilərə güzəştə getmək fikrimiz yoxdur. Azərbaycan Sünik vilayəti ilə sərhəddə demarkasiya işlərini aparıb. Sərhəd postlarının qurulmasını Ermənistan siyasiləşdirirsə, bu onların problemidir. Biz öz sərhədlərimizi möhkəmləndiririk. Cənab Makrona xatırlatmaq istəyirəm ki, "Dağlıq Qarabağ" adında bir inzibati ərazi də yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü 44 günlük müharibədə, döyüş meydanında təmin edib. Azərbaycanın daxili işlərinə qarışmağa heç kimin haqqı yoxdur".

A.Badamov vurğulayıb ki, Fransada ermənilərin kompakt yaşadığı Marsel şəhəri var: 

"Bu gün Qarabağda sizin statistikanıza görə cəmi 40-50 min erməni məskunlaşıb. Bu, Fransa üçün heç də böyük say deyil. Marsel şəhərini ermənilərin dövləti elan edin və erməniləri də ora aparın. Qoy onlar da bir gün görsünlər, Fransanın dəstəyindən yararlansınlar. Əgər Makron Qarabağda yaşayan erməniləri Fransaya aparsa, regionda tam sakitlik yaranar və gələcəkdə artıq söz-söhbət üçün mövzu qalmaz. Əgər belə addım atmasanız biləcəyik ki, sizin ermənilərə sevginiz yoxdur".