Kremlin də vasitəçiliyinə təhlükə var

Ermənistan çalışır ki, bölgədəki proses və danışıqlara Fransa da qatılsın

Azərbaycan və Türkiyə, o cümlədən indiki şəraitdə Rusiya prosesin qarşısını birlikdə almalıdır


Müntəzəm olaraq Azərbaycan-Ermənistan sərhədində insidentlər baş verir. Bu il mayın 12-də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirlərini qarşı tərəf Zəngəzur ərazisinin, xüsusilə Qaragöl ətrafının “zəbti” kimi qələmə verməyə çalışıb. Ermənistan KTMT-yə müraciət etsə də, təşkilatdan ona hərbi əməliyyatlara əl atmamaq tövsiyə edilib. Bundan sonra Ermənistan ordusunun bölmələri dəfələrlə Azərbaycanın sərhəd boyu yerləşən mövqelərini, eləcə də Qarabağdakı mövqelərimizi atəşə tutublar. Son günlər belə təxribatlar daha da intensivləşib. İyulun 19-u ərzində üç dəfə Naxçıvan ərazisi Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən müxtəlif çaplı silahlardan atəşə tutulub,
bir əsgərimiz yaralanıb. İyulun 28-də erməni bölmələri Kəlbəcər rayonu ərazisindəki mövqelərimizi intensiv atəşə məruz qoyublar. Məhz belə məqamda Xarici işlər naziri Ceyhun Bayramovla ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub.

XİN rəhbəri C.Bayramov Rikerlə söhbətində Azərbaycanın vəziyyətin gərginləşməsində maraqlı olmadığını və bütün fikir ayrılıqlarının siyasi və diplomatik yolla həllinin tərəfdarı olduğunu vurğulayıb. Nazir Ermənistanın məsuliyyətini dərk etməsinin və təxribatlara son verməsinin vacib olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. İki ölkə sərhədində yaşanan gərginlikdən narahatlıq ifadə edən Filip Riker vəziyyətin sabitləşməsinin vacibliyini qeyd edib. Telefon zəngi ilə eyni gündə Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə təcili toplantı keçirib. İclasda Azərbaycanla Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub. 

Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Natiq Miri “Şərq”ə bildirib ki, son günlər Azərbaycan-Ermənistan sərhədində baş verənlər, erməni tərəfinin silahlı bölmələrimizin mövqeyini ardıcıl atəşə məruz qoyması böyük bir sövdələşmənin tərkib hissəsidir. Analitik vurğulayıb ki, sərhəddə yaşananlar təsadüfən və sıradan baş vermir:

“Proseslərin arxasında Nikol Paşinyanın hiyləgər siyasəti dayanır. Əsas məqsəd sərhədlərin müəyyənləşməsində əlavə zaman qazanmaq və 4-cü, 5-ci qüvvələrin prosesə müdaxiləsinə şərait yaratmaqdır. Paşinyana görə, buna nail olmaq üçün mütləq mənada Moskvanı zərərsizləşdirmək lazımdır. Ermənistanda Baş nazir vəzifəsini icra edən Paşinyan sərhəddə süni qarşıdurma yaratmaqla KTMT-yə müraciət üçün zəmin hazırladı. Ancaq KTMT İrəvana birmənalı rədd cavabı verir və mövcud gərginliyin sərhədlərin delimitasiya və demarkasiya prosesi ilə bağlı olduğunu vurğulayır. Təşkilat hesab edir ki, problem mütləq danışıqlar yolu ilə həll olunmalıdır. Təbii ki, qurumun bu cür mövqe sərgiləməsi Ermənistanı qane etmir. Ona görə də israrla Rusiyanı, yaxud hərbi bloku Cənubi Qafqaza çağırır. Kremldən arzuladığı reaksiyanı görməyən Paşinyan eyni zamanda digər himayədarlarına, Qərb ölkələrinə səslənmək “hüququ” əldə edir. Minsk qrupu üzvlərinin Moskvada toplanması, Avropa Birliyinin bəyanatı, Amerikanın Ermənistandakı səfirinin açıqlaması və nəhayət, ABŞ dövlət katibinin köməkçisi Filip Rikerin rəsmi Bakı ilə əlaqə saxlaması ümumi prosesin tərkib hissələridir”. 

Siyasi şərhçi hesab edir ki, əslində bütün bəyanatlar Azərbaycana təzyiq xarakteri daşıyır:

“Amerikalı siyasilərin, Qərb ölkələrinin nümayəndələrinin hansısa bəyanatında Qarabağdakı qanunsuz erməni silahlıları ilə bağlı bir cümlə belə yoxdur. ABŞ, o cümlədən Avropa ölkələrindən mina xəritələrinin Azərbaycana verilməsi yönündə heç bir açıqlama görməmişik. Bunun əvəzinə, “əsirlərin” qaytarılması və sərhədlərin müəyyən olunmasının yalnız sülhlə mümkünlüyü barədə danışırlar. Yenidən Minsk qrupunun proseslərdə iştirakını vacib sayırlar.

Bu isə Rusiya ilə yanaşı, ABŞ və Fransanın Azərbaycan-Ermənistan məsələsinə yenidən müdaxiləsi deməkdir. Həmçinin, dolayı yolla Ermənistanı dirçəltmək cəhdidir. Paşinyan “Rusiya və KTMT-dən bizə dəstək yoxdur” bəhanəsi ilə Fransadan hərbi yardım almaq fikrindədir. Fransanın Ermənistandakı səfiri də bu yöndə açıqlama verib. Azərbaycan və Türkiyə, o cümlədən indiki şəraitdə Rusiya prosesin qarşısını birlikdə almalıdır.

Əks təqdirdə Rusiyanın maraqlarına xidmət etməyən geosiyasi hadisələr baş verər ki, bu da sadəcə Moskvanın deyil, Bakı və Ankaranın da zərərinə olar. Kreml üzərinə düşən məsuliyyəti dərk edərək prosesi doğru istiqamətə yönəltməlidir”.