Həbsdə olan jurnalist Əfqan Muxtarlı aclıq aksiyasını dayandırıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib ki, Əfqan Muxtarlı bu gündən aclığı dayandırıb. Qeyd edək ki, Ə.Muxtarlı onunla görüşə gələn vəkili Nemət Kərimlinin Cəzaçəkmə Müəssisəsində kobud davranışla üzləşdiyini iddia edərək dünəndən aclığa başladığını bəyan etmişdi.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da hadisəyə münasibət bildirib. O, Feysbuk səhifəsində Penitensiar Xidmətin rəhbərliyi ilə məsələni müzakirə etdiyini yazıb:
“Bu gün bir qrup jurnalist Azərbaycan Mətbuat Şurasına gələrək 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən jurnalist Əfqan Muxtarlının vəkilinə sözügedən həbsxanada təzyiq göstərildiyini iddia ediblər. Onlar bu halı jurnalistin müdafiə olunmasına maneçilik kimi dəyərləndiriblər. Azərbaycan Mətbuat Şurası olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyi ilə əlaqə saxladıq, müzakirə apardıq. Məsələ Pentensiar Xidmətin diqqətindədir. Bununla əlaqədar araşdırma aparılır, əsl həqiqətlər üzə çıxarılacaq. Belə bir hadisə baş veribsə, müvafiq ölçü götürüləcəkdir”.
Xatırladaq ki, Əfqan Muxtarlı qaçaqmalçılıqda, sərhədi qanunsuz keçməkdə və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə ittiham olunaraq 2017-ci ildə həbs edilib.
Balakən rayon Məhkəməsinin hökmü ilə 6 il müddətə azadlıqdan məhrum edilib.