Bakı "Qızıl ortanı" saxlamalıdır: Rus Evinin siyasi təsir aləti olduğunu unutmamalıyıq -ANALİZ

Rusiya və Azərbaycan Bakıdakı Rus Evi məsələsində kompromis axtarır, hamı konstruktiv və nikbindir.
Bunu “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov deyib.
“Həm Azərbaycan tərəfi, həm də biz konstruktiv və kifayət qədər nikbinik ki, kompromis tapacağıq və tammiqyaslı iş bərpa olunacaq”, - o bildirib.
Qeyd edək ki, fevralın 3-də Azərbaycan Bakıdakı Rus Evinin fəaliyyətinin dayandırılması ilə bağlı Rusiyaya nota göndərib.

Politoloq Elçin Alıoğu "Sherg.az"a bildirib ki, Rusiya Sovetlər Birliyinin dağılmasından sonra Rusiya Federasiyasının Postsovet məkanında təsirini saxlamaq üçün istifadə etdiyi əsas vasitələrdən biri həm mədəni-humanitar təsir, həm də ideoloji cazibə mexanizmləri, yəni yumşaq gücdür:

"Bu baxımdan Yevgeni Primakovun adı və onun ideoloji xətti xüsusi önəm daşıyır. Vaxtilə Bakıda fəaliyyət göstərmiş, sonda dondurulmuş Rus Evinin adı əvvəllər bütün dünyada Rus İnformasiya və Mədəniyyət Mərkəzi idi. Bu struktur ideoloji xəttin simvolu kimi çıxış edirdi. Yevgeni Primakovun Rusiya Federasiyasının keçmiş baş naziri və xarici işlər naziri, Rusiya kəşfiyyatının rəhbərlərindən biri olan atası 1996-cı ildən etibarən Moskvanın Avroatlantik inteqrasiyadan uzaqlaşıb çoxqütblü dünya konsepsiyasında mühüm rol oynayıb. Eyni zamanda onun atası Mixail Qorbaçov, Eduard Şevardnadze və Yegor Liqaçov dəstəsinin üzvü idi. Həmin ideoloji xəttin müəyyən mənada necə davam edəcəyi maraqlıdır. Yevgeni Maksimoviç Primakovun əsas ideologiyalarından biri Postsovet məkanının Sovet məkanı olması idi. Lakin indi bu mümükün deyil. Həmçinin MDB-də Rusiyanın mədəni-siyasi varlığının qorunmasının zəruri hesab olunması Rus Evinin əsas fəaliyyət istiqamətlərindən biridir. Bu yanaşma sonralar Primakov doktrinası kimi tanındı. Daha sonra ata Primakov doktrinasını oğul Primakov Rusiya dünyasının əsas ideoloji dayaqlarından biri kimi Rus evində davam etdirdi. Azərbaycanda Rus Evi mədəni, təhsil layihələri, rus məktəblərinə qəbul kompaniyaları və rus dilinin qorunması adı altında geniş fəaliyyət göstərirdi. Formal olaraq humanitar əməkdaşlıq missiyası daşıyan bu qurum əslində Kremlin yumşaq güc strategiyasının bir elementidir".

Politoloq Rus Evinin əsas fəaliyyət məqsədlərinə nəzər salıb:
"Birincisi, rus dilinin və mədəniyyətinin təşviqi. Bu, Azərbaycan cəmiyyətində rusdilli təbəqənin qorunub saxlanmasını təşkil edir. İkincisi Moskvanın baxış bucağının təbliği və operativ informasiya məkanını formalaşdırmaqdır. Üçüncüsü, gənclər arasında təhsil və təşviq, habelə təbliğatı gücləndirilməkdir. Bura təqaüd proqramları, mübadilə proqramları və s. vasitəsilə gənc nəslin formalaşmasına təsir göstərmək daxildir. Ən əsası isə Postsovet nostaljisini dirçəltməkdir. Yəni ortaq tarix, ümumi mədəniyyət, dəyərlər və s. anlayışlarını cəmləşdirərək ictimai şüur və manipulyasiya həyata keçirməyə çalışırlar. Azərbaycan yetərincə multikultural, çoxmədəniyyətli, tolerant ölkə olsa da, bu cür strukturların fəaliyyəti tədricən ölkənin informasiya təhlükəsizliyi, suverenliyi üçün problemə çevrilə bilər. Rus Evinin sadəcə mədəniyyət daşıyıcısı deyil, həm də siyasi təsir aləti olduğunu unutmamalıyıq. Ona görə də Rəsmi Bakı bu kimi platformalarla əməkdaşlıq edərkən mütləq şəkildə ehtiyatlı və sayıq olmalı, o cümlədən milli maraqları ön planda tutmalıdır. Əgər Rus Evi bərpa olunarsa, nə kimi fəaliyyətlərini davam etdirəcəyinə nəzər salmalıyıq. Yadda saxlamalıyıq ki, Rus Tbilisidə, İrəvanda, o cümlədən Mərkəzi Asiya ölkələrinin paytaxtlarında da mövcuddur. Bu qurum birbaşa Rusiya xarici işlər nazirliyinə tabedir. Xarici dövlətlərdə yaşayan həmvətənlərlə əlaqələrin qorunması və inkişafı missiyasını daşıyır. Gürcüstanda 2012-ci ildən sonra Rusiyaya qarşı münasibət sərtləşdi və təşkilatın ofisi bağlandı. Buna baxmayaraq, qurum qeyri-rəsmi şəkildə müxtəlif QHT-lər, dostluq cəmiyyətləri və s. vasitəsilə fəaliyyətini davam etdirir. Nəzərə almaq lazımdır ki, bu, Azərbaycanda da təkrarlana bilər. Ona görə də Rus Evinin bərpasını yasaqlasaq, Rusiya Tbilisi variantını ölkəmizdə təkrarlamağa çalışacaq. Ermənistanda isə sözügedən qurum tam sərbəst və açıq şəkildədir. Azərbaycan nə Tbilisi, nə də İrəvan variantını seçməlidir. "Qızıl ortaya" gəlmək Bakı üçün mühüm əhəmiyyət kəsb edir".

Elçin Alıoğu əlavə edib ki, Azərbaycan "Rossotrudniçestvo"ya rəsmi şəkildə ciddi məhdudiyyət qoymasa belə, qurumun regionaloji sərhədlərini aydın şəkildə müəyyənləşdirməlidir:
"Rəsmi Bakının çoxvektorlu xarici siyasəti, eləcə də Qərb və Türkiyə ilə strateji tərəfdaşlıq Rusiyanın təsirinin balanslaşdırılmasını mütləq şəkildə ehtiva edir. Yevgeni Maksimoviç Primakovun adını daşıyan institutlar onun çoxqütblü dünya və Rusiya sivilizasiyası konsepsiyasına əsaslanaraq müxtəlif ölkələrdə ideoloji dayaq nöqtələri yaratmaq niyyətindədir. Azərbaycan isə informasiya suverenliyini, milli mədəniyyətini, müstəqilliyini qorumaq üçün bu proseslərə böyük diqqətlə yanaşmalı, həm də balanslı, prinsipial siyasət yürütməlidir".