Fransanın Avropa və xarici işlər naziri Jan Noel Barronun Fransanın Azərbaycandakı səfirinin də istinad etdiyi iddialarını qətiyyətlə rədd edir və pisləyirik.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
O deyib ki, Fransanın siyasətindəki ikili yanaşma - sülh niyyətini bəyan edərkən münaqişəyə sürükləyən davranışlar - narahatlıq doğuran uyğunsuzluğu nümayiş etdirir:
"Belə ikiüzlü siyasət regionda davamlı sülh perspektivlərinə mane olur.
Fransanın Ermənistanı öldürücü silahlarla təmin etməsi, onun davamlı antiazərbaycan mövqeyi ilə yanaşı, sülh prosesinə xələl gətirir və bu xarici işlər naziri Jan Noel Barronun regional gərginliklə bağlı açıq şəkildə narahatlığını ifadə etməsi ilə tamamilə ziddiyyət təşkil edir.
Bundan əlavə, sülh müqaviləsi layihəsi üzərində işin yekunlaşdırılması mühüm hadisə olsa da, Fransa tərəfi yaxşı başa düşür ki, sülh sazişinin imzalanması və davamlı sabitlik digər məsələlərlə yanaşı, əsas problemlərin, xüsusilə də Ermənistanın Konstitusiyasındakı ərazi iddialarının aradan qaldırılmasını, habelə Minsk Qrupunun və ATƏT-in digər əlaqəli strukturlarının rəsmi şəkildə ləğvini tələb edir".
XİN rəsmisi vurğulayıb ki, bəşəriyyətə qarşı cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə proseslərinə maneçilik törədilməsi ölkənin suverenliyinə müdaxilə olmaqla yanaşı, dəhşətli qəddarlıqlara görə məsuliyyətin müəyyən edilməsi prosesini sarsıdır:
“Fransanın bu cür müdaxiləsi cinayətkarları qorumaqla, cəzasızlığın davamına xidmət edir. Fransa regional işlərimizə qarışmaq əvəzinə, təkcə Azərbaycan deyil, müxtəlif dövlətlər tərəfindən böyük tənqidlərə məruz qalan, xüsusən də dənizaşırı ərazilərində və Afrikada həyata keçirdiyi neokolonial siyasətindən əl çəkməlidir. Fransız neokolonializmi yerli əhalini və resurslarını istismar etməklə bərabər, həmişə fransız maraqlarını həmin dövlətlərin rifahından üstün tutub, habelə uzunmüddətli qeyri-sabitlik və etnik gərginlik yaradıb.
Heç kimə sirr deyil ki, Fransanın xarici siyasəti onun qondarma “sivilizasiya missiyası”nın mənəvi cəhətdən iflasa uğradığını nümayiş etdirir.
Sülhə xidmət etməyən və regionda sabitliyə xələl gətirən addımlara son qoymağı Fransadan tələb edirik”.
Milli Məclisin deputatı Asim Mollazadə "Sherg.az"a söyləyib ki, Fransanın Azərbaycana qarşı ədalətsiz və beynəlxalq hüquq normalarına zidd olan siyasətinin əsas səbəbi bu ölkədə çox zəngin, təşkilatlanmış erməni diasporasının fəaliyyətidir:

"Fransanın siyasəti məhz erməni diasporunun istəyi ilə uyğunlaşır. Bu istək isə yenidən revanş, müharibənin alovlanması və Ermənistanda faciələrin yaradılmasıdır. Çünki bu onlara öz maliyyələrini toplamağa, o cümlədən fəaliyyətlərini davam etdirməyə imkan yaradacaq. Erməni diasporu Fransanın parlamentində korrupsiyaya qurşanmış siyasətçiləri tapır və hökumətə təzyiqlər göstərirlər ki, məhz istəklərini həyata keçirsinlər. Həmçinin onların planı bölgədə münaqişəyə, gərginliyin artmasına hesablanıb. Çox təəssüf ki, Fransa bu siyasəti icra edərkən unudur ki, bütün beynəlxalq hüquq normalarını pozur. Eyni zamanda rəsmi Paris Cənubi Qafqaz regionuna gəlmə ehtimalı qazanmaq üçün Ermənistanda izdihamı artırmaq məqsədi güdür. Lakin bu qüvvələr nəyəsə nail ola bilməyəcəklər. Fransa əməlləri ilə sadəcə özünü dünyada biyabır edəcək".
Deputat vurğulayıb ki, çirki pulları yumaqla zənginləşən hərbi cinayətkar Vardanyanın müdafiəsinin arxasında da yenə siyasi korrupsiya durur:
"Yəni Vardanyanın şəbəkəsi hər zaman Avropada, Fransada geniş yayılıb. Buna görə də məhkəmədə onlar öz mövqeyini bu cür formada göstərdilər".