...Amma sui-istifadə təbii ki bəyənilməyən əməldir, şəhidliyə, qaziliyə kölgə salır
"Görürsən hansısa media orqanı, yaxud sosial şəbəkə isitfadəçisi yazır ki, filan şəhid valideyni ev tikdirib, obyekt açıb. Nə olsun? Şəhid anasının, şəhid övladının ev tikdirmək, obyekt açıb qazanc əldə etmək hüququ yoxdur?"
Arxa şüşəsində “Şəhid oğluyam, Qarabağ qazisi” sözləri həkk edilmiş avtomobil sahibinin əslində şəhid övladı, qazi olması şübhə doğurub. Avtomobilin görüntüsü sosial şəbəkələrdə yayılıb. Bildirilir ki avtomobilin sahibi polis geyimində gəzir, dəvət edilməyən məclislərə anasıyla birlikdə gəlir, şəhid, qazi adından sui-istifadə hallarına yol verirlər. Vətəndaşlar Daxili İşlər Nazirliyinə müraciət edərək bu şəxslərin kimliyinin müəyyən edilməsini istəyir.
Məlumat üçün deyək ki, avtomobillərin arxa şüşələrinə müxtəlif yazıların həkk edilməsi, şəhid, qazi fotoları ilə bəzədilməsi son dövrlər dəb halını aldı. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə xalqımızın ürəyini qürur hissi ilə doldurdu və şəhid fotolarının avtomobillərə vurulması, qələbəni, şəhidliyi vəsf edən ifadələrin yazılması ilk zamanlar rəğbətlə qarşılanırdı. Lakin sonra müəyyən vaxtlarda bəzilərinin şəhid, qazi adından sui-istifadə etdiyi məlum oldu.
Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev “Sherg.az”a açıqlamasında bildirdi ki, bu çox həssas məsələdir və hüdudları müəyyən etmək bəzən həqiqətən də çox çətin olur: 
- Müharibə iştirakçısı, veteran adından sui-istifadə halları sovet vaxtı, 1941-45-ci illər müharibəsindən sonra da yaşanırdı. Hətta bununla bağlı kino da çəkilmişdi. Şəhudlik, qazilik, həqiqətən də həssas məsələdir və özündə şərəf və ləyaqəti ehtiva edir. Əgər kimsə həqiqətən şəhid övladıdırsa, qazidirsə, avtomobilinə belə ifadə yazması normal, təbii qarşılanmalıdır. Şəhid ailələrinə, qazilərə, bəzən cəmiyyətimizdə münasibət birmənalı olmur. Görürsən hansısa media orqanı, yaxud sosial şəbəkə isitfadəçisi yazır ki, filan şəhid valideyni ev tikdirib, obyekt açıb. Nə olsun? Şəhid anasının, şəhid övladının ev tikdirmək, obyekt açıb qazanc əldə etmək hüququ yoxdur? Şəhid, qazi adından sui-istifadə başqa məsələdir. Bu araşdırılmalı, şəxsin kimliyi müəyyən edilməlidir. Amma şəhid ailəsinə, qaziyə deyək ki, ikinci bir ev tikdiyinə, ya da hardasa obyekt açdığına görə ittiham etmək düzgün deyil.
A.Əliyev bildirdi ki Birinci Qarabağ Müharibəsinin qazilərinə avtomobillərinə əlil arabası loqosu vurmağa rəsmi icazə vardı. Və qazilər bundan istifadə edirdilər. Lakin sonralar qazi olmayanlar da bu loqodan istifadə etməyə başladılar:
- Bəzən yol polisi bizim maşınları saxlayırdı, deyirdik, qaziyik, polis anlayışla qarşılayırdı, amma bunu da bildirirdi ki, indi çoxları bu loqonu avtomobilin ön şüşəsinə vurur, araşdıranda görürsən müharibə iştirakçısı, qazi deyil. Yəni, belə hallar olub, indi də ara-sıra baş verir. Bir müddət əvvəl, “20 Yanvar” dairəsində bir qazinin dilənməsi haqqında məlumat yayılmışdı. Ora gedib şəxslə görüşdük, sorğu-sual etdik, kimdir, nəçidir, məlum oldu ki, qazi deyil. Dedik, ay oğul, niyə hərbi paltar geyinmisən, özünü qazi kimi təqdim edirsən, dedi ki, belə olanda yaxşı pul verirlər. Yəni, xalqımızın şəhidə, qaziyə sonsuz hörməti var, amma sui-istifadə təbii ki bəyənilməyən əməldir, şəhidliyə, qaziliyə kölgə salır. 44 günlük Vətən müharibəsindən sonra xaqımızın, eləcə də şəhid ailələrinin, qazilərin müəyyən addımları anlayışla qarşılanırdı, amma daha bəsdir. Hər şeyin bir sonu var, sui-istifadə hallarına da son qoyulmalıdır.