“İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanma və infrastruktur layihələrinin sürətli genişlənməsi fonunda aktivlərin qiymətləndirilməsi artıq sadə texniki prosedur deyil, milli iqtisadiyyata inteqrasiyanın strateji alətinə çevrilmiş kompleks intellektual prosesdir. Bu proses yalnız mövcud vəziyyətin təsviri ilə kifayətlənmir, eyni zamanda gələcək iqtisadi dinamikanın modelləşdirilməsini və investisiya qərarlarının əsaslandırılmasını təmin edir”.
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) üzvü, “PRICE EXPERT” qiymətləndirmə şirkətinin təsisçisi və direktoru Hüseyn Talıbovun fikrincə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin investisiya cəlbediciliyinin müəyyən edilməsi ənənəvi qiymətləndirmə metodologiyalarının sərhədlərini aşan yanaşma tələb edir: “Bu regionlarda formalaşmış stabil bazar indikatorlarının olmaması qiymətləndiricinin fəaliyyətini yalnız ənənəvi müqayisəli və gəlir yanaşmaları ilə məhdudlaşdırmır. Əksinə onu daha kompleks, çoxölçülü və proqnoz yönümlü analitik metodlara yönləndirir. Burada ssenari əsaslı modelləşdirmə, həssaslıq təhlilləri və çoxvariantlı inkişaf proqnozları əsas alətlərdir. Qiymətləndirici qeyri-müəyyənlik mühitində ehtimal paylanmalarını nəzərə alaraq aktivin potensial dəyər diapazonunu müəyyən etməlidir”.
Ekspert vurğulayır ki, bu kontekstdə risk mükafatı anlayışı xüsusi əhəmiyyət kəsb edir: “Risk mükafatı yalnız statistik göstərici deyil, regionun spesifik reallıqlarının riyazi ifadəsidir. Mina təhlükəsizliyi ilə bağlı risklər, logistik marşrutların hələ tam formalaşmaması, təchizat zəncirlərinin ilkin mərhələdə olması və infrastrukturun inkişaf tempindəki qeyri-bərabərlik kapitalın maya dəyərinə birbaşa təsir göstərir. Lakin eyni zamanda dövlət tərəfindən təqdim olunan vergi və gömrük güzəştləri, subsidiyalar və institusional dəstək mexanizmləri bu risklərin əhəmiyyətli hissəsini neytrallaşdırır. Peşəkar qiymətləndirmə məhz bu iki istiqamətin, risk və təşviqin balansını dəqiq modelləşdirməlidir”.
Bu baxımdan qiymətləndirmə hesabatı yalnız statik sənəd deyil, dinamik analitik alət funksiyasını yerinə yetirməlidir. Hesabatda müxtəlif ssenarilər üzrə pul axınlarının proqnozlaşdırılması, diskont dərəcələrinin diferensiallaşdırılması və dövlət təşviqlərinin uzunmüddətli təsirinin kvantifikasiyası xüsusi yer tutur. Xüsusilə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi nəticəsində yaranan rəqəmsal infrastruktur, əməliyyat xərclərinin optimallaşdırılması və məhsuldarlığın artması kimi amillər aktivlərin gələcək dəyərinə əlavə artırıcı təsir göstərir.
Onun sözlərinə görə, dağıdılmış və ya tamamilə sıradan çıxmış mülkiyyətin qiymətləndirilməsi zamanı isə ənənəvi “əvəzləmə dəyəri” yanaşmasının yenidən interpretasiyası zəruridir: “Burada məqsəd keçmiş aktivin mexaniki şəkildə bərpası deyil. Müasir qiymətləndirmə fəlsəfəsi “köhnənin eynisi ilə əvəzlənməsi” prinsipindən imtina edərək, aktivin ən səmərəli və effektiv istifadəsi konsepsiyasına əsaslanır. Bu yanaşma çərçivəsində torpaq və digər aktivlər yalnız mövcud vəziyyətə görə deyil, onların potensial iqtisadi funksiyasına görə qiymətləndirilir. Məsələn, bir ərazinin aqrar istifadə üçün deyil, turizm və ya logistika mərkəzi kimi inkişaf etdirilməsi daha yüksək iqtisadi dəyər yarada bilər”.
Bunun üçün regional inkişaf strategiyaları, dövlət proqramları, nəqliyyat dəhlizləri, ixrac potensialı və demoqrafik proqnozlar qiymətləndirmə prosesinə inteqrasiya edilməlidir. Eyni zamanda, beynəlxalq qiymətləndirmə standartlarının tətbiqi ilə yanaşı, lokal bazarın xüsusiyyətlərini əks etdirən hibrid modellərin qurulması zərurəti yaranır. Bu, həm yerli, həm də xarici investorlar üçün daha şəffaf və müqayisə oluna bilən qərar mühiti formalaşdırır - müsahibimiz vurğulayır.
Əlavə edir ki, düzgün əsaslandırılmış diskont dərəcəsi və real risk mükafatı ilə qurulan qiymətləndirmə modeli Qarabağ və Şərqi Zəngəzuru yüksək qeyri-müəyyənlik zonasından çıxararaq proqnozlaşdırıla bilən investisiya məkanına çevirir: “Bu isə regionun yalnız bərpasına deyil, eyni zamanda rəqabətqabiliyyətli iqtisadi sistem kimi formalaşmasına xidmət edir. Beləliklə, müasir qiymətləndirmə fəaliyyəti azad olunmuş ərazilərdə həyata keçirilən iqtisadi transformasiyanın ayrılmaz hissəsi olmaqla yanaşı, kapitalın düzgün istiqamətləndirilməsini təmin edən əsas intellektual infrastrukturlardan biri kimi çıxış edir - deyə, Hüseyn Talıbov fikrini yekunlaşdırır.