Oyunlar və seriallardakı şiddət uşaqlarda cinayəti normal davranış kimi qəbul etdirmə riski yaradır
Sön günlər məktəblərdə ard-arda baş verən silahlı insidentlər insanın qanını dondurur. Ürküdücü məqamlardan biri də hadisələrin yeniyetmələr tərəfindən törədilməsidir.
Zehniyyətimiz “terrorçu” və ya “qatil” adını 16-19 yaşlı uşaqlara yaraşdıra bilmir. Türkiyənin Şanlıurfa və Kahramanmaraş bölgələrindəki təhsil ocaqlarında şagirdlərin yoldaşlarını və müəllimlərini hədəf alması insanlığa inancımızı sarsmağa başlayıb. Oxşar hadisə bir neçə ay əvvəl Bakıdakı “İdrak” liseyində də baş vermişdi. Gənclər qazandığı uğurlarla tanınmaq əvəzinə törətdiyi qətl hadisələri ilə məşhurlaşırlar. “Məşhurluq” meyarının pərdəarxasında isə “kabadayı” obrazı ilə uşaqların psixologiyasını alt-üst eləyən filmlər dayanır. Gənclərin onlara heyranlıq duyması zamanla həmin obrazlara çevrilməsinə səbəb olur. Bir vaxtlar valideynlər övladlarını məktəbə göndərərkən yalnız təhsilini düşünürdülər. Bu gün isə əsas qayğıları onların təhlükəsiz şəkildə evə qayıdıb-qayıtmayacağıdır.
Helə özünü dərk etməkdə çətinlik çəkən uşaqların cinayət törətmək üçün topladıqları cəsarət haradan gəlir?
Mövzu ilə bağlı uşaq psixoloqu Aygül Məlikova Sherg.az-a bildirib ki, virtual aləmlə real həyat arasındakı sərhədlərin qarışdırılması uşaqları cinayət törətməyə təşviq edir:
“Onlar xəyal dünyasında yaşadıqca, qətl və ya zorakılıq əməllərini adi hal kimi qəbul edirlər. Sosial platformalar və cinayət xarakterli qorxulu oyunlar uşaqların daxili dünyasında qətliam arzusunu coşdura bilər. Şiddət məzmunlu seriallarda qatil obrazının ideallaşdırılması və onun törətdiyi əməllərin cəzasız qalması uşaqlarda yanlış davranış modellərinin formalaşmasına səbəb olur. Bunu izləyən gənclər və yeniyetmələr həmin obrazın hərəkətlərini doğru addım kimi qəbul etməyə başlayırlar”.
Psixoloq uşaqları yanlış yerə istiqamətləndirən proseslərdən söz açıb:
“Hər birimiz "YouTuber"lərin şiddət xarakterli oyunları şərh edib, paylaşdıqlarının şahidi oluruq. Artıq yeniyetmələr oyundakı hadisələri normallaşdıraraq başqalarına zərər vermək üçün özlərinə psixoloji bəraət qazandırırlar. Təbii ki, bu hal bütün uşaqlara şamil olunmur. Hər bir uşağın hadisələrə yanaşma aspekti və psixoloji durumu fərqlidir. Hadisələrin dərk edilməsində mövcud olan boşluqlar yanlış nəticələrin yaranmasına gətirib çıxarır”.
A.Məlikova qeyd edib ki, cəmiyyətin ən böyük bəlalarından biri də valideynlərin övladlarının pis əməllərinə göz yummasıdır:
“Valideynlər uşaqlarında pis vərdiş və ya mənfi davranışlar müşahidə etsələr də, bunları gizlətməyə çalışırlar. “Mənim uşağım eləməz” meyarına o qədər fokuslanırlar ki, zamanla ona nəzarəti tamamilə itirirlər. Sonradan uşaqları ilə bacara bilmədiklərini bəhanə edərək məsuliyyəti üzərlərindən atmağa çalışırlar”.
Psixoloqun fikrincə, valideynlər cəmiyyətə uşaqlarının pis davranışlara meylli olmadığına inandıra bildiyi kimi, övladına da müəyyən qadağalar tətbiq edə bilər:
“Hətta bəzi valideynlər uşaqların dağıdıcı davranışlarını “atası da belə idi” arqumenti ilə normallaşdırmağa çalışır. Unutmaq olmaz ki, əsəbi və aqressiv uşaq yoxdur. Onu bu hala çatdıran, aqressiv hərəkətlərini adi hal kimi qəbul edən valideynlərdir. Uşaq ailənin aynasıdır. Əgər o, gördüyü aynada valideynlərin zorakı əməllərinə şahid olursa, zamanla həmin davranışların daşıyıcısına çevrilir”.
Sağlam cəmiyyət formalaşdırmaq üçün ilk növbədə valideynlərin psixoloji portretinə diqqət yetirmək lazımdır:
“Ailədaxili mühitdə dəyişiklik baş vermədiyi təqdirdə, uşağın dəyişməsini gözləmək absürddür. Mediada və təhsil müəssisələrində nə qədər maarifləndirmə və təbliğat işləri aparılsa da, fərdin formalaşmasında əsas rol ailəyə məxsusdur. Çünki uşağın davranışları, düşüncə tərzi və dəyərlər sistemi ilk növbədə ailə mühitində təşəkkül tapır”.