Rusiyanın Cənubi Qafqazdakı diktəedici mövqeyi zəifləyib - Tuna Tanman

"Ermənistan geosiyasi boşluqdan istifadə edir, Qərbə yönəlməyin səbəbi budur"

Ukrayna müharibəsindən sonra dəyişən qlobal və regional siyasi balans Cənubi Qafqazda da öz təsirini göstərməyə başlayıb. Xüsusilə Ermənistanın son dövrlərdə Avropa İttifaqı və Qərb strukturları ilə münasibətlərini genişləndirməyə çalışması, Rusiyanın bölgədəki ənənəvi təsir imkanlarının zəiflədiyi barədə müzakirələri daha da gücləndirib.

Belə ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, “Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqı (Aİ) arasında seçim etməlidir”. Rusiya rəsmisi bunun İrəvan üçün çox çətin bir seçim olduğunu iddia edib. 

Xarici siyasət üzrə tədqiqatçı Tuna Tanman Sherg.az-a bildirib ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun açıqlaması, Moskvanın Cənubi Qafqazdakı təsirini artıq əvvəlki vasitələrlə davam etdirə bilmədiyini göstərir:

"Rusiya, Ukrayna müharibəsinə qədər bölgə ölkələri üzərində, xüsusilə də Ermənistan nümunəsində, hərbi potensialı, təhlükəsizlik təminatları və regional nüfuzu sayəsində diktəedici mövqedə idi. Lakin müharibənin Moskvanın gözlədiyi şəkildə irəliləməməsi Rusiyanın hərbi, iqtisadi və diplomatik imkanlarını ciddi şəkildə zəiflədib. Bu vəziyyət Ermənistan kimi ənənəvi olaraq Rusiyadan asılı olan ölkələr üzərində tətbiq etdiyi təzyiq mexanizmlərinin zəifləməsinə səbəb olub.

Bu yeni şəraitdə Ermənistan həm yaranmış geosiyasi boşluqdan, həm də öz ictimaiyyətində Qərblə yaxınlaşma tələblərindən istifadə edərək Avropa İttifaqı və Qərb aktorları ilə münasibətlərini gücləndirməyə yönəlib. Moskva baxımından bu inkişaf yalnız Ermənistanın xarici siyasət istiqamətinin dəyişməsi anlamına gəlmir". 

Analitik qeyd edib ki, bu, eyni zamanda Rusiyanın əvvəlki nüfuz sahələrində zəifləmə yaşadığını da ortaya qoyur: 

"Bu səbəbdən Rusiyanın Ermənistandakı Qərbyönlü meyillərə reaksiya verməsi, Avrasiya xətti ilə yaxınlaşmanı müdafiə edən siyasi aktorları dəstəkləməsi və İrəvan üzərində ritorik təzyiq yaratmağa çalışması təəccüblü deyil. Lakin bu reaksiyalar Rusiyanın hələ də regional prosesləri müəyyənləşdirmə imkanına sahib olduğunu deyil, əksinə, bu imkanın daraldığını göstərir.

Hər nə qədər Rusiya nüvə dövləti və hələ də mühüm hərbi potensiala malik ölkə olsa da, yaxın gələcəkdə Ukrayna müharibəsindən əvvəlki regional nüfuz səviyyəsinə qayıtması çətin görünür. Müharibənin yaratdığı iqtisadi xərclər, hərbi aşınma, demoqrafik itkilər və diplomatik təcrid Moskvanın ətraf ölkələr üzərindəki təzyiq imkanlarını məhdudlaşdırır. Bu səbəbdən Ermənistanın Qərblə yaxınlaşma axtarışlarının geosiyasi şərtlərin imkan verdiyi ölçüdə davam etməsi gözlənilir". 

Ekspert vurğulayıb ki, bu meyil yalnız Ermənistana xas deyil: 

"Daha əvvəl Rusiya ilə yaxın əməkdaşlıq edən, lakin eyni zamanda Qərblə münasibətlərini gücləndirmək istəyən bir çox ölkə üçün də keçərli olan daha geniş transformasiyaya işarə edir. Rusiyanın əvvəlki nüfuz sahələrində artıq qeyd-şərtsiz bağlılıq yarada bilməməsi, Avrasiya coğrafiyasında güc balanslarının yenidən formalaşdığını göstərir".