Qazaxıstanda dövlət institutları gücləndirilir, yeni idarəçilik modeli qurulur - ŞƏRH

Qazaxıstan parlamentinin palatalarının birgə iclasında “Qazaxıstan Respublikasının Prezidenti haqqında” Konstitusiya qanununun qəbul edilməsi ölkənin siyasi idarəetmə sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Yeni qanunla ölkədə vitse-prezident vəzifəsinin yaradılması nəzərdə tutulur ki, bu da hakimiyyət tranziti, dövlət idarəçiliyinin davamlılığı və siyasi sabitliyin qorunması baxımından mühüm addım hesab olunur. Ekspertlərə görə, prezidentin təqdimatı və parlamentin razılığı ilə formalaşacaq bu institut gələcəkdə Qazaxıstanın siyasi sistemində əlavə balans və koordinasiya mexanizmi rolunu oynaya bilər.

Politoloq Elxan Şahinoğlu Sherg.az-a söyləyib ki, Kasım-Jomart Tokayev hakimiyyətə gəldikdən sonra ölkəsində dövlət institutlarını gücləndirmək siyasəti yürüdür:

“Bir müddət öncə referendum yolu ilə həyata keçirilən konstitusiya dəyişiklikləri də məhz bu siyasətin tərkib hissəsi idi. Vitse-prezident institutunun yaradılması isə dövlət institutlarının daha da irəliyə doğru institusionallaşdırılması deməkdir. Bu, həmçinin problemlərin həllinin sürətləndirilməsi anlamına gəlir. Hazırda Qazaxıstan sürətlə inkişaf edir. Hətta Mərkəzi Asiyanın aparıcı iki dövlətindən biridir. Ona görə də dövlət institutlarının bu formada institusionallaşdırılması, vitse-prezident institutunun yaradılması dövlət idarəçiliyində çevikliyi artırmaq məqsədi daşıyır. Qazaxıstanda parlamentin də funksiyaları artıb. Yəni bütün idarəetmə bir nəfərin - prezidentin ətrafında cəmləşmir. Prezident bu səlahiyyətləri parlament və vitse-prezidentlə paylaşır ki, bu da dövlət idarəçiliyində manevr imkanları üçün çox gözəl fürsətlər və şərait yaradır. Bu, addımlar ölkənin inkişafı və iqtisadi problemlərinin həlli istiqamətində mühüm addımlar atılacağının anonsunu verir”.