Qlobal enerji böhranı hamının qapısında – Azərbaycan hazırdırmı? – TƏHLİL

Yaxın zamanlarda "Financial Times" qəzetinə bir məqalə oxumuşdum. Qısa olaraq məqalə deyir ki, Yaxın Şərq münaqişəsinin yaratdığı qlobal enerji böhranı yay mövsümü yaxınlaşdıqca yeni bir mərhələyə qədəm qoyur.

Qəzetin məlumatına görə, təxminən 80 ölkə iqtisadiyyatlarını qorumaq üçün təcili tədbirlər görüb. Hətta məqalədə "Aberdeen Management" şirkətinin baş iqtisadçısı Pol Diqldən sitat gətirilərək deyilir: “Brent” markalı neftin bir barelinin qiyməti 180 dollara çata bilər”.

Qəzet qeyd edir ki, digər iqtisadçılar da qlobal ehtiyatların müşahidələr tarixində rekord sürətlə tükənməsi ilə neft qiymətlərində yeni bir artımı istisna etmirlər. Qəzetin sitat gətirdiyi Avropa nəqliyyat və turizm komissarı Apostolos Tsitsikostas bildirib ki, Yaxın Şərq münaqişəsi yaxın həftələrdə həll olunmazsa, "qlobal tənəzzül qaçılmaz ola bilər".

Ancaq məni düşündürən problemin təkcə Yaxın Şərqdə baş verən məsələlər ətrafında cərəyan etməsi reallığı deyil. Çünki Yaxın Şərqdə baş verənlər bəhs etdiyimiz enerji böhranını yaratmayıb. Bu böhran əvvəl də var idi. Sadəcə Yaxın Şərqdə yaşananlar prosesi sürətləndirir. 

Əslində (mənə görə) Yaxın Şərqdə yaşananlar prosesi sürətləndirməklə insanlığı oyatmaq, baş verənlərin, risklərin və gələcəkdəki fəalkətlərin fərqinə varmaları üçün ideal fürsətdir. Artıq qeyd etdiyim kimi, problem hansısa münaqişə mərkəzli deyil, münaqişələr sadəcə zərərləri artırmaqla prosesi sürətləndirir. Əslində isə, münaqişələr olmasa da, enerji böhranı qaçınılmaz reallıqdır və bunun üzərində böyüklər çox, orta gücdə ölkələr orta səviyyədə, zəiflər isə az olmasından asılı olmayaraq, bacardığı qədər baş sındırmalı və həll yolu tapmalıdırlar. 

Bəs enerji böhranı niyə qaçınılmazdır? Gəlin baxaq: 

Fosil yanacaqlardan asılılıq — Hər kəs bilir ki, neft, qaz və kömür ehtiyatları məhduddur.

Geosiyasi münaqişələr — Xüsusilə Rusiya–Ukrayna müharibəsi, Yaxın Şərqdə yaşananlar enerji bazarına ciddi təsir göstərmişdir.

İqlim dəyişikliyi — Ekoloji problemlər səbəbindən ənənəvi enerji istifadəsinə məhdudiyyətlər artır.

Enerji tələbatının artması — Əhali və sənaye artdıqca enerji istehlakı yüksəlir.

Əlbəttə, səbəbləri artırmaq olar. Ancaq bu sadalanan əsas faktorlar məsələnin mahiyyətini anlamağa kifayət edir. 

Bəs yaxşı, qlobal enerji böhranı tam reallaşarsa, yəni enerji əlçatmaz olarsa, insanlığı nə gözləyir?

1. İqtisadi sistemlərin çökməsinə şahid ola bilərik. Nəticədə zavodlar və istehsal müəssisələri dayanar, nəqliyyat sistemi (təyyarə, metro, yük maşınları) ciddi şəkildə məhdudlaşar, yaxud tam sıradan çıxar, qlobal ticarət zəifləyər, ərzaq və məhsul qıtlığı yaranar, internet və rəqəmsal xidmətlər fasilələrlə işləyər, yaxud birdəfəlik əlçatmaz olardı.

2. Ərzaq böhranı

Yanacaqla işləyən texnikalara, gübrə istehsalına, soyuducu sistemlərə əlavida deyərik. Nəzərə almalıyıq ki, bunlar olmadan kənd təsərrüfatındakı məhsuldarlığı saxlamaq qeyri-mümkündür. Yaxud daş dövründəki kimi, hamı öz məhsulunu özü əkməli olardı ki, beləcə müasir şəhər həyatı, mədəniyyət və texniki tərəqqi ilə birmənalı sağollaşmalıyıq.

3. Sosial və siyasi gərginlik

Enerjinin qıtlaşması o deməkdir ki, güclü ölkələr zəifləri əzməklə ehtiyaclarını ödəmək istəyəcəklər. Beləcə, enerji uğrunda dövlətlərarası rəqabət artacaq, etirazlar, miqrasiya dalğaları və siyasi qeyri-sabitlik yaranacaq.

4. Səhiyyə və gündəlik həyat əlçatmaz olacaq

Xəstəxanalar, dərman istehsalı və tibbi cihazlar elektrikdən asılıdır.

5. Texnoloji geriləmə

Əgər enerjiyə çıxış çətinləşər və ya mümkünsüz olarsa, serverlər, məlumat mərkəzləri, süni intellekt, peyk sistemləri kimi gələcəyin təməlləri ilə sağollaşmalıyıq. 

Təbii, bütün bunlar hələ “qaranlığa düçar olacağıq” demək deyil, çünki bəşəriyyət odu kəşf etmədən öncə belə ana təbiətin qoynunda yaşamağı bacarmışdı. Üstəgəl, enerji böhranı hələ o demək deyil ki, zülmət qaranlığa düçar olacağıq. Çünki ölkələr alternativ enerji mənbələrinə keçidi sürətləndirir, günəş və külək enerjisi ucuzlaşır, enerji saxlama texnologiyaları inkişaf edir, nüvə enerjisinə maraq yenidən artır.

Yəni hazırkı əsas risk “enerjinin tam yox olması” deyil, daha çox enerji qiymətlərinin yüksəlməsi, enerji bərabərsizliyi və bəzi regionlarda çatışmazlıqdır. Bunlar isə, torpaq və su savaşlarından sonra yeni savaş modelinin – “enerji savaşları”nın meydana çıxması ilə nəticələnə bilər. 

Bax bizim narahat olmalı olduğumuz iki nüansdan biri də budur. Birinci nüans o idi ki, necə edək ki, qlobal miqyasda təsirləri olacaq enerji böhranını əngəlləyək?! 

Təbii, Azərbaycan tək başına dünyanın yükünü qaldıra bilməz. Ümumiyyətlə, supergüc ölkələr belə bu mübarizədə təkbaşına nəticə əldə edə bilməzlər. Kim əksini iddia edirsə, “Don Kixot” dünyasında yaşayır. 

Qlobal enerji böhranını önləmək üçün bütün dünya eyni nöqtədə dayanmalıdır. Ən güclülər, orta səviyyəlilər və zəiflər – hər kəs problemin həllinə fokslanmalı, iqtisadiyyatını və sənayesini buna uyğun dizayn etməlidir. 

Bəs bu mümkündürmü? 

Birmənalı cavab budur: XEYR!

Əksinə, böyük dövlətlərin qlobal enerji böhranına hazırlığı fərqli olacaq. Onlar güc istifadə edərək, alternativ enerji resursları olan ölkələri nəzarət altına almağa, beləcə öz ehtiyyatlarını artırmağa çalışacaqlar. 

Bu nöqtədə bizim toxunacağımız ikinci nüans ortaya çıxır: Azərbaycan bu böhrana hazırdırmı? 

Diqqət etdinizsə, bizim qarşımızda bir neçə çağırış olacaq: 

1. Alternativ enerji mənbələrinə keçidi sürətləndirməliyik, günəş və külək enerjisi istehsalı artmalıdır, enerji saxlama texnologiyaları inkişaf etməlidir, nüvə enerjisi istehsalı başlamalıdır. 

2. Bunları edərkən böyük dövlətlərin hədəfi olmamaq üçün müdafiə mexanizmlərini də formalaşdırmalıyıq. 

Əslində birinci çağırışa az-çox başlamışıq. Düzdür tam nəticəyə çatmaq üçün çox çalışmaq laızmdır, ancaq Azərbaycan tərəfi problemi düzgün qiymətləndirənlər arasındadır və həlli üçün addımlar atır. Ancaq dediyimiz kimi, bu addımalr hələ lazımı səviyyəyə çatmayıb, işləri kəmiyyət və keyfiyyətcə genişləndirməliyik. 

İkinci çağırış isə, daha ciddi problemdir. Azərbaycan özünü böyük güclərdən qorumaq, onların təzyiqlərinə tab gətirmək üçün hərbi-siyasi gücünü enerji təhlükəsizliyi ilə birlikdə inkişaf etdirməlidir. Çünki enerji problemini həll etsək, bu dəfə güclü dövlətlərin hədəfinə çevriləcək, cazibədar enerji resursu kimi görünəcəyik. Siyasi təzyiqlərə tab gətirəcəyimiz təqdirdə, bu dəfə həri təzyiqlər ön plana çıxa bilər. Bunun üçün isə hərbi imkanlarımızı artırmalı, ən əsası, xaricdən asılılığı azaltmalıyıq. 

Hərbi və bütün növ texnologiyaların milliləşdirilməsinə, daxili istehsalın təhlükəsizliyimizin təminində əsas resursa çevrilməsi üçün milli layihələrin artırılmasına ehtiyac var. Elə bu gündən. 

Çünki qlobal enerji böhranı hamının qapısını döyməkdədir və biz, qapı döyüləndə qonağın kim olduğunu bilməli, onu qarşılamağa hazır olmalıyıq. 

Hərbi-siyasi ekspert Həşim Səhrablı