QHT-lər Türk dünyasının inteqrasiyasına mühüm töhfələr verəcək - Azər Allahverənov

Mayın 16-da “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu baş tutub. Tədbir Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilib.

Forumda 8 ölkədən olan vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə Türk dünyasını maraqlandıran aktual məsələlərə dair müzakirələr aparılıb.

Qeyd edək ki, ilk forum ötən il noyabrın 24-də keçirilib.

Milli Məclisin deputatı, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Platformasının baş katibi Azər Allahverənov Sherg.az-a TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumundan danışıb:

"Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu tarixi bir dövrdə baş tutmaqdadır. Mayın 15-də qədim Türk yurdu olan Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət başçlarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Mayın 17-də isə Bakı şəhərində XIII Ümumdünya Şəhərsalma Forumu öz işinə başlayır. Çox sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatı da şəhərsalma üzrə yüksəksəviyyəli dialoq prosesində iştirak etməklə yanaşı, bu tədbirdə həm də təşkilata üzv ölkələrin QHT-ləri də bu prosesdə yaxından iştirak edəcəklər.  2024-cü il fevralın 14-də Milli Məclisdə andiçmə mərasimində çıxışında Türk Dövlətləri Təşkilatı barədə danışan Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, “bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Türk dövlətləri arasında ortaq tarixi, etnik, mədəni və mənəvi bağlılıq əsasında formalaşan əməkdaşlıq müstəvisi türk dünyasını vahid ailə kimi bir platformada birləşdirir. Bu, regionu XXI əsrdə Avrasiyada nüfuzlu geosiyasi güc mərkəzinə çevirməkdədir. 

Sədr tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının günü-gündən güclənməkdə olan Türk dünyasının inteqrasiyasına böyük töhfə verdiyinin qürurverici hal olduğunu deyib:

"Məhz bu amal ilə uzun və şərəfli bir yola çıxan türk dövlətlərinin QHT-ləri bir araya gələrək 2025-ci il 25 noyabr qədim türk yurdu olan Naxçıvan şəhərində tarixi qərara imza atdılar. Belə ki, həmin gün 100-dən çox qeyri-hökumət təşkilatları təmsilçilərinin iştirakı ilə Türk Dövlətləri Təşkilatına Üzv Ölkələrin QHT-ləri Platformasının təsis konfransı keçirildi. Bu Platformanın Katibliyinin daimi əsaslarla məhz Bakıda fəaliyyət göstərməsinə dair qərar verildi. Təsis konfransında iştirak edən türk dünyası QHT-ləri ortaq tariximizdən, mədəni bağlılıqlarımızdan, həmrəylik, əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərindən irəli gələrək, Türk dünyası çərçivəsində sosial, humanitar və cəmiyyətlərarası əlaqələrin inkişafında və dərinləşməsində vətəndaş cəmiyyətinin oynadığı mühüm rolu xüsusilə qeyd etdi. Belə bir Platformanın yaradılmasına yekdilliklə qərar verdilər. Bu gün Platforma ortaq tariximizdən, mədəni bağlılıqlarımızdan, həmrəylik, əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərindən irəli gəlir. Türk dünyası çərçivəsində sosial, humanitar və cəmiyyətlərarası əlaqələrin inkişafında və dərinləşməsində, QHT-ləri arasında birlik və həmrəyliyin gücləndirilməsində mühüm rol oynamaqdadır. Türk xalqları arasında diplomatiyanın, dialoqun, mübadilələrin dərinləşməsi məqsədilə QHT-lər arasında potensialın artırılması vacibdir. Təcrübə və bilik mübadiləsinin geniş şəkildə təşviq olunması istiqamətində öz işini quran Platforma qısa müddət ərzində iki-üç və çox tərəfli tədbirlərin keçirilməsinə nail olubdur. Belə ki, bu müddət ərzində Katibliyin təşəbbüsü ilə Türkiyə, Qazaxıstan, Şimali Kipr Türk Respublikasının QHT-lərinin və beyin mərkəzlərinin iştirakı ilə tədbirlər keçirilib". 

Parlamentari qeyd edib ki, bu dövlətlərin diplomatik qurumlarının təmsilçiləri ilə görüşlər təşkil olunub:

"Türk dövlətlərinin media subyektlərində Platformanın fəaliyyətinə dair məlumatlar yer alıb. Bununla yanaşı cari ilin noyabr ayınadək Platformanın fəaliyyət spektrinin genişləndirilməsi üçün həm əməliyyat, həm də institusional səviyyədə bir sıra işlər yerinə yetiriləcək. O cümlədən bu təsisatın hüquqi statusuna və inkişaf strategiyasına dair qərarların verilməsi nəzərdə tutulur. Bu məsələlərdə hər birinizin tövsiyə və dəstəyinə ehtiyac var ki, yalnız belə olduğu təqdirdə biz daha güclü və qətiyyətli ola bilərik. Biz şərəfli bir yolun astanasındayıq. Ümid edirik ki, Platformamızda təmsil olunan QHT-lərin yaxın gələcəkdə həyata keçirməsi planlaşdırılan birgə layihə və fəaliyyətlər xalqlarımız arasında həmrəyliyin möhkəm təməllər üzərində bərqərar olmasına əlverişli şərait yaradacaq". 

Deputat QHT-lərin eyni zamanda Türk dünyasının inteqrasiyasına mühüm töhfələr verəcəyini bildirib:

"Katibliyin adından Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunun keçirilməsinə dəstək olan bütün şəxslərə, xüsusilə də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kollektivinə dərin təşəkkürümü bildirirəm.  

Yaşasın Türk dünyası!

Yaşasın Türk həmrəyliyi!".