Makronun özbaşına siyasəti Aİ-nin imicini sarsıdır - POLİTOLOQ

“Sərhədi keçə bilməyən Fransa Ermənistana necə dəstək verəcək?”

“Yeni dünya nizamı Rusiyanı Azərbaycan reallığını qəbul etməyə məcbur etdi”

Fransa prezidenti Emmanuel Makronun Ermənistan ərazisindən quru sərhədi vasitəsilə Türkiyəyə keçmək cəhdinin uğursuz olması, rusiyalı diplomatların tənqid obyektinə çevrilib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova şəxsi teleqram hesabında Makron və Zelenskinin İrəvana səfərinə ironik reaksiya verib.

Diplomat, Avropa dəyərlərinin əsl mahiyyətinin ittifaqda təmsil olunan bəzi simaların davranışlarında açıq şəkildə göründüyünü bildirməklə, Makronu məsxərəyə qoyub. Son zamanlar Ermənistanın Avropa İttifaqına meyilli siyasəti, Rusiya dairələrinin etiraz ruhunu alovlandırıb. Xüsusilə də Paşinyanın Rusiyadan gələn təhdidlərə qarşı Aİ-dən xüsusi missiya istəməsi, Moskva-İrəvan münasibətlərini gərginləşdirib. Zaxarova açıq şəkildə Paşinyan hökumətinə missiyanın Ermənistanın daxili işlərinə qarışmasına imkan verməməsi ilə bağlı xəbərdarlıq edib.

Mövzu ilə bağlı politoloq İlqar Vəlizadə Sherg.az-a bildirib ki, Rusiya və Avropa İttifaqı arasındakı münasibətlər Ukraynaya göstərilən dəstəyə və Moskvaya qarşı ard-arda həyata keçirilən sanksiyalar paketinə görə gərginləşib:

“Bir-birinə qənim kəsilən ölkələr yaranan ən kiçik hadisəni belə fürsət bilib, məxsərəyə qoyurlar. Fransa kimi güclü bir dövlətin prezidentinin Türkiyə sərhədindən keçə bilməməsi, Rusiya diplomatlarına tənqid üçün əsas verib. Tarix boyu Fransa siyasi dəst-xəttini reallıqlara əsasən həyata keçirməyib. Makron öz ambisiyalarını digər ölkələrin maraqlarından üstün tutur. Zaxarova əslində, Fransa prezidentinin atdığı addımın nəticəsiz qalmasını, Avropa İttifaqına üzv ölkələrin səriştəsizliyi kimi təqdim etməyə çalışır. Zaxarova belə bir sətiraltı mesaj verir: Sərhədi keçməkdə belə aciz qalan Aİ ölkəsi, Ermənistana hansı dəstəyi və köməyi göstərə bilər?” 

Politoloqun sözlərinə görə, Fransa höküməti digər ölkələrin maraq və arzu-istəklərini nəzərə almalıdır:

“Cənubi Qafqazda əsas güc mərkəzlərindən biri Azərbaycandır. Bunu Rusiya hökuməti də qəbul etməyə başlayıb. Azərbaycanla Rusiya arasında münasibətlərin yenidən canlanması da məhz bunun nəticəsidir. Bəzi Avropa ölkələri xüsusilə də Fransa bu reallıqları nəzərə almaq istəmir. Ona görə də Makronun özbaşına hərəkəti Azərbaycan, Türkiyə və Rusiya tərəfindən xoş qarşılanmayıb. Əvvəllər Rusiya da öz maraqları naminə hərəkət edirdi. Yeni dünya nizamı zamanla Moskvanı, maraqlarını Azərbaycanın möhkəmlənən mövqeyi üzərində qurmağa vadar etdi”.

İ.Vəlizadə qeyd edib ki, Rusiya-Avropa münasibətləri, Azərbaycan-Avropa əlaqələrindən fərqlənir:

“Rusiyanın imici Avropa üçün kifayət qədər korlanmış sayılır. Avropanın nüfuzu da Rusiyanın nöqteyi-nəzərindən zəif görünür. Əsas odur ki, Aİ-nin imici Azərbaycanın gözündən düşməsin. Çünki ölkəmiz, təşkilata üzv ölkələrlə nəqliyyat, logistika, təhsil, rəqəmsallaşma, texnologiya, humanitar və institusional sahələrdə əməkdaşlıq həyata keçirir. Əgər Avropa İttifaqı Azərbaycanla əlaqələrin güclənməsini arzulayırsa, Makron kimi liderlərin özbaşına davranışlarının qarşısını almalıdır”.