Millət vəkili: “Bu miqyasda yenidənqurma dünyada çox az ölkəyə nəsib olub”

Aqil Abbas: “Qarabağda həyata keçirilən layihələr dünyada nadir görünən quruculuq nümunəsidir”

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesi Azərbaycanın müasir inkişaf strategiyasının ən mühüm istiqamətlərindən birinə çevrilib. Bu proses yalnız dağıdılmış yaşayış məntəqələrinin yenidən qurulması deyil, eyni zamanda yeni şəhərsalma modelinin formalaşdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr müasir texnologiyalar, ekoloji dayanıqlılıq və innovativ idarəetmə prinsiplərinə əsaslanaraq “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını özündə birləşdirir. Azərbaycan qısa müddət ərzində sıfırdan yeni şəhərlər, kəndlər, yollar, hava limanları və sosial infrastruktur qurmaqla postmünaqişə dövründə unikal şəhərsalma nümunəsi ortaya qoyur. Bu model artıq beynəlxalq səviyyədə də diqqət çəkir. Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına verdiyi müsahibədə vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və yaşıl enerji layihələri münaqişədən sonrakı dövr üçün yeni inkişaf modeli formalaşdırır. Prezident bildirib ki, tarixi və memarlıq irsinin qorunması ilə müasir şəhərsalma yanaşmaları arasında balans yaradılması Azərbaycanın əsas prioritetlərindən biridir. Bu baxımdan işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri təkcə Azərbaycanın daxili inkişaf siyasətinin göstəricisi deyil, həm də dünya şəhərsalma təcrübəsində innovativ və dayanıqlı inkişaf modeli kimi qiymətləndirilə bilər.

Millət vəkili Aqil Abbas Sherg.az-a açıqlamasında bildirib ki, Qarabağda dünya standartlarına uyğun, hətta bir çox hallarda onlardan da üstün şəhərlər və kəndlər salınır:

“ Mən onların hamısında olmuşam- həm kəndləri, həm də şəhərləri gəzib görmüşəm. Doğrudan da görülən işlər yüksək səviyyədədir.Dünyaya göstərildi ki, sıfırdan başlayaraq böyük ərazilərdə yenidən şəhərlər qurulur, insanlar öz doğma torpaqlarına qayıdır, həyat yenidən canlanır. İnsanlar evlərinə, işlərinə və normal yaşayışlarına qovuşurlar. Bu, dünyada nadir görünən böyük quruculuq nümunəsidir”.

Parlamentari qeyd edib ki WUF13 kimi tədbirlərin Bakıda keçirilməsi də təsadüfi deyil:

“Bu, Azərbaycanın artan nüfuzunun, beynəlxalq imicinin və dünyaya özünü uğurla təqdim etməsinin göstəricisidir. Dünyaya nümayiş etdirilir ki, Azərbaycanda necə genişmiqyaslı və müasir layihələr həyata keçirilir. Eyni zamanda Bakı şəhərinin inkişafı da hər kəsin diqqətini cəlb edir. Şəhərin infrastrukturu, küçələri, abadlığı və ümumi görünüşü artıq bir çoxları üçün nümunəyə çevrilib. Bu mənada Bakı bu gün regionun ən diqqətçəkən şəhərlərindən biri kimi göstərilir. Prezident də çıxışlarında bunu xüsusi vurğulayırdı. Bildirirdi ki, baxın, dağıdılmış ərazilər sıfırdan yenidən qurulur, “ağıllı kənd”, “ağıllı şəhər” layihələri həyata keçirilir və tamamilə yeni bir yaşayış modeli formalaşdırılır”.