"...Ona görə, urbanisaziya məsələsi diqqətdə saxlanılmalı və regional iqtisadiyyatın inkişafı hədəf olmalıdır"
Ümumdünya Şəhərsalma Forumu zəruri müzakirə platformasıdır. Kifayət qədər geniş əhatəli və peşəkar səviyyədə keçirilən Ümumdünya Şəhərsalma Forumuna - WUF13-ə təbiətin şıltaqlığı əngəl ola bilməzdi.
Bu fikilərin müəllifi, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, strateji hədəfləri olan bu toplantıdakı çıxışları izləməyə çalışıb:
- Təbii olaraq burada Azərbaycan öz zəngin tarixi memarlıq ənənələrini, müasir şəhərsalma ilə bağlı modern təcrübəsini təqdim edir. Digər tərəfdən, dünyanın bir çox ölkələrindən gələn iştirakçılar, BMT-nin müxtəlif strukturlarının təmsilçiləri şəhərsalma ilə bağlı, ümumilikdə bu sahədə mövcud olan problemlər ətrafında çıxışlar edirlər. Hazırda kəskin iqlim dəyişikliyindən, müharibələrdən və digər səbəblərdən insanların yaşayışı üçün ən zəruri olan yaşayış evləri, şəhərlər dağılıb. Yoxsul ölkələrdə, təbii fəlakətlərə daha çox məruz qalan bölgələrdə belə problemlər kəskin şəkildə ortalığa çıxır. Qənaətim belədir ki, WUF13- Bakı Forumu bu sahədə çox əhəmiyyətli müzakirə məkanıdır. Təbii ki, heç bir ölkə, o cümlədən Azərbaycan təbii fəlakətlərdən, iqlim dəyişikliyinin yaradacağı problemlərdən sığortalanmayıb. Amma ekspertlərin təklifləri, zəruri müzakirələr heç şübhəsiz ki, modern şəhərsalma prosesində, mövcud çətinliklərin həlli yollarının tapılmasında mühüm bazaya çevrilə bilər. Toplantıda belə fikir dolaşır ki, gələcəkdə daha çox insan şəhərlərə üz tutacaq. Ola bilər Afrika qitəsində, yoxsul ölkələrdə belə hallar baş versin. Amma Azərbaycanda regionların sosial-iqtisadi vəziyyəti düzgün tənzimlənsə, yəni regional iqtisadiyyat inkişaf etsə, o zaman paytaxta üz tutanların sayı çox olmayacaq. Ona görə, urbanisaziya məsələsi diqqətdə saxlanılmalı və regional iqtisadiyyatın inkişafı hədəf olmalıdır. Çünki, iş yeri olan insan o səfalı təbiətdən uzaq düşüb paytaxta daimi yaşamaq üçün gəlməyəcək. Bu məsələlər kompleks yanaşma tələb edir. Nəhayət, bu gün bizi düşündürən Azərbaycanın şəhərsalma məsələsindəki mövcud problemlərin dərindən təhlil olunmasını, bu sahədə əhəmiyyətli addımların atılmasını və bu prosesdə ictimai nəzarətin təşkil edilməsinin zəruri olduğunu düşünürük.