20 may 2026-cı il tarixində Prezident və AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan TBMM-də keçirilən qrup toplantısında çıxış edib. O, siyasi fəaliyyətlərinin çətinliklər və risklərlə dolu olduğunu vurğulayaraq, “Biz bu yola çıxarkən həbsdə çürüməyi, işgəncəni, sui-qəsdi və hətta edamı gözə alaraq başladıq” deyib.
Sherg.az xəbər verir ki, Ərdoğan çıxışında siyasi həyatında çoxlu xəyanət, nankorluq və vəfasızlıq gördüyünü bildirib, lakin buna baxmayaraq mübarizəni davam etdirdiklərini qeyd edib. O, AKP-nin “çətin yolu seçən, mübarizə yolunu seçən” bir siyasi hərəkat olduğunu deyib.
Prezident çıxışında gənclərlə bağlı siyasətə də toxunub və hökumətin bütün gənclərə bərabər yanaşdığını, onlara dəstək verdiyini bildirib. O, həmçinin Türkiyənin gələcəyinin gənclərin əlində olduğunu vurğulayıb.
Ərdoğan CHP-ni tənqid edərək, müxalifətin gənclərlə bağlı siyasətini uğursuz adlandırıb və AKP-nin gənclərlə daha güclü əlaqə qurduğunu bildirib.
Çıxışında 15 iyul hadisələrinə və Cumhur İttifaqına da toxunan Ərdoğan, “Terörsüz Türkiyə” hədəfi üzərində çalışdıqlarını, ölkədə sabitlik və təhlükəsizliyin gücləndirilməsinin əsas məqsəd olduğunu qeyd edib.
Sonda o, “Bu yolda tək qalsam belə davam edərəm” deyərək siyasi missiyasını davam etdirməkdə qərarlı olduğunu bildirib.