Şəhərsalma artıq tikinti deyil, insan və gələcək strategiyasıdır
Son iyirmi ildə Bakı yalnız memarlıq baxımından deyil, düşüncə və həyat tərzi baxımından da ciddi dəyişikliklər yaşayan şəhərlərdən birinə çevrilib. Bu dəyişikliklərə kənardan baxan insan ilk növbədə yeni binaları, parkları, yolları və müasir infrastrukturu görür.
Siyasi şərhçi Azər Niftiyev Sherg.az-a bildirib ki, məsələnin daha dərin qatında şəhərə münasibətin dəyişməsi dayanır. Onun fikrincə, Prezidentin Ümumdünya Şəhərsalma Forumundakı çıxışında vurğulanan məqamlar da məhz bu gerçəkliyi ortaya qoyur: 
"Şəhərsalma artıq yalnız tikinti prosesi deyil, insan, ekologiya və gələcək arasında qurulan strateji münasibətdir.
Bu xüsusda bir zamanlar neft sənayesinin ağır mirası ilə yadda qalan Qara şəhərin bu gün Ağ şəhər kimi regionun ən müasir urbanizasiya nümunələrindən birinə çevrilməsi qeyd oluna bilər. Vaxtilə çirklənmə, sənaye tullantıları və boz mənzərə ilə assosiasiya olunan həmin ərazi indi şəhər daxilində yeni bir şəhər təsiri bağışlayır.
Bu transformasiya təkcə memarlıq uğuru deyil, həm də siyasi iradənin, iqtisadi strategiyanın və şəhər estetikası anlayışının birgə vəhdətidir. Ən vacibi isə odur ki, Bakı burada keçmişini dağıtmadan onu yenidən formalaşdırmağa nail olub.
Müasir şəhərsalmanın digər mühüm istiqaməti insanların yaşayış keyfiyyətinə verilən diqqətdir. Son illərdə paytaxtda yaradılan yüzlərlə park, abadlaşdırılmış ictimai məkanlar və yaşıllıq zonaları şəhərin nəfəsini dəyişib.
Şəhər artıq yalnız avtomobillər üçün deyil, insanlar üçün planlaşdırılır. Bu yanaşma xüsusilə ictimai nəqliyyat, metro infrastrukturu, elektrik avtobusları və mikromobillik həllərində özünü göstərir.
Dünyanın bir çox ölkəsində ekoloji şəhər konsepsiyası hələ müzakirə mövzusu olduğu halda Bakıda bu modelin elementləri artıq real həyata tətbiq edilir".
A. Niftiyev qeyd edib ki, Prezidentin çıxışında diqqətçəkən məqamlardan biri də şəhərsalma tarixində vaxtilə verilmis yanlış qərarların olması ilə bağlıdır:
"Urbanizasiya yalnız beton və şüşə demək deyil. Burada əsas məsələ insanın özünü şəhərdə necə hiss etməsidir. Rahatlıq, təhlükəsizlik, estetik zövq və ekoloji balans bir-birini tamamlamadıqda şəhər inkişaf etmiş görünür. Bu gün Bakı təkcə Azərbaycanın paytaxtı deyil, həm də regionun urbanizasiya mərkəzidir. “Sea Breeze”, Ağ şəhər, yeni parklar və müasir nəqliyyat sistemi ölkənin gələcəyə baxışını nümayiş etdirir.
Görünən budur ki, Bakı artıq keçmişin sənaye şəhəri obrazından çıxaraq insan və ətraf mühit harmoniyasını prioritet seçən müasir metropolis modelinə doğru irəliləyir.
Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi də təsadüfi deyil. Bu, Azərbaycanın artıq şəhərsalma mövzusunda yalnız öyrənən deyil, eyni zamanda təcrübəsini bölüşən tərəfə çevrildiyini nümayiş etdirir.
Şəhərlər dövlətlərin vizit kartıdır. Bakı isə son illərdə göstərdi ki, düzgün yanaşma və strateji baxış olduqda, hətta ən çətin urbanistik mirası belə yeni inkişaf modelinə çevirmək mümkündür".