Türk dövlətləri strateji üstünlük qazanır - Türk ekspertdən ANALİZ

"Türk dünyası romantik şüarlarla deyil, ortaq layihələrlə böyüyəcək” 

Türk dövlətləri arasında diqqət çəkən yaxınlaşma yaşanır. Bu yaxınlaşma artıq yalnız rəsmi səfərlərdə verilən isti mesajlarla məhdud deyil. Zirvələr, ortaq bəyanatlar, iqtisadi sazişlər, nəqliyyat layihələri, enerji xətləri, mədəni görüşlər və təhsil sahəsindəki təmaslar Türk dünyasının yeni bir dövrə daxil olduğunu göstərir.

Bir müddət əvvəl mediada yayılan TDT liderlərinin əl-ələ olan fotosu da bunu bariz olaraq sübut edir.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Medihanur Arğalı türk dövlətlərinin apardığı ortaqlıq və birlik siyasəti ilə bağlı Sherg.az-ın suallarını cavablayıb:

-TDT-nin güclənməsi nələri dəyişir və niyə bu qədər önəmlidir?

-Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər qardaş coğrafiyalar arasında getdikcə güclənən bu bağ, əslində uzun zamandır gözlənilən bir görüşün daha görünən hala gəlməsidir. Çünki bu ölkələr bir-birinə yad deyil. Dilləri oxşar, mədəniyyətləri qohum, tarixləri iç-içə keçmiş, sevincləri və acıları bir-birinə toxunmuş xalqlardan söz edirik. Lakin uzun illər boyunca bu yaxınlıq daha çox qəlblərdə qalmışdı. Bu gün isə qəlbdəki yaxınlığın dövlət siyasətlərinə, institutlara və konkret layihələrə çevrilməyə başladığı bir dövrə şahidlik edirik.

Türk Dövlətləri Təşkilatının güclənməsi də məhz bu səbəbdən vacibdir. TDT, Türk dünyasının yalnız keçmişə baxan bir xatirə birliyi olmadığını, gələcəyə yönəlmiş əməkdaşlıq zəmini qurmaq istədiyini göstərir. Ortak tarix əlbəttə dəyərlidir. Ortak mədəniyyət də çox qiymətlidir. Lakin bugünün dünyasında yalnız keçmişlə ayaqda qalmaq mümkün deyil. Dövlətlərin birlikdə istehsal, ticarət, böhranlara qarşı dayanıqlıq göstərə və xalqlarına daha yaxşı imkanlar təqdim edə bilməsi lazımdır.

-Regionda baş verənlərin bu inteqrasiya prosesinə təsirini necə oxuyursunuz?

-Bu gün dünyada böyük bir dəyişiklik baş verir. Qlobal tarazlıqlar əvvəlki kimi sabit deyil. Güc mərkəzləri yer dəyişdirir. Ticarət yolları yenidən formalaşır. Enerji təhlükəsizliyi bütün ölkələr üçün həyati bir məsələ halına gəlir. Müharibələr, regional böhranlar, miqrasiya hərəkətləri, iqtisadi dalğalanmalar və texnoloji transformasiya türk dövlətlərini daha diqqətli davranmağa məcbur edir.

-Bu yaxınlaşma daha çox siyasi seçimdir, yoxsa tarixi bir zərurət?

-Belə bir dövrdə Türk dövlətlərinin bir-birinə yaxınlaşması sıradan diplomatik seçim deyil. Bu, zamanın ruhunu düzgün oxuma cəhdidir.

Orta Asiyadan Qafqaza, Anadoludan Xəzərə uzanan geniş coğrafiya bu gün yenidən strateji dəyər qazanır. Bu coğrafiya Şərq ilə Qərb arasında təbii keçid sahəsidir. Tarix boyunca karvan yollarının, mədəniyyət mübadilələrinin, elm və ticarət mərkəzlərinin üzərində yüksələn bu xətt indi müasir nəqliyyat dəhlizləri və enerji layihələri ilə yenidən əhəmiyyət qazanır. Türk dövlətləri bu xəttin mərkəzində yer alır. Buna görə də onların arasındakı əməkdaşlıq yalnız öz gələcəkləri baxımından deyil, həm də regional sabitlik və qlobal ticarət baxımından diqqətlə izlənir.

-Təşkilatın real gücə çevrilməsi üçün hansı addımlar qaçılmazdır?

-TDT-nin güclənməsi, hər şeydən əvvəl Türk dövlətlərinin öz aralarındakı münasibətləri daha institusional bir zəmində qurması mənasına gəlir. Bir-birini sevən cəmiyyətlərin olması əlbəttə gözəldir. Lakin sevgi təkbaşına kifayət deyil. Sevginin yanında mütəmadi işləyən institutlar, ortaq hədəflər, qarşılıqlı etimad və uzunmüddətli layihələr də lazımdır. Zirvələrin keçirilməsi, ortaq qərarların qəbul olunması, nəqliyyat və ticarət sahələrində addımların atılması, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın artması bu baxımdan dəyərlidir.

-İqtisadi əməkdaşlığın Türk dünyasına təsiri nədir?

-Bu prosesin ən vacib yönlərindən biri iqtisadiyyatdır. Türk dövlətləri arasında ticarətin artması, investisiya mühitinin inkişaf etməsi, gömrük keçidlərinin asanlaşması və nəqliyyat xətlərinin güclənməsi xalqların həyatına birbaşa təsir edir. Bir ölkədən digərinə mal göndərmək asanlaşdıqda iş adamları daha çox tərəfdaşlıq qurur. Nəqliyyat xərcləri azaldıqda məhsullar daha sürətli və daha əlverişli şərtlərlə bazara çatır.

Ortaq sərmayələr artdıqda məşğulluq imkanları genişlənir. Buna görə Türk dünyası fikrinin həqiqi mənada güclənməsi iqtisadiyyatda əldə olunan konkret uğurlarla yaxından bağlıdır. Enerji sahəsi də bu yaxınlaşmanın mühüm başlıqlarından biridir. Xəzər hövzəsi, Orta Asiya resursları, Azərbaycanın enerji təcrübəsi və Türkiyənin tranzit ölkə mövqeyi birlikdə düşünüldükdə, Türk dövlətləri arasında güclü bir enerji əməkdaşlığı potensialının olduğu görünür. Enerji artıq yalnız iqtisadi bir məsələ deyil. Eyni zamanda təhlükəsizlik, müstəqillik və xarici siyasət məsələsidir. Buna görə də enerji xətlərində, bərpa olunan mənbələrdə və enerji təchizat təhlükəsizliyində qurulacaq tərəfdaşlıqlar Türk dünyasının əlini daha da gücləndirə bilər.

-Təhlükəsizlik sahəsində əməkdaşlıq niyə bu qədər vacibdir?

-Təhlükəsizlik məsələsi nəzərdən qaçırıla bilməz. Bu gün heç bir ölkə ətrafındakı proseslərdən tamamilə müstəqil şəkildə yaşaya bilmir. Qafqazdakı bir böhran Orta Asiyaya təsir edə bilər. Orta Asiyadakı bir təhlükəsizlik problemi isə Türkiyənin gündəminə daxil ola bilər. Enerji yollarındakı bir kəsinti, ticarət dəhlizlərindəki bir pozuntu bütün bölgəyə siraət edə biləcək gücdədir. Buna görə Türk dövlətlərinin təhlükəsizlik sahəsində daha çox məsləhətləşməsi, böhranları birlikdə dəyərləndirməsi və ortaq düşüncə formalaşdırması son dərəcə vacibdir.

Lakin burada incə bir məqamı da vurğulamaq lazımdır. Türk Dövlətləri Təşkilatının güclənməsi hər hansı bir ölkəyə qarşı düşmən bir cəbhə qurmaq mənasına gəlməməlidir. Bu prosesi belə oxumaq həm natamam, həm də yanlışdır. Əsas məsələ Türk dövlətlərinin öz aralarında daha güclü bir həmrəylik qurması, öz maraqlarını daha yaxşı müdafiə etməsi və regional sülhə töhfə verməsidir. Qardaşlıq hissi, sağlam düşüncə və sülh yönlü diplomatiya ilə birləşdikdə daha davamlı nəticələr doğurur.

-Fərqli xarici siyasət prioritetləri olan türk dövlətləri arasında balans necə qoruna bilər?

-Bu mənzərəni yalnız həyəcanla izah etmək olmaz. Türk dünyasının qarşısında ciddi sınaqlar var. Hər bir Türk dövlətinin öz xarici siyasət balansları, iqtisadi prioritetləri və regional həssaslıqları mövcuddur. Bəziləri Rusiya ilə dərin əlaqələrə malikdir. Bəziləri Çin ilə intensiv iqtisadi bağlar qurmuş vəziyyətdədir. Bəziləri Qərblə daha yaxın təmas içindədir. Türkiyənin gündəliyi, Qazaxıstanın prioritetləri, Özbəkistanın islahat prosesi, Qırğızıstanın ehtiyacları, Azərbaycanın isə təhlükəsizlik həssaslıqları fərqlidir. Bu fərqliliklər təbii və anlaşılandır.

Vacib olan, bu fərqliliklərə baxmayaraq ortaq bir zəmin yarada bilməkdir. Əslində, həqiqi birlik hər kəsin eyni düşünməsi demək deyil. Həqiqi birlik, fərqli şərtlərə malik ölkələrin ortaq maraqlarda görüşə bilməsidir. Türk dünyasının bu gün ehtiyac duyduğu da məhz budur. Böyük cümlələrdən çox səbirli diplomatiyaya, emosional ifadələrdən çox tətbiq oluna bilən layihələrə ehtiyac var.

-Mədəniyyət və təhsil sahəsinin bu prosesə təsiri nədən ibarətdir? 

-Mədəniyyət və təhsil sahəsi TDT-də xüsusi yer tutur. Çünki dövlətlər arasında imzalanan sazişlər vacib olsa da, xalqlar arasında qurulan bağ daha davamlıdır. Bir qazax gənci Türkiyədə təhsil aldıqda, bir türk tələbə Özbəkistanın tarixi şəhərlərini tanıdıqda, bir azərbaycanlı akademik qırğızıstanlı həmkarı ilə ortaq tədqiqat apardıqda Türk dünyası fikri kağız üzərində qalmır. Bu, insanların həyatında real qarşılıq tapır.

-Dil və kommunikasiya fərqlərinin yaratdığı problemləri necə aradan qaldırmaq olar? 

-Dil məsələsi də burada mühüm mövzudur. Türk ləhcələri arasında böyük oxşarlıqlar olmasına baxmayaraq, uzun illər ərzində fərqli əlifbalar, fərqli təhsil sistemləri və qırılmış kommunikasiya kanalları səbəbilə cəmiyyətlər bir-birini kifayət qədər tanıya bilməyib. Ortaq əlifba müzakirələri, nəşriyyat fəaliyyəti, ortaq media layihələri və mədəni proqramlar bu qopmanı azalda bilər. İnsanlar bir-birinin mahnısını, ədəbiyyatını, filmini, tarixini və gündəlik həyatını daha çox tanıdıqca qardaşlıq hissi daha səmimi bir hal alır.

-Gənclər Türk dünyasının gələcəyində hansı rolu oynayır?

-Əslində Türk dünyasının ən böyük gücü gənc nəsildir. Gənclər sərhədlərin o tayına daha asan baxa bilir. Rəqəmsal dünyada daha sürətli ünsiyyət qururlar. Ortaq layihələrə, sahibkarlığa, texnologiyaya və təhsilə daha açıqdırlar. Əgər TDT bu gənc nəsillərə real imkanlar yarada bilsə, yaxınlaşma yalnız dövlətlərarası bir proses olmaqdan çıxar. Yeni bir nəslin ortaq gələcək arzusuna çevrilər.

-Türkiyənin bu prosesdə rolu necə qəbul edilməlidir?

-Burada Türkiyənin də üzərinə mühüm vəzifələr düşür. Türkiyə tarixi irsi, iqtisadi potensialı, diplomatik təcrübəsi və mədəni təsiri ilə Türk dünyasında bir çəkiyə sahibdir. Lakin bu çəki diqqətlə istifadə edilməlidir. Qardaşlıq dili üstünlük dili ilə qarışdırılmamalıdır. Türk dünyasında davamlı etimad qurmağın yolu qarşılıqlı hörmətdən, bərabər tərəfdaşlıq anlayışından və hər ölkənin həssaslıqlarını nəzərə almaqdan keçir. Türkiyənin bu prosesdə konstruktiv, əhatəli və səbirli bir rol üstlənməsi böyük əhəmiyyət daşıyır.

-Azərbaycanın son illərdə artan regional rolu TDT-yə nə qazandırır?

-Azərbaycanın mövqeyi ayrıca məna daşıyır. Qarabağ zəfərindən sonra Azərbaycanın bölgədə artan özünəinamı Türk dünyası daxilində yeni bir dinamika yaratdı. Türkiyə ilə Azərbaycan arasındakı güclü bağ digər Türk dövlətləri ilə münasibətlərdə də ruhlandırıcı nümunə kimi qəbul edilir. Bakı Ankara ilə Orta Asiya arasında mühüm körpü rolunu oynayır. Xəzər üzərindən keçən nəqliyyat xətləri və enerji layihələri nəzərə alındıqda Azərbaycanın bu prosesdəki əhəmiyyəti daha da artır.

-Orta Asiya ölkələri bu böyük inteqrasiya modelində hanası mövqeyi tutur?

-Orta Asiya Türk respublikaları isə bu böyük mənzərənin mərkəzində yer alır. Qazaxıstan geniş coğrafiyası və enerji resursları ilə, Özbəkistan əhali gücü və islahat addımları ilə, Qırğızıstan mədəni canlılığı və strateji mövqeyi ilə, Türkmənistan isə enerji potensialı ilə Türk dünyasının əvəzolunmaz parçalarıdır. Bu ölkələrin hər biri öz yolunu gedərkən, TDT çətiri altında ortaq gələcək axtarışına töhfə verir.

-Türk xalqlarının gözləntiləri türk dövlətlərinin siyasəti ilə nə qədər üst-üstə düşür?

-Bütün bu gözəl mənzərəyə baxmayaraq, xalqların gözləntilərini unutmamaq lazımdır. İnsanlar böyük strateji cümlələrdən daha çox, həyatlarına toxunan nəticələri görmək istəyirlər. Bir tələbə təqaüd imkanlarının artmasını istəyir. Bir iş adamı sərhəd keçidlərinin asanlaşmasını istəyir. Bir ailə səyahət edərkən daha az bürokratiya ilə qarşılaşmaq istəyir. Bir sənətçi öz əsərini qardaş ölkələrdə daha rahat tanıtmaq istəyir. Bir fermer məhsulunu yeni bazarlara çıxarmaq istəyir. Bir gənc başqa bir Türk ölkəsində işləyə bilmək, təhsil ala bilmək və özünü inkişaf etdirmək yollarını axtarır.

Əgər Türk Dövlətləri Təşkilatı bu sahələrdə konkret nəticələr yarada bilsə, cəmiyyətlərin gözündə onun dəyəri daha da artar. Çünki institutları davamlı edən şey yalnız liderlərin iradəsi deyil. Xalqın o quruma inanması, onu öz həyatında hiss etməsi və ondan fayda görməsidir.

Bu gün Türk dünyasında yaşanan yaxınlaşma əslində gecikmiş bir tanışlığın yenidən başlaması kimidir. Bir-birini uzaqdan sevən qardaşlar indi eyni süfrəyə daha tez-tez otururlar. Bir-birinin dərdini daha yaxından dinləyirlər. Ortaq məsələlər üzərində daha çox danışırlar. Bu belə başlı-başına dəyərlidir.

-Bundan sonrakı mərhələlərdə gözləntilər nələrdir?

-Bundan sonrakı mərhələ daha önəmlidir. Çünki tarixi bağlar gözəl bir başlanğıc yaradır, lakin gələcəyi qurmaq üçün plan, zəhmət və qətiyyət lazımdır. Türk dünyası romantik cümlələrlə deyil, dəmir yolları ilə, limanlarla, məktəblərlə, universitetlərlə, texnologiya mərkəzləri ilə, ortaq sərmayələrlə və güclü diplomatiya ilə böyüyür. Qardaşlıq hissi bu quruluşun ruhudur. İnstitusional əməkdaşlıq isə bu ruhu ayaqda saxlayan bədəndir.

Türk Dövlətləri Təşkilatının güclənməsi Türk dövlətlərinin dəyişən dünyada tək qalmaq istəmədiyini göstərir. Bu, ortaq yaddaşın ortaq ağıla çevrilmə cəhdidir, keçmişdən gələn bağların gələcəyə daşınmasıdır, eyni dili fərqli ləhcələrlə danışan cəmiyyətlərin eyni ufqa baxma istəyidir.

-Bu proses uğurlu olarsa, 10-20 il sonra Türk dünyası necə bir mənzərəyə çevrilə bilər?

-Bu gün Türk dünyasının qarşısında böyük bir fürsət var. Bu fürsət yaxşı dəyərləndirilərsə, TDT yalnız iclaslarla xatırlanan bir təşkilat olmaz. Xalqların bir-birinə daha çox yaxınlaşdığı, ticarətin inkişaf etdiyi, gənclərin yeni imkanlar tapdığı, mədəniyyətin canlandığı və bölgənin daha güclü bir səs qazandığı davamlı quruluşa çevrilər.

Türk dünyası uzun müddət bir-birini qəlbdən tanıdı. İndi isə sıra bir-birini yollarla, məktəblərlə, layihələrlə, ticarətlə və ortaq institutlarla daha yaxından tanımaqdadır. Əgər bu həyata keçirilərsə, Türk Dövlətləri Təşkilatı yalnız bu günün deyil, sabahın da ən mühüm regional reallıqlarından biri halına gələr.