“Moskva və Pekin təkqütblü nizamı dağıtmaq istəyir”
Mayın 20-də Rusiya Prezidenti Vladimir Putinin Çinə rəsmi səfəri başa çatdı. Səfər Rusiya ilə Çin arasında imzalanmış Yaxşı Qonşuluq, Dostluq və Əməkdaşlıq Müqaviləsinin 25-ci ildönümünə həsr olundu.
Danışıqların əsas nəticəsi hərtərəfli tərəfdaşlığın və strateji əməkdaşlığın daha da gücləndirilməsi haqqında birgə bəyannamənin imzalanması oldu. Həmçinin səfər zamanı tərəflər ümumilikdə təxminən 40 sənədin imzalanmasını planlaşdırdı.
Maraqlısı bundan ibarətdir ki, Rusiya və Çin ortaq qərarla ABŞ-nin "Qızıl Qübbə" raket müdafiə layihəsini stratejik olaraq təhdit olduğunu söylədi.
Beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz Sherg.az-ın Rusiya-Çin münasibətlərinin yaxınlaşma səbəbləri və digər dövlətlərə, xüsusilə də ABŞ-yə təsiri barəsində suallarını cavablayıb:
-Putinin Çinə səfərini necə qiymətləndirirsiniz?
-Bu səfər sıradan diplomatik təmas deyil. Səfər qlobal güc balansları baxımından olduqca simvolik və strateji mesaj daşıyır.
Xüsusilə ABŞ Prezidenti Trampın təmaslarından dərhal sonra baş verməsi səbəbindən səfərin zamanlaması, təxminən 40-a yaxın sənəd, yüksək səviyyəli heyət tərkibi və birgə bəyanatlarda istifadə olunan dilin üslubu Rusiya-Çin xəttinin yeni dövrdə necə mövqelənəcəyini göstərir.
-Belə çıxır ki, Rusiya-Çin yaxınlaşması ABŞ əleyhinədir?
-Bəli. Lakin tam mənada bu, “hərbi ittifaq” deyil, daha çox ABŞ mərkəzli sistemə qarşı strateji balans yaratma cəhdidir.
Rusiya və Çinin birgə bəyanatda “çoxqütblü dünya nizamı”, “yeni beynəlxalq münasibətlər modeli”, “tək tərəfli təzyiqlərə qarşı çıxış” kimi vurğular etməsi birbaşa Amerika liderliyindəki mövcud nizama alternativ yaratmaq cəhdi kimi oxunur.
Lakin burada vacib bir neçə detal var. Çin ABŞ ilə iqtisadi əlaqələrini tamamilə kəsmək istəmir. Rusiya isə sanksiyalar səbəbindən Çin iqtisadiyyatından daha çox asılı vəziyyətə düşüb. Pekin Moskvanı strateji tərəfdaş kimi qoruyarkən Vaşinqtonla da nəzarətli rəqabət aparır.
Buna görə ortaya çıxan model belədir: ABŞ ilə rəqabət, Rusiya ilə strateji tərəfdaşlıq və Qlobal Cənubun liderliyi.
-Putinin səfəri Rusiya ilə Çin ABŞ-yə qarşı rəsmi blok yaratdı” mənasına gəlir?
-Xeyr. Putinin səfəri “Rusiya ilə Çin ABŞ-a qarşı rəsmi blok yaratdı” mənasına gəlmir.
Amma bu, “ABŞ mərkəzli təkqütblü nizamın əvəzinə alternativ güc mərkəzlərinin formalaşması” deməkdir.
Rusiya təhlükəsizlik və enerji gücü ilə, Çin isə iqtisadiyyat, texnologiya və istehsal gücü ilə bir-birini tamamlayan iki aktor kimi çıxış edir. ABŞ baxımından bu, uzunmüddətli strateji təzyiqi artıran bir inkişaf kimi qiymətləndirilir.
-Putin niyə bu qədər böyük heyətlə getdi?
-Beş baş nazir müavini, nazirlər, Mərkəzi Bank rəhbərləri, dövlət şirkətləri və iri biznes nümayəndələrinin iştirakı bunun yalnız siyasi deyil, həm də iqtisadi dayanıqlılıq zirvəsi olduğunu göstərir.
Rusiya enerji satışlarını, texnologiya və süni intellekt sahəsində Çin dəstəyini artırmaq, dollardan asılılığı azaltmaq, yuan-rubl ticarətini genişləndirməyə çalışır. Həmçinin Moskva Qərb sanksiyalarını Çin vasitəsilə balanslaşdırmaq istəyir. Xüsusilə Rusiyanın Çinə enerji ixracı və milli valyutalarla ticarət məsələsi kritik xarakter daşıyır.
-“Qızıl Qübbə" məsələsi niyə vacibdir?
-Rusiya və Çinin ABŞ-nin “Qızıl Qübbə” raketdən müdafiə layihəsini strateji sabitliyə təhdid kimi qiymətləndirməsi təsadüfi deyil.
Rusiya və Çinin baxışı belədir: Əgər ABŞ çox güclü və çoxqatlı raketdən müdafiə sistemi qurarsa, Vaşinqton mümkün böhranlarda daha aqressiv davranma imkanı əldə edər.
Moskva və Pekin bunun “nüvə çəkindirmə balansını” pozacağını bildirir. Xüsusilə kosmik əsaslı müdafiə elementləri və qabaqlayıcı zərbə imkanları strateji sabitlik üçün risk kimi qiymətləndirilir.
Bu səbəbdən iki ölkə artıq yalnız iqtisadi deyil, nüvə strategiyası, raketdən müdafiə, süni intellekt, kosmos, enerji təhlükəsizliyi sahələrində də ortaq mövqelər formalaşdırmağa çalışır.
-Bu səfər Türkiyə baxımından necə oxunmalıdır?
-Türkiyə üçün bu səfər bir neçə mesaj ehtiva edir. Dünya getdikcə daha aydın şəkildə çoxqütblü sistemə doğru gedir. ABŞ-Çin-Rusiya üçbucağı daha da sərtləşir.
Türkiyə, Hindistan, Körfəz ölkələri və Türk Dövlətləri Təşkilatı xəttindəki orta güclər daha mühüm rol qazanır.
Enerji, logistika dəhlizləri və müdafiə sənayesi yeni rəqabət sahələrinə çevrilir.
Türkiyə üçün balans siyasəti və çoxşaxəli diplomatiya daha da dəyərli olur.