İran məsələsi artıq nüvə proqramı deyil, böyük güclərin gizli savaşı başlayıb
"Qarşıdakı aylarda tammiqyaslı müharibədən daha çox nəzarətli gərginlik modelinin davam etməsi ehtimalı yüksəkdir"
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İrana qarşı münaqişənin diplomatik yolla həlli üçün gələn həftənin əvvəlinədək vaxt verməyə hazırdır və bu müddət ərzində hərbi əməliyyatların bərpasını təxirə salır.
Donald Tramp administrasiyasının İrana qarşı hərbi əməliyyatları müvəqqəti olaraq təxirə salması Yaxın Şərqdə yeni güc balansının dəyişdiyini göstərir. Bu qərar mühüm geosiyasi siqnal kimi qiymətləndirilir.
Vaşinqton sərt danışsa da, əslində həm müharibə riskini azaltmağa, həm də diplomatik yolları açıq saxlamağa çalışır. Görünən odur ki, ABŞ eyni anda həm təzyiq edir, həm də vəziyyəti nəzarətdə saxlayır.
Beynəlxalq münasibətlər üzrə ekspert Mehmet Gökhan Özçubukçu Sherg.az-ın ABŞ-İran müharibəsi ilə bağlı suallarını cavablayıb:
- Tramp administrasiyasının İrana qarşı əməliyyatları təxirə salmasını necə oxuyursunuz?
-Donald Tramp administrasiyasının İrana qarşı hərbi əməliyyatları müvəqqəti olaraq təxirə salması, son dövrlərdə Yaxın Şərqdə formalaşan yeni geosiyasi balansı anlamaq baxımından olduqca mühüm bir inkişafdır.
Vaşinqtondan gələn açıqlamalar ilk baxışda sərt və təhdidedici görünsə də, pərdə arxasında daha mürəkkəb diplomatik proseslər gedir. Trampın “iki və ya üç gün, bəlkə həftənin əvvəlinə qədər gözləyə bilərik” kimi ifadələri ABŞ-nin hərbi variantı tamamilə gündəmdən çıxarmadığını göstərir. Lakin eyni zamanda dərhal genişmiqyaslı müharibəyə başlamaq istəmədiyini də ortaya qoyur.
Xüsusilə İranın nüvə potensialı ilə bağlı ritorikanın yenidən ön plana çıxarılması ABŞ-nin klassik “maksimum təzyiq” strategiyasını davam etdirdiyini göstərir. Bununla yanaşı diplomatiya qapısının açıq saxlanılması Vaşinqtonun regional müharibə riskini nəzarətli şəkildə idarə etməyə çalışdığını əks etdirir.
-Körfəz ölkələrinin prosesə təsiri nədən ibarətdir?
-Burada diqqət çəkən ən mühüm məqamlardan biri Körfəz ölkələrinin prosesə təsiridir. Başda Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri olmaqla Körfəz monarxiyaları son illərdə İranla böyük müharibənin onların təhlükəsizliyi baxımından ciddi nəticələr doğura biləcəyini daha aydın şəkildə dərk etməyə başlayıblar.
Xüsusilə enerji obyektləri, neft ixrac marşrutları, dəniz ticarəti və investisiya təhlükəsizliyi kimi amillər nəzərə alındıqda regional müharibənin yalnız İran və ya İsraili deyil, bütün Körfəz iqtisadiyyatlarını sarsıdacağı aydındır.
Bu səbəbdən Körfəz ölkələri bir tərəfdən ABŞ ilə strateji münasibətləri davam etdirir, digər tərəfdən isə İranla nəzarətli dialoq kanallarını açıq saxlamağa çalışırlar. Trampın əməliyyatları təxirə salmaq qərarında da bu ölkələrdən gələn diplomatik təzyiqin mühüm rol oynadığı qiymətləndirilir.
-İran nüvə proqramı ilə bağlı yumuşalmalara getsə, müharibə bitə bilərmi?
-Bugünkü mənzərəyə baxdıqda mövcud böhran bir neçə günlük gərginlikdən ibarət deyil. Əksinə, uzunmüddətli regional güc mübarizəsinin bir hissəsidir.
Çünki İran məsələsi artıq yalnız nüvə proqramı müzakirəsi ilə məhdudlaşmır. Mövzu eyni zamanda Yaxın Şərqdə güc balansı, enerji yolları, Çinin bölgəyə artan təsiri və Rusiyanın strateji hesablamaları ilə də əlaqəlidir.
Həmçinin İsrailin təhlükəsizlik yanaşması da bu prosesə birbaşa təsir edir. Buna görə də baş verənləri yalnız “ABŞ-İran gərginliyi” kimi izah etmək kifayət etmir. Burada çoxqatlı geosiyasi rəqabət mövcuddur.
Vaşinqton baxımından İranın yalnız nüvə fəaliyyəti deyil, regional nüfuzu da əsas təhdid kimi qiymətləndirilir. Xüsusilə İraq, Suriya, Livan və Yəmən xəttində İrana yaxın strukturların təsiri ABŞ və İsrail üçün ciddi təhlükəsizlik problemi yaradır.
İran isə bu regional şəbəkələri öz müdafiə doktrinasının bir hissəsi kimi görür. Tehran rəhbərliyi hesab edir ki, birbaşa hərbi potensialla yanaşı vəkil qüvvələr də çəkindirici güc yaradır.
Buna görə də İranın yalnız nüvə proqramı üzərindən təzyiqə məruz qalmasını Tehran daha geniş strateji mühasirə kimi qəbul edir. Bu mühasirə rejim təhlükəsizliyinə yönəlmiş təhdid kimi qiymətləndirilir.
-İsrail faktorunun hadisələrə necə təsir edir?
-İsrail faktoru da son dərəcə müəyyənedicidir. İsrail uzun müddətdir İranın nüvə potensialını “mövcudluq təhdidi” kimi xarakterizə edir.
Təl-Əviv rəhbərliyi İranın uranın zənginləşdirilməsi fəaliyyətlərini qəbuledilməz hesab edir. Buna görə İsrail Vaşinqton üzərində təzyiqi artırır. O, İrana qarşı daha sərt addımların atılmasını müdafiə edir.
Lakin ABŞ daxilində bu məsələdə tam fikir birliyi yoxdur. Amerika təhlükəsizlik bürokratiyasının bir hissəsi genişmiqyaslı müharibənin risklərindən narahatdır. Onlar hesab edirlər ki, belə bir müharibə Əfqanıstan və İraq kimi uzunmüddətli qeyri-sabitlik yarada bilər.
-Hörmüzlə bağlı problemlərin dünya iqtisadiyyatına təsiri nə oldu?
-Hörmüz boğazı ətrafındakı vəziyyət qlobal iqtisadiyyat üçün kritik əhəmiyyət daşıyır. Çünki dünya neft ticarətinin böyük hissəsi bu marşrutdan keçir.
Burada baş verəcək ciddi böhran yalnız regional deyil, qlobal iqtisadi nəticələr də doğura bilər.
İran baxımından Tehran rəhbərliyi ABŞ ilə birbaşa total müharibəyə girmək istəmir. Çünki iqtisadiyyat uzun illərdir sanksiyalar altında ciddi təzyiqə məruz qalır.
Yüksək inflyasiya və valyuta böhranı da rejimin imkanlarını məhdudlaşdırır. Lakin İran eyni zamanda geri addım atan tərəf kimi görünmək istəmir.
Buna görə nəzarətli cavab strategiyası ön plana çıxır. İran bir tərəfdən sərt ritorikasını davam etdirir, digər tərəfdən isə müharibənin genişlənməsinin qarşısını almağa çalışır.
-ABŞ qurudan hücuma keçə bilər?
-Tramp administrasiyası baxımından da proses həssas şəkildə idarə olunur. ABŞ ictimaiyyətində uzunmüddətli Yaxın Şərq müharibələrinə qarşı ciddi yorğunluq var.
Əfqanıstan və İraq təcrübələri böyük maliyyət müzakirələrinə səbəb olub. Buna görə Vaşinqton birbaşa quru müharibəsindən uzaq durmağa çalışır.
Onun yerinə daha çox texnologiya əsaslı məhdud əməliyyatlara və iqtisadi təzyiqə üstünlük verir.
-Bəs Çin və Rusiya necə?
-Çin və Rusiya faktoru da bu prosesdə mühüm rol oynayır. Çin Yaxın Şərqdə iqtisadi və diplomatik təsirini artırıb.
İranla enerji sazişləri olan Pekin böyük müharibənin baş verməsini istəmir. Çünki enerji təhlükəsizliyi onun üçün əsas prioritetdir.
Rusiya da İranı Qərbə qarşı balans elementi kimi görür. Ukrayna müharibəsindən sonra Moskva–Tehran yaxınlaşması daha da güclənib.
Mövcud böhran qısamüddətli gərginlik deyil. O, daha dərin geosiyasi transformasiyanın bir hissəsidir.
Qarşıdakı dövrdə tammiqyaslı müharibə ehtimalı tam istisna olunmasa da, nəzarətli təzyiq modeli daha real görünür.
Yeni Yaxın Şərq düzəni formalaşır. Bu düzəndə diplomatiya, hərbi çəkindiricilik və enerji təhlükəsizliyi paralel şəkildə rol oynayır.
Bu səbəbdən proses yalnız Vaşinqton və Tehran arasındakı böhran kimi deyil, qlobal güc mübarizəsinin yeni mərhələsi kimi qiymətləndirilməlidir.
-Müharibə vəziyyəti nə qədər davam edəcək?
-Burada klassik müharibə modelindən daha çox hibrid qarşıdurma nəzərdə tutulur.
Qarşıdakı aylarda tammiqyaslı müharibədən daha çox nəzarətli gərginlik modelinin davam etməsi ehtimalı yüksəkdir.
Bu model çərçivəsində hava hücumları, kiber əməliyyatlar və dəniz təhlükəsizliyi böhranları baş verə bilər. Həmçinin vəkil qüvvələr vasitəsilə qarşıdurmalar da davam edə bilər.