Türk dünyasının ortaq tarixi, mədəni kökləri və geosiyasi maraqları bu gün yenidən diqqət mərkəzinə çevrilməkdədir. Bu kontekstdə hər il 3 may tarixi xüsusi əhəmiyyət daşıyır və Türkçülük Günü kimi qeyd olunur. Bu günün yaranması 1944-cü ildə baş vermiş tarixi hadisələrlə bağlıdır. Həmin hadisələr Türkçülük düşüncəsinin ideoloji formalaşmasında mühüm mərhələ hesab edilir. Zamanla bu tarix yalnız bir xatirə günü deyil, eyni zamanda türk xalqları arasında birlik, həmrəylik və ortaq gələcək ideyasının simvoluna çevrildi.
Qloballaşan dünyada dövlətlərarası əməkdaşlıq modelləri dəyişdikcə, eyni dil, mədəniyyət və tarixi köklərə sahib xalqların bir araya gəlməsi məsələsi də aktuallaşır. Bu baxımdan Türkçülük Günü ideoloji yaddaşın qorunması ilə yanaşı, türk birliyi ideyasının bugünkü reallıqlar və perspektivlər fonunda yenidən dəyərləndirilməsinə də imkan yaradır.
Türkiyə Müxbir Qazilər Dərnəyinin başçısı, Kıbrıs qazisi Beyazıt Yumuk 3 may türkçülük günü ilə bağlı Sherg.az-a danışıb:
-3 may tarixi sizin üçün nə ifadə edir?
-Böyük ictimai xadimimiz Ziya Göyalp belə deyib: "Börteçinə qurdun adı, Ərgənəkon yurdun adı, dörd yüz il dayandın, haydı, çıx, ey yüz min nizəmiz!".
Məşhur yazıçımız, şairimiz Ziya Göyalp keçmişdən gələcəyə Türk uluslarının birləşib Turan Birliyinin qurulması istiqamətində ilk qığılcımları yandıran yazıçılarımızdan biridir. Biz də hər zaman Türkün Türkdən başqa dostu olmadığı üçün bu fikrin ətrafında birləşməliyik. Bu gün dünya üzərində olan Türk dövlətlərinin birləşərək bir Türk birliyi, bir Turan birliyi yaratması istiqamətində ümidimiz davam edir.
3 may mərhum Nihal Atsızın Səbahattin Əli ilə bağlı yazdığı məqaləyə görə ortaya çıxan məhkəmə prosesində həbs olunmasına qarşı baş verən hərəkatın nəticəsi olaraq formalaşdı.
Həmin tarixdən etibarən, yəni 1944-dən bu yana 3 may Türkçülər Günü kimi qeyd olunur və bu ənənə bu gün də davam edir.
Mərhum Rauf Türkan, Nihal Atsız, Alparslan Türkeş kimi böyük dövlət adamlarını, düşünürlərin hamısını bu vəsilə ilə rəhmətlə, minnətlə yad edirəm. 3 may Türkçülük Günü bütün Türk uluslarına mübarək olsun.
Nə mutlu Türküm deyənə deyirəm.
-Hazırda Türk dövlətlərinin birliyini necə qiymətləndirirsiniz?
-1917-ci il Bolşevik iktidarından sonra indiki Azərbaycan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan kimi türk qardaşlarımızın dövlətləri işğal altına alındı. Hələ də bir qismi Çinin, Monqolustanın işğalı altındadır.
1993-cü ildə Sovetlər Birliyinin dağılmasından sonra türk dövlətləri öz mənliyinə qovuşdu. Bunların ən başında da mənliyinə ilk qovuşan dövlət Azərbaycan Respublikası oldu.
Biz Azərbaycanla “tək millət, iki dövlət"ik. Gələcəkdə inşallah “tək millət, altı, hətta yeddi dövlət” deyəcəyik. Şimali Kipr Türk Respublikası da bu birliyin üzvü olacaq. Bu gün Azərbaycanın dünya üzərindəki yeri, Qafqazlardakı vəziyyəti və ən son İkinci Qarabağ Müharibəsində göstərdiyi qələbə təqdirəlayiqdir. Öz torpaqlarını müdafiə edəcək gücə çatmış Azərbaycan dövlətinin türk ulusları arasındakı yeri hər zaman böyükdür. Onun ardınca bütün ümidimiz Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, hətta Macarıstan və Şimali Kipr Türk Respublikasınadır. Şimali Kipr Türk Respublikası Türkiyənin zəmanəti altında qurulmuş dövlətdir.
Aralıq dənizinin ortasında, Yaxın Şərqə, Qafqazlara nəzarət edən Kipr üzərindəki Şimali Kipr Türk Respublikasının əhəmiyyəti çox böyükdür. Bu gün Yaxın Şərqdəki inkişafları izlədiyimiz zaman Şimali Kipr Türk Respublikasının da orada suverenlik və hakimiyyət hüquqlarının nə qədər yerində olduğunu çox yaxşı qiymətləndirmək lazımdır.
Anadolunun ətrafında “mavi vətən”imiz var. Hazırda bizim üç tərəfimiz dənizlərlə əhatə olunub.
Sizin də bir “mavi vətən”iniz var- Xəzər dənizi.
Bu mavi vətənlərə sahib çıxmaq lazımdır ki, o mavi vətənlər eyni zamanda da dövlətin və millətin hakimiyyətinin simvolu olan bayraqlarımızın gəmilərimizin üzərində dalğalandığı sulardır. Bu yerlərə də sahib çıxsaq, mavi sular bizi hər zaman dirçəldəcək.
-Türk dövlətləri arasında birliyin güclənməsi və Qarabağ zəfərinin bu prosesə təsiri barədə düşücələrinizi bölüşə bilərsiniz?
-Azərbaycanlı qardaşlarımızın 1993-dən Qarabağ münaqişəsi işğalından sonra çəkdikləri o zülmü, qətliamları heç vaxt unutmadıq, unutmayacayıq. Keçmişdə eyni şəkildə Türkiyənin daxilində Fransanın və Böyük Britaniyanın, xarici qüvvələrin dəstəyi ilə ermənilərin türk vətəndaşlarımıza qarşı Kahramanmaraşda, Qaziantepdə, Osmaniyədə, Adanada, Mersində etdikləri qətliamları da heç vaxt unudulmayıb.
Biz birinci Qarabağ savaşını müharibə olaraq qəbul etmirik. Bu, Rusiyanın dəstəyi ilə hazırlanmış işğal idi.
Amma 44 günlük müharibədə Qarabağ azad olundu. Mən 2023-cü ildə Azərbaycana gələndə Şuşaya da getdim. 10 noyabrda ulu öndərimiz Mustafa Kemal Atatürkün vəfatının ildönümü idi.
Xankəndi qarşısında yüksək bir təpədə səs qurğusu qurularaq orada ulu öndərimizi andıq. Dedik ki, inşallah bundan sonrakı gəlişimizdə Xankəndini də azad türk torpağı olaraq görəcəyik. Nəticədə Xankəndi də azad olundu.
Çox xoşbəxtik. Azərbaycanın göstərdiyi eyni səyi digər dörd türk dövlətlərinin də göstərməsini ürəkdən arzulayıram.
-Bəs hərbi güc baxımından Türk dövlətlərinin birliyini necə qiymətləndirirsiniz?
-Azərbaycanın Silahlı Qüvvələri ortaq güc kimi Türkiyə ilə və ya digər ölkələrlə həyata keçirdiyi fəaliyyətlər nəticəsində bu gün öz sözünü deyir. Türkiyə 1974-cü ildə Kipr Barış Hərəkatından sonra silah sistemlərində, silahlanmada cığır açdı. Lakin xarici qüvvələr bunu əngəlləməyə çalışdılar. ABŞ-nin Türkiyə üzərindəki embarqoları onu xeyli çətin vəziyyətə saldı ardınca isə 1980-cı il hərbi çevrilişi baş verdi. Çevrilişdən sonra yenidən embarqo qaldırıldı, embarqonun qaldırılması ilə yenidən ABŞ-nin köhnə silahları ölkəmizə gəlməyə başladı. Cənub-Şərqi Anadoludakı terror təşkilatına qarşı istifadə edəcəyimiz silahlanmada bizə dəstək vermədikləri üçün Türkiyə öz göbəyini özü kəsməli oldu. İlk növbədə ASELSAN-ı, sonra ROKETSAN-ı, ondan sonra ASPİLSAN-ı qurdu, ondan sonra mühərrik zavodlarını qurdu. Hazırda da TUSAŞ quruldu. Daha ağlıma gəlməyən o qədər çox hərbi müəssisələr quruldu ki, indi Türk sənayesi eyni zamanda da müdafiə sənayesi ilə birgə işləyir. Bu gün öz gəmilərimizi, öz silahlarımızı, öz sursatımızı hamısını özümüz istehsal edirik, Allaha çox şükür. İnşallah qısa zamanda göy üzündə KAAN təyyarəmizin polad qanadlarını da görəcəyik. Onlar göy üzünün yorulmaz keşikçiləri olaraq xidmət edəcəklər. Aşağıda isə helikopterlərimiz, daha aşağıda tanklarımız, toplarımız, tüfənglərimiz, raketlərimiz olacaq. “Mavi vətən”də də gəmilərimiz, gəmilərimizin üzərində isə bayraqlarımız dalğalanacaq. Onların güc birliyi ilə ölkəmizi qoruduğumuz kimi dost və qardaş ölkələrin də müdafiəsinə dəstək olacağıq.