Ona görə də, imzalanacaq sazişə böyük ümidlər bağlamağa dəyməz
ABŞ və İran arasındakı buzlar əriməyə başlayıb. Prezident Donald Trampın İranla müqavilə imzalayacaqlarına dair açıqlamaları, Tehran və Pakistan rəhbərliyi tərəfindən təsdiqlənib. Baş nazir Şahbaz Şərif sənədin iyunun 19-da İsveçrədə imzalanacağını açıqlayıb. Artıq dünya ölkələri də tərəflərin sülhə doğru yol almalarını alqışlayıblar. Böyük Britaniya, Almaniya, İtaliya və Fransa Tehranın nüvə öhdəliklərinə tam əməl edəcəyi təqdirdə, ona qarşı tətbiq olunan sanksiyaların ləğv olunacağını vurğulayıblar. İran və ABŞ sülhə yaşıl işıq yandırsa da, İsrail hökümətindən rəsmi açıqlama gəlməyib. Təl-Əvivin razılaşmadan kənarda qalması, müqavilənin effektivliyi və dayanıqlılığı barədə müəyyən sualların ortaya çıxmasına səbəb olur.
Mövzu ilə bağlı xarici siyasət üzrə türk ekspert Aydın Sezer Sherg.az-a bildirib ki, İran və ABŞ arasında iyunun 19-da imzalanması planlaşdırılan memorandum yükun sülh müqaviləsi deyil:
"Bu razılaşma yalnız nüvə proqramı ilə bağlı məsələlər üzrə 60 günlük danışıqlar mərhələsinin başa çatmasını nəzərdə tutan müvəqqəti saziş xarakteri daşıyır. Anlaşmanın gələcəyini sual altına salan ən kritik məqam İsrailin bu prosesə münasibəti və Livana edilən hücumların bitib-bitməyəcəyidir. Tehran rəhbərliyi razılaşmaya Livana edilən hücumların tamamilə dayandırılması kontekstində yaşıl işıq yandırıb. Bu gün İsrailin həmin şərtə sadiq qalacağına dair əlimizdə nə real məlumat, nə də tutarlı faktlar var".
Ekpertin sözlərinə görə, Netanyahunun sərhəd tanımayan hərbi ambisiyaları regionda böhranın aradan qaldırılmasını çətinləşdirir:
“İranda müxalif qüvvələr və xalqın bir qismi memorandumu yalnız ABŞ-nin maraqlarına uyğun olduğunu düşünürlər. Fəqət sənədin tam olaraq hansı məsələləri əhatə etdiyi məlum deyil. Hazırda mediaya sızan yeganə sənəd İran tərəfinin yayımladığı layihə mətnindən ibarətdir. Atılan addımlara baxmayaraq, Yaxın Şərqdə müharibənin tamamilə bitəcəyinə və bölgədə qalıcı sülhün bərqərar olacağına dair şübhələrimi hələ də qoruyub saxlayıram”.
A.Sezer qeyd edib ki, Trampın sülh çağırışlarının arxa planında Konqres seçkilərinə dair siyasi hesablamalar dayanır:
"Müharibə şəraitində seçkiyə getmək Trampın imicini darmadağın edə bilər. Ağ Ev lideri siyasi zərbədən yayınmaq üçün ölkəyə və seçicilərinə sakitlik vəd etmək məcburiyyətindədir. Bir sözlə, bu razılaşma Trampın seçki balansını qorumaq üçün ortaya atılmış müvəqqəti ssenaridir. Tramp və Netanyahu cütlüyünün İranla bağlı strateji maraqları ortaq mövqedə kəsişir. Hazırda araları dəymiş kimi görünsə də, onların İrana qarşı bir sıra planlar üzərində işlədiklərini düşünürəm. Ona görə də, imzalanacaq sazişə böyük ümidlər bağlamağa dəyməz”.