Hər bir ölkənin enişli-yoxuşlu tarixi keçmişi olur. Azərbaycan da bu günlərə müstəqil və suveren dövlət olaraq gəlib çıxmaq üçün tarixin hər bir zillətinə və məkrli qüvvələrin, qiyamçıların xain planlarına sinə gərməli olub. Xüsusilə 1990-cı illərin əvvəllərində ölkəni daxildən parçalamaq istəyən qiyamçılar, xarici güclərin idarə etdiyi separatizm meyilləri müstəqilliyimizi beşikdəcə boğmağa çalışırdı. Zamanın amansız rüzgarları Azərbaycanın dövlətçilik ağacını kökündən qoparmağa çalışsa da, torpağımızın mayasındakı azadlıq eşqi buna imkan vermədi. Hazırda qalib ölkənin xalqı olaraq fəxr etdiyimiz dövlətin tarixi keçmişini və bu yolda qarşılaşdığımız çətinlikləri unutmamalıyıq. Çünki bu gün göylərdə qürurla dalğalanan bayrağımızın və möhkəm əsaslar üzərində qurulmuş dövlətimizin kökləri Azərbaycan xalqının taleyini uçurumun kənarından döndərən Milli Qurtuluş Gününə gedib çıxır.
Türkoloq-alim Faiq Ələkbərli Sherg.az-a bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra müəyyən nailiyyətlər əldə etsə də, ilk illərdə ölkə siyasi, iqtisadi və təhlükəsizlik problemləri ilə üz-üzə qaldı:

“1992-1993-cü illərdə Əbülfəz Elçibəyin dövründə atılan uğurlu addımlar uzun çəkmədi. 1993-cü il iyunun 4-də Azərbaycan Ordusunun korpus komandiri Sürət Hüseynovun hakimiyyətə qarşı təşkil etdiyi qiyam problemləri çıxılmaz hala saldı. Ölkədə legitimliyi qorumaq, silahlı qarşıdurmanın qarşısını almaq və idarəolunmaz prosesləri cilovlamaq üçün Ə.Elçibəy Naxçıvan Ali Sovetinin sədri olan Heydər Əliyevi, Bakıya dəvət etmək məcburiyyətində qalır. Vətəndaş müharibəsi və parçalanma təhlükəsinin qapını kəsdirdiyi o dar gündə, dövlətin sükanı arxasında dayananlar yeganə çıxış yolunu H.Əliyevin böyük dövlətçilik təcrübəsində gördülər”.
Tarixçinin sözlərinə görə, qısa müddət ərzində həyata keçirilən tədbirlərlə, S. Hüseynovun ətrafında formalaşmış silahlı qrupların dayaqları böyük məharətlə çökdürüldü:
“Ölkə idarəolunmaz gəmiyə bənzəyirdi. Bu gəmini udmağa hazırlaşan fırtınadan sarsılmaz iradəli kapitan çıxara bilərdi. İyunun 15-də H.Əliyevin Ali Sovetin sədri seçilməsi tarixin axınını dəyişdi. O, hakimiyyətə gəldiyi ilk gündən etibarən iki cəbhədə birdən mübarizə aparmaq məcburiyyətində qaldı. Bir tərəfdən qardaş qırğınının qarşısını alaraq, dövlətə silah qaldıran qiyamçı qüvvələri zərərsizləşdirdi. Digər tərəfdən isə dağılmaqda olan dövlətçiliyin xilası üçün sarsılmaz iradə nümayiş etdirdi”.
F.Ələkbərlinin fikrincə, bəzən tarixdə elə anlar olur ki, şəxsiyyətlərin miqyası bütöv bir millətin taleyini müəyyən edir:
“1993-cü ilin fırtınalı günlərində Heydər Əliyevin dövlətçilik təcrübəsinə əsasən atılan qətiyyətli addımlar, Azərbaycan xalqı üçün milli özünəqayıdışın başlanğıcı oldu. Bu gün tam əminliklə demək olar ki, 2020-ci ildə Qarabağın işğaldan azad edilməsinin təməli Heydər Əliyevin atdığı addımlarla qoyulub. Azərbaycanın 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi hərbi, iqtisadi və diplomatik güc məhz 1993-cü ildən başlayan sistemli inkişafın nəticəsidir”.