Turqutluda Bakının azad edilməsinin 108-ci ildönümü qeyd olunub

Azərbaycan Mədəniyyət Dərnəyinin Turqutlu şöbəsi Bakının azad edilməsinin 108-ci ildönümü münasibətilə konsert proqramı təşkil edib. Tədbirdə Qafqaz İslam Ordusunun şəhid əsgər və zabitləri, eləcə də Azərbaycan və Türk dünyasının görkəmli şəxsiyyətləri yad olunub.

Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Türkiyə ilə Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Gecədə Qazi Mustafa Kamal Atatürk, Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy, Heydər Əliyev və Nuru Killigil Paşanın Türk dünyasının tarixində mühüm rol oynayan şəxsiyyətlər olduğu vurğulanıb. Onların xatirəsi rəhmət, minnətdarlıq və ehtiramla yad edilib.

Tədbir çərçivəsində Azərbaycan-Türkiyə münasibətlərinin tarixi köklərinə və iki ölkə xalqları arasındakı qardaşlıq bağlarına xüsusi diqqət çəkilib. Azərbaycan xalqının milli və mədəni dəyərləri müxtəlif təqdimatlar və bədii proqramlarla nümayiş etdirilib.

Çıxışlarda Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun 15 sentyabr 1918-ci ildə Bakını azad etməsinin Azərbaycan tarixində mühüm hadisələrdən biri olduğu qeyd edilib. Eyni zamanda, 1918-ci ildə Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının milli dövlətçilik tariximiz baxımından əhəmiyyəti vurğulanıb.

Azərbaycan Mədəniyyət Dərnəyinin Turqutlu şöbəsinin sədri Ünal Kağba çıxışında Bakının azad edilməsinin ildönümünün qeyd olunmasının əhəmiyyətindən danışıb. O, Azərbaycan və Türkiyə arasında mövcud olan tarixi və mədəni bağların gələcək nəsillərə çatdırılmasının vacibliyini bildirib.

Tədbirin bədii hissəsində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Türk Dünyası Musiqi və Rəqs Ansamblı çıxış edib. Şef Şavk Akyürəyin rəhbərliyi ilə ansambl Azərbaycan türk musiqisindən seçilmiş əsərləri ifa edib. Türk xalq rəqslərinin də nümayiş etdirildiyi konsert proqramı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirdə Turqutlu rayon rəhbəri Selami Kapankaya, Bələdiyyə sədri Çetin Akın, Hərbi Çağırış Şöbəsinin rəisi baş leytenant Akif Büyüktolu, Salihli Türk Ocağının sədri Adnan Aras, Turqutlu Türk Ocağının sədri Ali Gökhan Hafızoğlu, Manisa Böyükşəhər Bələdiyyəsi baş katibinin müavini Erk Kayabaş, Rayon Milli Təhsil müdiri Serdar Dinçer, Azərbaycan Mədəniyyət Dərnəyinin Turqutlu şöbəsinin sədri Ünal Kağba, dərnək üzvləri, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də yerli sakinlər iştirak ediblər.

Proqram tədbir iştirakçılarına plaketlərin təqdim olunması və xatirə fotosunun çəkilməsi ilə başa çatıb.