WUF13 çərçivəsində keçirilən “Beynəlxalq Gənclər Süni İntellekt” yarışmasının qalibləri açıqlanıb

Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “International Youth AI Competition” (Beynəlxalq Gənclər Süni İntellekt Yarışması) uğurla yekunlaşıb.

Teleqraf xəbər verir ki, “Gələcəyin dözümlü, dayanıqlı və reinteqrasiya dostu şəhərləri” mövzusuna həsr olunan layihə qlobal miqyasda böyük marağa səbəb olub.

İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzi və Beynəlxalq Miqrasiya Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan layihəyə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, həmçinin “Gənc Könüllülər” İctimai Birliyi tərəfdaşlıq edib.

Dörd ay öncə start götürən layihəyə 70-dən çox ölkədən 300-dən artıq gənc müraciət edib. Seçim mərhələsindən keçən 36 ölkənin nümayəndəsi üçün bir ay ərzində süni intellekt alətləri və rəqəmsal hekayəçilik mövzusunda mütəxəsislər tərəfindən onlayn təlimlər keçirilib. Təlim proqramını uğurla başa vuran iştirakçılar süni intellekt texnologiyalarından istifadə edərək öz şəhərlərinin gələcək dayanıqlı və dözümlü vizyonunu əks etdirən qısametrajlı videoçarxlar hazırlayıblar. Təqdim olunan yaradıcı işlər süni intellekt üzrə ekspertlər və müstəqil mütəxəssislər tərəfindən qiymətləndirilib və layihənin tələblərinə cavab verən 4 ən yaxşı videoçarx qalib elan olunub. Yarışmanın nəticələrinə əsasən, Tunis, Qazaxıstan və Komor adalarını təmsil edən gənclər müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülüblər. Vyetnamı təmsil edən gənc mütəxəssisə isə həvəsləndirici mükafatçı elan edilib.

Layihənin fiziki mərhələsinə mayın 18-də Şəhərsalma Kampaniyası Həftəsi çərçivəsində təşkil edilən “İqlimə Davamlı və Gələcəyin Dayanıqlı Şəhərləri üçün Gənclərin Reallaşdırdığı Süni İntellekt Həlləri” adlı paralel tədbirlə start verilib. Tədbirdə tərəfdaş qurumların rəhbər və nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri və yarışmanın qalibləri çıxış edərək, süni intellektin şəhərsalma proseslərinə inteqrasiyası və gənclərin bu sahədəki innovativ rolu ətrafında fikirlərini bölüşüblər. Qarşılıqlı müzakirələrlə davam edən rəsmi hissədən sonra, yerli və əcnəbi iştirakçılar arasında şəbəkələşmənin gücləndirilməsi məqsədilə xüsusi şam yeməyi təşkil olunub.

Mayın 19-da WUF13 çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin Məskunlaşma Proqramının birgə təşkilatçılığı ilə keçirilən növbəti paralel tədbirində qalib gənclər tərəfdaş qurumlar tərəfindən sertifikat və dəyərli mükafatlarla təltif ediliblər. Səfər proqramı çərçivəsində qaliblərin Dünya Şəhərsalma Forumunun müxtəlif sessiyalarında iştirakı, sərgi pavilyonları ilə tanışlığı, həmçinin Bakının tarixi-mədəni irsini kəşf etmək üçün təşkil olunacaq infoturlarda iştirakı nəzərdə tutulub.