Zorakılıq təsadüfi deyil, arxasında idarə olunan informasiya sistemi dayanır - Abdullah Ağar

"Müasir çağırışlar göstərir ki, əsas mübarizə artıq fiziki sərhədlər uğrunda deyil, insanın düşüncə sistemi, mənəvi dünyası və həqiqət anlayışı uğrundadır"

Türkiyənin Şanlıurfa və Kahramanmaraş şəhərlərində ard-arda baş verən məktəb hücumları ölkəni yasa boğub. Faciəvi hadisə nəticəsində ümumilikdə 1 müəllim və 8 şagird həyatını itirib, 33 nəfər isə yaralanıb.

Xatırladaq ki, çərşənbə axşamı Şanlıurfada baş verən hadisədən qısa müddət sonra bənzər dəhşət Kahramanmaraşdakı bir orta məktəbdə yaşanıb. Aprelin 14-də Şanlıurfanın Siverek rayonundakı Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində törədilən silahlı hücumda 4-ü müəllim olmaqla, 16 nəfər yaralanıb. Bu hadisədən cəmi 24 saat sonra Kahramanmaraşın Onikişubat rayonunda yerləşən Ayser Çalık Orta məktəbində qanlı qətliam törədilib. Məktəbin 8-ci sinif şagirdi İsa Aras Mersinli təqaüddə olan polis rəisi atasının 5 silahı və 7 sandıqçası ilə məktəbə gələrək atəş açıb. İki sinfi hədəf alan hücumda riyaziyyat müəllimi Ayla Kara və 8 şagird həlak olub, 17 nəfər yaralanıb.

Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar Sherg.az-a bildirib ki, Şanlıurfa və Kahramanmaraş şəhərlərində baş verən qanlı hadisələr cəmiyyət üçün ciddi siqnal xarakteri daşıyır:

“Məsələyə yalnız ayrı-ayrı fərdlərin psixoloji problemləri və ya sosial mühitin təsiri prizmasından yanaşmaq kifayət deyil. Ortaya çıxan mənzərə daha dərin və sistemli təhlükənin – “zehinlərin işğalı”, yəni mənəvi, intellektual və dəyərlər sisteminin aşınması prosesinin nəticəsi kimi qiymətləndirilməlidir. Müşahidə olunan hallar göstərir ki, müasir dövrdə informasiya bolluğu fonunda həqiqət anlayışı arxa plana keçir, onun yerini isə manipulyativ məzmun, süni reallıq və diqqət üzərindən qurulan təsir mexanizmləri tutur. Televiziya proqramlarında, seriallarda və rəqəmsal platformalarda şiddət, mənəvi deqradasiya və qeyri-sağlam davranış modellərinin normallaşdırılması cəmiyyətin xüsusilə gənc təbəqəsinə ciddi təsir göstərir. Lakin problem təkcə bu məzmunlarda deyil, həmin məzmunları istehsal edən və tirajlayan sistemin özündədir”.

Ekspert qeyd edib ki, hazırkı mərhələdə əsas təhlükə “epistemik böhran” -yəni həqiqət biliklərinin deformasiyası və zihinlərin yönsüzləşdirilməsidir:

“İnsanlar informasiyaya çıxış əldə etsələr də, bu informasiya onları həqiqətə deyil, daha çox istehlak, emosional reaksiya və manipulyasiya mühitinə yönləndirir. Nəticədə fərdlər nə üçün yaşadıqlarını deyil, necə istehlak edəcəklərini daha yaxşı bilirlər. Cəmiyyətin dayağı hesab olunan ailə institutu, mənəvi dəyərlər və ictimai nəzarət mexanizmləri də zəifləmə mərhələsinə daxil olub. Əvvəllər insan və cəmiyyət üçün istiqamət verən əsas sütunlar anlam, məqsəd, ölçü, məsuliyyət və istiqamət bu gün ciddi eroziyaya məruz qalır. Bu isə azadlıq anlayışının məsuliyyətsizliklə qarışmasına, ifadə imkanlarının isə məzmundan məhrum olmasına gətirib çıxarır. Mütəxəssislərin qənaətinə görə, zorakılığın artması, əxlaqi deformasiyanın genişlənməsi və sosial xaosun normallaşması təsadüfi deyil. Bu proseslər diqqət iqtisadiyyatı, maraq qrupları və idarə olunan informasiya axınları tərəfindən şərtləndirilir. Belə şəraitdə fərd tədricən real həqiqətdən uzaqlaşır, ona təqdim olunan simulyativ reallıq daxilində həm qurban, həm də iştirakçıya çevrilir”.

Ağarın sözlərinə görə, baş verən hadisələr ani emosional partlayış deyil, uzun müddət yığılan mənəvi boşluğun və istiqamətsizliyin nəticəsi kimi dəyərləndirilməlidir:

“Bu baxımdan Şanlıurfa və Kahramanmaraş hadisələri lokal xarakter daşımır, daha geniş coğrafiyada müşahidə olunan təhlükəli tendensiyanın təzahürüdür. Mövcud vəziyyətdən çıxış yolu isə emosional reaksiyalarda deyil, sistemli yanaşmada axtarılmalıdır. Əsas prioritetlər kimi həqiqətə əsaslanan informasiya filtrinin formalaşdırılması, diqqət və şüur intizamının gücləndirilməsi, ailə və cəmiyyət institutlarının möhkəmləndirilməsi, eləcə də dövlət səviyyəsində sağlam məna və dəyər istehsal edən mexanizmlərin qurulması vacib hesab olunur. Nəticə etibarilə, müasir çağırışlar göstərir ki, əsas mübarizə artıq fiziki sərhədlər uğrunda deyil, insanın düşüncə sistemi, mənəvi dünyası və həqiqət anlayışı uğrundadır. Bu mübarizədə uğur qazanmaq üçün isə cəmiyyət olaraq ortaq dəyərlər, aydın istiqamət və məsuliyyət hissinin yenidən bərpası zəruridir”.