Politoloq: Kremldə hesab edirlər ki, Rusiya 3+3 formatında Cənubi Qafqazda varlığını nümayiş etdirməyə çalışmalıdır

"Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 15-də Rusiyaya səfər edəcək. Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla iki ölkə arasında münasibətlərin hazırki durumu ilə yanaşı Yaxın Şərqdə mövcud vəziyyəti müzakirə edəcək".

Bunu Sherg.az-a açıqlamasanda politoloq Elxan Şahinoğlu deyib.

Ekspert qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda nazirlərin 3+3 (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya, İran) formatının fəallaşdırılması ətrafında da fikir mübadiləsi aparılacağı bildirilib:

"Moskva son zamanlar bu formatı fəallaşdırmağa çalışır. Bunun sadə səbəbi var. Ukraynaya qarşı işğalçı müharibədə ilişib qalan Rusiyanın Cənubi Qafqaza təsir imkanların getdikcə azalır, Moskvanın bölgədə uzun illər forpostu rolunda çıxış edən Ermənistan da əldən çıxmaq üzrədir. Buna görə də, Kremldə hesab edirlər ki, Rusiya heç olmaza 3+3 formatında Cənubi Qafqazda varlığını nümayiş etdirməyə çalışmalıdır. Birincisi, bu format tam deyil, Gürcüstan ərazilərinin Rusiya tərəfdən işğalına görə, bu ölkə ilə eyni birlikdə iştirak etmək istəmir. İkincisi, Türkiyə bu formata dəstək versə də, bölgədə təkbaşına fəallığını artırmaqda maraqlıdır və bu uğurla alınır. Üçüncüsü, Rusiya Ermənistan hökumətinə təzyiqi artırarkən, məhsullarına qadağalar qoyarkən, Kremlin 3+3 formatında İrəvanı öz orbitinə cəlbi çətinləşib. 

Analitik qeyd edib ki, rəsmi Bakı Ermənistanın baş naziri Nikol Paşinyanın partiyasının parlament seçkisində qələbəsindən sonra ilk addımını atıb:

"Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev iyunun 14-də ilk dəfə Ermənistanın Dilican şəhərinə səfər edərək, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşünə bu aspektdən yanaşmaq lazımdır. Rəsmi Bakı İrəvanla sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında zəruri dəyişikliyin həyata keçirilməsini istəyir. Ancaq indi vəziyyət elədir ki, Nikol Paşinyan qələbəsinə rəğmən, parlamentdə Konstitusiya dəyişikliyini referenduma çıxaracaq qədər səsə malik deyil. Hətta bu mümkün olsa belə, Nikol Paşinyana səs verən ermənilərin avtomatik Konstitusiya dəyişikliyinə səs verəcəyini proqnozlaşdırmaq çətindir. Misal üçün ermənilərin əksəriyyəti referendumda Konstitusiya dəyişikliyinin əleyhinə səs versə bu həm Nikol Paşinyanın mövqeyini zəiflədəcək, həm də Azərbaycanla sülh prosesinə zərbə olacaq. Bu gedişat Azərbaycanın da maraqlarına cavab vermir. Belə olan halda Bakı ilə İrəvan arasında məsləhətləşmələrin intensivləşdirilməsinə və sülh sazişinin imzalanması yollarının daha detallı müzakirəsinə ehtiyac var. Çünki, sülh sazişinin imzalanması yubandıqca, bundan Kreml və onun Ermənistandakı əlaltıları vəziyyəti gərginləşdirmək üçün istifadə etməyə çalışacaqlar. Burdan da ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan liderlərini yaxın həftələrdə Vaşinqtonda qəbul etmək istəyir. O ötən ilin avqustunda Ağ Evdə paraflanan sülh sazişinin imzalanmasında maraqlıdır".