Pezeşkian: İran ABŞ-la danışıqları davam etdirəcək

İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali Milli Təhlükəsizlik Şurasının ABŞ ilə danışıqların davam etdirilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.

Sherg.az xəbər verir ki, Pezeşkian bildirib ki, Yaxın Şərqdə gərginliyin artmasına baxmayaraq, Tehran dialoq kursunu davam etdirməyi məqsədəuyğun hesab edir.

İran liderinin sözlərinə görə, bu məsələ daha əvvəl ölkənin ali rəhbəri Ali Khamenei ilə də müzakirə olunub və milli maraqlar qorunduğu təqdirdə danışıqların aparılmasına razılıq verilib.

Pezeşkian həmçinin qeyd edib ki, İran son aylarda qonşu dövlətlərlə münasibətlərdə müsbət dinamikanı qoruyub saxlayıb və xüsusilə Fars körfəzi ölkələri ilə bir sıra fikir ayrılıqlarının aradan qaldırılmasına nail olub.

Bu açıqlama İsrailin Beyrutun Dahiya bölgəsinə endirdiyi hava zərbələri və regionda gərginliyin artdığı bir vaxtda verilib. İsrail tərəfi hücumun öz ərazisinə edilən atəşə cavab olaraq həyata keçirildiyini bildirib.