“Jan-Noel Baronun qərəzli və məsuliyyətsiz açıqlamaları təkcə beynəlxalq hüquqa deyil, eyni zamanda regionun gələcək sabitliyi üçün atılan səmimi addımlara da kölgə salır”
Fransa xarici işlər iaziri Jan-Noel Baro 2025-ci il aprelin 14-də Lüksemburqda keçirilən Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının iclasında Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı narahatlığını bildirib. O, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının genişləndirilməsini təklif edib və iki ölkə arasında sülh sazişinin imzalanmasını, eləcə də "arbitrar həbs olunanların" azad olunmasını tələb edib.
Baro, həmçinin Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələblərini “qəbuledilməz” adlandırıb və bu tələblərin sülh sazişinin imzalanmasını ləngitdiyini bildirib. Azərbaycan tərəfi isə Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların olduğunu və bu məsələlərin həllinin sülh və sabitlik üçün vacib olduğunu vurğulayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə həmin gün bu bəyanata sərt reaksiya verərək, Fransanın Ermənistana ölümcül silahlar tədarük etməsini və anti-Azərbaycan mövqeyini tənqid edib, bu siyasəti "ikiüzlülük" adlandırıb: "Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun Fransanın Azərbaycandakı səfirinin də istinad etdiyi iddialarını qətiyyətlə rədd edir və pisləyirik”.
Ayxan Hacızadə bildirib ki, Fransanın siyasətindəki ikili yanaşma - sülh niyyətini bəyan edərkən münaqişəyə sürükləyən davranışlar - narahatlıq doğuran uyğunsuzluğu nümayiş etdirir: "Belə ikiüzlü siyasət regionda davamlı sülh perspektivlərinə mane olur.
Fransanın Ermənistanı öldürücü silahlarla təmin etməsi, onun davamlı anti-Azərbaycan mövqeyi ilə yanaşı, sülh prosesinə xələl gətirir və bu, xarici işlər naziri Jan-Noel Baronun regional gərginliklə bağlı açıq şəkildə narahatlığını ifadə etməsi ilə tamamilə ziddiyyət təşkil edir.
Bundan əlavə, sülh müqaviləsi layihəsi üzərində işin yekunlaşdırılması mühüm hadisə olsa da, Fransa tərəfi yaxşı başa düşür ki, sülh sazişinin imzalanması və davamlı sabitlik digər məsələlərlə yanaşı, əsas problemlərin, xüsusilə də Ermənistanın Konstitusiyasındakı ərazi iddialarının aradan qaldırılmasını, habelə Minsk qrupunun və ATƏT-in digər əlaqəli strukturlarının rəsmi şəkildə ləğvini tələb edir".
XİN rəsmisi vurğulayıb ki, bəşəriyyətə qarşı cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə proseslərinə maneçilik törədilməsi ölkənin suverenliyinə müdaxilə olmaqla yanaşı, dəhşətli qəddarlıqlara görə məsuliyyətin müəyyən edilməsi prosesini sarsıdır: “Fransanın bu cür müdaxiləsi cinayətkarları qorumaqla, cəzasızlığın davamına xidmət edir. Fransa regional işlərimizə qarışmaq əvəzinə, təkcə Azərbaycan deyil, müxtəlif dövlətlər tərəfindən böyük tənqidlərə məruz qalan, xüsusən də dənizaşırı ərazilərində və Afrikada həyata keçirdiyi neokolonial siyasətindən əl çəkməlidir. Fransız neokolonializmi yerli əhalini və resurslarını istismar etməklə bərabər, həmişə fransız maraqlarını həmin dövlətlərin rifahından üstün tutub, habelə uzunmüddətli qeyri-sabitlik və etnik gərginlik yaradıb.
Heç kimə sirr deyil ki, Fransanın xarici siyasəti onun qondarma “sivilizasiya missiyası”nın mənəvi cəhətdən iflasa uğradığını nümayiş etdirir.
Sülhə xidmət etməyən və regionda sabitliyə xələl gətirən addımlara son qoymağı Fransadan tələb edirik”.
Fransa XİN başçısının qərəzli bəyanatını şərh edən politoloq Natiq Miri “Sherg.az"a açıqlamasında Fransanın Cənubi Qafqaz siyasətinin uzun müddətdir obyektivlik və beynəlxalq hüquq prinsipləri ilə deyil, tamamilə siyasi məqsədlər, qərəz və ikili standartlarla idarə olunduğunu deyib. Onun sözlərinə görə, son günlərdə Fransa xarici işlər naziri Jan-Noel Baro tərəfindən səsləndirilən açıqlamalar isə bu yanaşmanın nə qədər təhlükəli və məsuliyyətsiz olduğunu bir daha göstərdi:
“Fransa tərəfi bir tərəfdən sülh danışıqlarını dəstəklədiyini iddia edir, digər tərəfdən isə Ermənistana ölümcül hərbi texnika göndərməklə bölgədə hərbi eskalasiyanı qızışdırır. Bu cür davranış Fransa dövlətinin nə qədər ikili standartlarla hərəkət etdiyini açıq-aşkar göstərir. Azərbaycanın haqq işinə qarşı yönələn bu münasibət nə Fransanın neytrallığına, nə də vasitəçilik iddialarına uyğun gəlir. Əksinə, bu, Fransanın birbaşa Ermənistanın tərəfində yer alaraq regionda gərginliyin dərinləşməsinə xidmət etdiyini sübut edir.
Fransa rəhbərliyinin Azərbaycanın suveren hüquqlarını tanımadan, Ermənistanın Konstitusiyasındakı ərazi iddialarına göz yumması, üstəlik, Azərbaycanı bu sənədi dəyişməyə çağırdığı üçün tənqid etməsi, beynəlxalq hüquqa və dövlətlərin bərabərliyinə açıq hörmətsizlikdir. Əgər Fransa səmimi şəkildə sülhün tərəfdarıdırsa, niyə 30 il boyunca Ermənistanın işğal etdiyi torpaqlara göz yumdu? Niyə yüz minlərlə azərbaycanlının evlərindən didərgin salınmasına susdu? İndi isə regionda sabitliyi bərqərar etmək istəyən Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır.
Azərbaycan dövləti öz ərazi bütövlüyünü beynəlxalq hüquqa uyğun olaraq bərpa edib və indi sülh quruculuğu ilə məşğuldur. Fransa isə bu prosesi pozmaq, bölgədə sabitlik əvəzinə qarşıdurma toxumu səpmək üçün əlindən gələni edir. Belə siyasət “sülh təşəbbüsü” deyil, kolonial düşüncə tərzinin müasir formasıdır.
Azərbaycan xalqı Fransa dövlətinin bu qərəzli və anti-Azərbaycan mövqeyini yaxşı tanıyır. Biz bu ikiüzlülüyü, bu riyakarlığı və regiona yuxarıdan baxan bu münasibəti qətiyyətlə rədd edirik”.
N.Mirinin sözlərinə görə, Fransanın Azərbaycana qarşı ikili standartlarla formalaşan siyasəti bir daha sübut edir ki, bu ölkə regionda sülh və sabitlik maraqlarından daha çox geosiyasi oyunlarda iştirak etməyə üstünlük verir:
“Özünü demokratiya və insan haqlarının carçısı kimi təqdim edən Fransa, Ermənistana ölümcül silahlar tədarük etməklə və birtərəfli bəyanatlarla çıxış etməklə, münaqişənin yenidən alovlanmasına rəvac verir.
Fransa xarici işlər nazirinin Azərbaycana qarşı qərəzli və məsuliyyətsiz açıqlamaları təkcə beynəlxalq hüquqa deyil, eyni zamanda regionun gələcək sabitliyi üçün atılan səmimi addımlara da kölgə salır. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik, “sülh təşəbbüsləri” adı altında Ermənistanın işğalçı keçmişinə haqq qazandırmaq cəhdi – bunlar hamısı Fransanın Cənubi Qafqazda obyektiv vasitəçi ola bilməyəcəyinin bariz sübutudur.
Fransanın bu ikili standartlarla dolu siyasəti nə beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilə bilər, nə də Azərbaycan xalqı tərəfindən unudular”.