Çinlə daha dərin və çoxşaxəli tərəfdaşlıq qurulacaq -Ekspert

“Orta Dəhliz” təşəbbüsü də Çin-Azərbaycan iqtisadi münasibətlərində gələcək əməkdaşlığın əsas sütunlarından biri olacaq
“Biz “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb”. Bunu Prezident İlham Əliyev Çinin “Sinxua” agentliyinə müsahibəsində deyib. Dövlət başçısı bildirib ki, özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir. Prezident müsahibədə yalnız ölkəmiz üçün deyil, region üçün mühüm əhəmiyyət daşıyan bir sıra məsələlərə də toxunub: “Hazırda Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Onun əhəmiyyəti sürətlə artır. Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb. Bütün bu qeyd edilənlər əminlik yaradır ki, Azərbaycan və Çin arasında bütün sahələrdə olduğu kimi iqtisadi sahədə də əlaqələrin böyük inkişaf perspektivləri vardır”.
İqtisadçı-ekspert Eldəniz Əmirov "Sherg.az"a deyib ki, Prezident İlham Əliyevin Çinin Sinxua agentliyinə verdiyi geniş müsahibəsi iki ölkə arasında əməkdaşlığın artıq yalnız cari səviyyə ilə kifayətlənməyəcəyini, daha dərin və çoxşaxəli tərəfdaşlığın qurulacağını göstərir. Ekspert vurğulayıb ki, Prezident müsahibəsində bir sıra mühüm statistik göstəriciləri qeyd etməklə yanaşı, iqtisadi əməkdaşlığın gələcək istiqamətləri barədə də əhəmiyyətli mesajlar verdi:
 "Ölkə başçısının da vurğuladığı kimi, 2024-cü ildə Azərbaycan ilə Çin arasında xarici ticarət dövriyyəsi 20,7 faiz artaraq 3,7 milyard ABŞ dollarına çatıb. Bu artım iqtisadi münasibətlərin yüksələn xətlə inkişaf etdiyinin əyani sübutudur. Xüsusilə də, bu artımın enerji sektoru ilə yanaşı qeyri-neft sahələrində də özünü göstərməsi əlaqələrin balanslı xarakter aldığını göstərir. Daha diqqətçəkən göstəricilərdən biri də iki ölkə arasında birbaşa xarici investisiya dövriyyəsində qeydə alınan artımdır. 2024-cü ilin yanvar-sentyabr aylarında bu göstərici 85,9 faiz artaraq 14 milyon dollar səviyyəsinə yüksəlib. Çin investorlarının Azərbaycana yatırdığı sərmayələr isə 92,8 faiz artaraq 11,4 milyon dollara çatıb. Bu dinamika onu göstərir ki, Çin şirkətləri Azərbaycanın iqtisadiyyatına uzunmüddətli baxışla yanaşır və bu bazarda real imkanlar görür.
Prezidentin çıxışında xüsusi yer ayırdığı “Orta Dəhliz” təşəbbüsü də Çin-Azərbaycan iqtisadi münasibətlərində gələcək əməkdaşlığın əsas sütunlarından biri olacaq. Bu dəhliz Azərbaycanın geostrateji mövqeyini və logistika imkanlarını daha da gücləndirəcək. Eyni zamanda Çin mallarının Avropa bazarlarına daha qısa və təhlükəsiz marşrutla çatdırılmasına şərait yaradacaq". 
E.Əmirov bəyan edib ki, Azərbaycan tərəfi bu layihəyə həm siyasi, həm iqtisadi baxımdan ciddi önəm verir:
 "Artıq ölkədə logistika və nəqliyyat infrastrukturu sahəsində ciddi sərmayələr yatırılır. Müsahibədə səsləndirilən rəqəmlər və istiqamətlər yaxın gələcəkdə Çin-Azərbaycan iqtisadi əlaqələrinin daha da dərinləşəcəyinə, texnologiya, yaşıl enerji, sənaye və logistika kimi sahələrdə yeni təşəbbüslərin ortaya çıxacağına işarədir. Digər əsas gözləntilər ondan ibarətdir ki, bu münasibətlər, eyni zamanda regionun iqtisadi təhlükəsizliyi və dayanıqlı inkişafı baxımından da mühüm rol oynayacaq".