Ərdoğan məqalə yazdı: XXI əsr “Türk dünyasının əsri” olacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türk dünyasının əsri: həmrəylikdən inteqrasiyaya" adlı məqalə qələmə alıb. Sherg.az məqaləni Azərbaycan dilində oxucuların diqqətinə çatdırır.  

Ortaq tariximizin köklü irsi və birgə gələcəyimizi formalaşdırmaq iradəmiz ən güclü ifadəsini türk dünyasının birliyində tapır. Qardaş xalqlarımız əsrlər ərzində müxtəlif coğrafiyalarda çoxsaylı sınaqlardan keçiblər. Onları bir-birinə bağlayan könül körpülərinə bu gün Türk Dövlətləri Təşkilatı daxilində siyasi, humanitar, iqtisadi və mədəni həmrəyliyimizin möhkəm bünövrəsi kimi söykənirik. Hamımız tarixi məsuliyyət daşıyırıq: türk dünyasının böyük potensialını ortaq məqsədlər üçün səfərbər etməli, konkret nailiyyətlərlə birliyimizi möhkəmləndirməli və gələcək nəsillərə daha güclü türk dünyası qoyub getməliyik.

Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə görüşünü Ankarada “Türk əsri: dildə, fikirdə, işdə birlik” mövzusunda keçirəcəyik. Bu görüşə xüsusi əhəmiyyət verirəm: o, ortaq iradəmizi daha da möhkəmləndirəcək. Zirvədə növbəti dövr üçün Təşkilata sədrliyi əziz Azərbaycandan təhvil alacağıq. Bu vəzifəyə türk dünyasının ortaq hədəflərinə çatması və Təşkilatımızın institusional baxımdan güclənməsi üçün üzərimizə düşən tarixi məsuliyyət kimi baxıram.

Bu gün Türk Dövlətləri Təşkilatında fəaliyyətimizə istiqamət verən ilhamı İsmayıl Qaspıralının bizə əmanət etdiyi birlik məfkurəsindən alırıq. Ortaq tariximizin və mədəniyyətimizin verdiyi güc sayəsində təməli Naxçıvanda qoyulmuş Təşkilatımızın təsir imkanları hər gün genişlənir. Artıq elə bir mərhələyə çatmışıq ki, qardaşlığımızı gələcək nəsillərə daşıyacaq güclü institutlarla möhkəmləndirməli, layihələr həyata keçirərək ortaq iradəmizi davamlı nailiyyətlərə çevirməliyik.

Köklü dəyişikliklər dünya siyasətini yenidən formalaşdırır. Beynəlxalq sistem ədalət və etimad yaratmaqda çətinlik çəkir, müharibələr və böhranlar isə geniş əraziləri əhatə edir. Belə bir dövrdə türk dövlətləri üçün həmrəylik strateji zərurətdir. Ən ağır sınaqları aşmağa və öz gələcəklərini müəyyənləşdirməyə ortaq iradə ətrafında sıx birləşən türk dövlətlərinin gücü çatır. Birliyimizi hər bir qardaş ölkənin suverenliyini, müstəqilliyini və milli iradəsini uca tutaraq qururuq. Bu birliyi ortaq dəyərlərimizlə yanaşı, qarşılıqlı etimad və maraqlar üzərində yüksəldəcəyik.

Qarşıdakı dövrdə Təşkilatımızın xüsusi həssaslıqla yanaşmalı olduğu başlıca məsələlərdən biri türk dünyasında iqtisadi inteqrasiyanın təmin edilməsidir. Bunun üçün tarixi fürsəti Xəzərdən keçən Şərq–Qərb Orta Dəhlizi yaradır. Bu gün Asiya ilə Avropa arasındakı ticarət yenidən formalaşır. Belə bir şəraitdə qlobal nəqliyyat və logistika şəbəkələrinin mühüm mərkəzlərindən biri olmaq imkanı türk coğrafiyasının qarşısında açılır. İnkişaf etdirdiyimiz vahid sistemdə dəmir yollarımız, limanlarımız, avtomobil yolu bağlantılarımız və gömrük sistemlərimiz bir-birini tamamlayır. Qardaş ölkələrimiz arasında ticarətin artmasına və ortaq rifahımıza Xəzərin iki sahilini bağlayan hər bir sərmayə öz töhfəsini verəcək.

Türk İnvestisiya Fondunun imkanlarından daha səmərəli yararlanmaqla bu məqsədə doğru irəliləyəcəyik. Ölkələrimiz arasındakı ticarət maneələrini birgə səylə aradan qaldıracaq, istehsalda və sərmayə qoyuluşunda qarşılıqlı olaraq gücümüzü artıracağıq. Enerji ehtiyatlarımızın, bərpa olunan enerji potensialımızın və rabitə infrastrukturumuzun ortaq hədəflərə maksimum səmərə ilə xidmət etməsini təmin edəcəyik. İstehsal, ticarət və texnologiya sahələrində nailiyyətlərimizi birlikdə artırmaq üçün türk dünyasının bütün guşələrindəki imkanları eyni istiqamətə yönəldəcəyik.

Təhlükəsizlik sahəsində də iqtisadiyyatda yaratdığımız həmrəylik ruhu ilə, eyni qətiyyətlə hərəkət edirik. Birgə fəaliyyət qabiliyyətimizi gücləndirmək üçün imkanlarımızı birləşdirib terrorizmə, transsərhəd cinayətkarlığa, kibertəhdidlərə və təbii fəlakətlərə qarşı səfərbər edəcəyik. Birgə istehsal gücümüzü artırmaq üçün müdafiə sənayesindəki təcrübələrimizi birləşdirəcək, yerli və milli texnologiyalarımızı inkişaf etdirəcəyik.

Ortaq sivilizasiyaya mənsub olduğumuzu dərk etmək birliyimizə ən qiymətli dayağı verir. Eyni böyük sivilizasiyanın coğrafiyalara sığmayan zənginliyi Xoca Əhməd Yəsəvinin hikmətində, Əlişir Nəvainin kəlamında, Nizami Gəncəvinin irfanında, Məhtimqulu Fəraqinin misralarında, Yunus Əmrənin könül dilində və Çingiz Aytmatovun qələmində təcəssüm edir. Bütün bunlar həmin zənginliyin gələcəyinə də işıq salan nişanələrdir.

Mədəni baxımdan yaxınlaşmağımız yolunda tarixi məna daşıyan addımlardan biri ortaq türk əlifbası ilə bağlı ortaya qoyduğumuz iradədir. Bu addımı daha da irəli aparmağa təhsil, elm, nəşriyyat və rəqəmsal texnologiyalar sahələrindəki əməkdaşlığımız xidmət edəcək. Gənclərimizi qardaş ölkələrdə təhsil almağa həvəsləndirəcək, universitetlərimizin və alimlərimizin bir araya gəlməsini təmin edəcəyik. Süni intellekt dövründə türk dillərinin özünə layiq mövqe qazanmasına da nail olacağıq. Türk dünyasının gələcəyini birgə qurmaq üçün biliklərimizi, təcrübəmizi və imkanlarımızı birləşdirəcəyik.

İstənilən şəraitdə qardaşlığımızı yaşatmaq, bir-birimizin haqq və hüquqlarını müdafiə etmək bu köklü sivilizasiyanın bizdən tələb etdiyi məsuliyyətdir. Elə bu anlayışla türk dünyasından ayrılmaz olan Kipr türk xalqının yanında olmağa davam edirik. Təşkilatımızda Şimali Kipr Türk Respublikasına verilmiş müşahidəçi statusunun açdığı imkanları genişləndirmək və qardaş ölkələrlə bağlarını möhkəmləndirmək bizim üçün xüsusi əhəmiyyət daşıyır. Qəti mövqeyimiz dəyişməyəcək: Kipr türklərinə qarşı ədalətsiz təcrid bitməli, onların suveren bərabərliyi və bərabər beynəlxalq statusu tanınmalıdır.

Ortaq coğrafiyamızda sülhün və qarşılıqlı etimadın möhkəmlənməsinə də Türk Dövlətləri Təşkilatının artan gücü xidmət edəcək. Əməkdaşlıq və həmrəyliyə söykənən yanaşması ilə Təşkilatımız regional və qlobal sabitliyə bundan sonra da töhfə verəcək.

İqtisadiyyatda, siyasətdə, mədəniyyətdə və texnologiyada davamlı uğurlar əldə etməyimiz üçün ortaq iradəmiz əməli nəticələrə çevrilməlidir. Türk Dövlətləri Təşkilatının qarşısında duran əsas vəzifə budur. Qarşımıza qoyduğumuz böyük hədəflər qardaş xalqlarımızın əmin-amanlığına, rifahına və inkişafına xidmət edən konkret nailiyyətlərə çevrildikcə gücümüz daha da möhkəmlənəcək.

Qəlbən inanıram: XXI əsr “Türk dünyasının əsri” olacaq. Bu hədəfə aparan yeni üfüqləri Ankara Zirvəsi açacaq. Zirvə ilə Təşkilatımızın beynəlxalq təsiri artacaq, qardaş ölkələrimiz arasındakı həmrəylik daha da möhkəmlənəcək. Üzərimizə düşən ən böyük vəzifə əsrlərdir ürəyimizdə saxladığımız birlik məfkurəsini qalıcı əsərlərlə taclandırmaq və hər baxımdan daha qüdrətli türk dünyasını gələcək nəsillərə əmanət etməkdir.

Rəcəb Tayyib Ərdoğan,

Türkiyə Respublikasının Prezidenti