- Oqtay Qasımov: "Türk dünyasının qlobal gücə çevrilməsinin yolu Bakı-Ankara birliyindən keçir"
Prezident İlham Əliyev Türkiyənin Respublika Günü münasibətilə Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını təbrik edib. Dövlət başçısı məktubunda Azərbaycan-Türkiyə münasibətlərinin tarixi dostluq və qardaşlıq üzərində qurulduğunu vurğulayıb, Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn əlaqələrin əhəmiyyətini qeyd edib.
Şübhəsiz ki, Türkiyənin Respublika Günü Azərbaycan üçün də əlamətdar gündür. Qardaş ölkənin sevinci Azərbaycanın sevinci, onun uğurları Azərbaycanın uğurlarıdır. Prezident İlham Əliyevin bu əlamətdar gün münasibətilə Ankaraya səfəri və Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubu iki ölkə arasındakı sarsılmaz qardaşlıq bağlarını bir daha diqqətə çatıdırb. Təbrik məktubu iki ölkə arasındakı qardaşlıq və strateji tərəfdaşlığın bir daha önə çəkilməsi baxımından müsbət dəyərləndirilib. Azərbaycan və Türkiyəni birləşdirən münasibətlər adi diplomatik əlaqələrdən qat-qat dərindir. “Bir millət, iki dövlət” prinsipi ilə möhkəmlənən bu bağlar ən çətin günlərdə sınaqdan çıxıb. Bu baxımdan Ankaradan gələn görüntülər və Bakının mesajları bir daha göstərir ki, iki ölkənin əlaqələri ortaq tarixə, qardaşlığa və qarşılıqlı maraqlara söykənir.
Ölkə başçısının qardaş ölkəyə ünvanladığı təbrik mesajını Sherg.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Azərbaycan Prezidentinin Türkiyə Prezidentinə Cümhuriyyət Günü münasibətilə göndərdiyi təbrik təbii qarşılanmalıdır: 
“Azərbaycan və Türkiyə dost, qardaş və müttəfiq ölkələrdir. Türkiyə Prezidenti də təxminən 10 gün əvvəl Azərbaycanın müstəqilliyini bərpa etməsi münasibətilə Azərbaycan xalqını və dövlət başçısını təbrik etmişdi. Bu, tamamilə normal və hər il təkrarlanan prosesdir. Bayram günlərində iki ölkə arasında qarşılıqlı təbriklərin və mesajların ünvanlanmasının şahidi oluruq”.
O.Qasımov qeyd edib ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı və müttəfiqliyi sarsılmazdır və bundan sonra da daha güclü şəkildə davam edəcək:
“Əlbəttə ki, biz bir millət, iki dövlət olaraq fəaliyyət göstəririk. İdarəetmə sistemimizdə, dövlət quruluşumuzda və bir sıra daxili məsələlərdə fikir fərqlərimiz ola bilər və bu, təbii qarşılanmalıdır. Amma biz bir-birimizin daxili işlərinə qarışmadan, qarşılıqlı hörmət və faydalılıq prinsipləri əsasında münasibətlərimizi inkişaf etdirməliyik. Çünki həm Azərbaycan, həm də Türkiyə bir-biri üçün son dərəcə vacib və dəyərli tərəfdaş, müttəfiq, dost və qardaş ölkələrdir”.
O. Qasımov hesab edir ki, Azərbaycan Türkiyə ilə, Türkiyə də Azərbaycanla daha güclüdür:
“Türkiyə Azərbaycan vasitəsilə həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada mövqelərini möhkəmləndirir, bu coğrafiyalara çıxış imkanlarını genişləndirir və türk dünyasının inteqrasiyasına ciddi töhfə verir. Türkiyə Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Çünki biz Türkiyə ilə birlikdə mühüm strateji layihələr həyata keçirir, enerji resurslarımızı dünya bazarlarına məhz Türkiyə üzərindən çıxarırıq. Türkiyə ilə birgə fəaliyyətimiz Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiyanı əhatə edir. Bu baxımdan, münasibətlərimizin bundan sonra da daha da möhkəmlənərək inkişaf edəcəyinə şübhə yoxdur. Azərbaycan Prezidentinin təbrik məktubunda Şuşa Bəyannaməsinə, dostluq və qardaşlıq münasibətlərinin inkişafına xüsusi vurğu edilməsi də məhz bu strateji əhəmiyyətdən qaynaqlanır. Biz bir millət, iki dövlətik. Tarixi şərait və mövcud geosiyasi reallıqlar da Azərbaycanla Türkiyənin bir-biri ilə sıx bağlı fəaliyyət göstərməsini zəruri edir.
Dünyada baş verən proseslər və formalaşan yeni dünya nizamı fonunda söz sahibi olmaq istəyiriksə, türk dövlətləri arasında inteqrasiyanı gücləndirməli, Türk Dövlətləri Təşkilatının və bütövlükdə türk dünyasının qlobal aktorlardan birinə çevrilməsinə çalışmalıyıq. Gələcək dünya nizamında mövqeyimizi gücləndirməyin yollarından biri də məhz Azərbaycan-Türkiyə dostluğundan, qardaşlığından və müttəfiqliyindən keçir. Bu birlik türk dünyasının inteqrasiyasına böyük töhfə verə bilər”.