ABŞ Yaxın Şərqdəki müttəfiqlərini noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı hərbi hücumların yenidən başlaya biləcəyi barədə xəbərdar edib.
Sherg.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi adlarının açıqlanmasını istəməyən iki amerikalı diplomata istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton region ölkələrini mümkün hücumlar və Tehranın cavab zərbələri barədə məlumatlandırıb. Müttəfiqlərə hücumların bir neçə gün davam edə biləcəyi bildirilib, İranın cavab tədbirləri zamanı enerji obyektlərini və kritik infrastrukturu hədəfə ala biləcəyi vurğulanıb.
ABŞ Prezidenti Donald Trampın İrana qarşı yeni hücumların həyata keçirilməsi ilə bağlı hələ yekun qərar vermədiyi qeyd olunur.
Mümkün hərbi eskalasiya ilə bağlı narahatlıqlar artır. İranla müharibə nəticəsində benzinin bahalaşması ABŞ iqtisadiyyatının müxtəlif sahələrində xərcləri yüksəldib və respublikaçı namizədlərin seçki kampaniyalarına mənfi təsir göstərib.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi ötən ayın sonunda regiondakı hərbi mövcudluğunu gücləndirmək məqsədilə “USS Theodore Roosevelt” aviadaşıyıcısını və dəniz piyadalarını daşıyan amfibiya gəmilərini San-Dieqodan Fars körfəzinə göndərib. Bu çərçivədə bölgəyə təxminən 9 min hərbçinin yollandığı bildirilir.