- Bu məktəbin mayasında Vətən sevgisi, zəhmət və halallıq var
Elə doğma ünvanlar var ki, onlar sadəcə iş yeri, gündəlik fəaliyyət məkanı olmur, həm də insanın şəxsiyyət kimi formalaşmasında, yetişməsində, özünü tanıyıb-tanıtmasında əvəzsiz iz buraxan müqəddəs ocağa çevrilir.
30 illik yubileyini qeyd edən “Şərq” qəzeti bu cür məkanlardan biridir.
Otuz illik keşməkeşli yolu şərəflə addımlayan, bütün çətinliklərə rəğmən, klassik mətbuat ənənələrini yaşatmağa çalışan “Şərq” qəzeti mənim də həyatımın 14 ilinə işıq saçıb.
14 il “Şərq” ailəsinin üzvü olmaqdan hər zaman qürur duymuşam.
Çünki bu 14 il sadəcə əmək kitabçama yazılan iş fəaliyyəti olmayıb, eyni zamanda məni öyrədən, cəmiyyətə, dünyaya fərqli pəncərədən baxmaq imkanı verən əsl həyat məktəbi olub.
“Şərq”də keçən illər ona görə dəyərlidir ki, biz redaksiyada sadəcə xəbər hazırlayıb, məqalə yazmamışıq, deyib-gülmüşük, dərdimizə şərik olmuşuq, birlikdə çörək kəsmişik.
Xoş günlərin sevincini, yaman günlərin kədərini çiyin-çiyinə birlikdə bölüşmüşük.
Az-çox tanıyan hamı yaxşı bilir ki, “Şərq” adi mətbu orqan deyil, jurnalist yetişdirən məktəb, dəyər formalaşdıran ocaqdır.
“Şərq”i yaşatmaq üçün yorulmadan, usanmadan çalışan baş redaktor Akif Aşırlının, redaktorun birinci müavini Yusif Nəzərlinin və digər “Şərq”çilərin fədakarlığı, zəhməti sayəsində “Şərq” bu gün də yaşayır, yazır, gələcəyə işıq tutur.
“Şərq” özünəməxsus imzası, dəyişməz dəsti-xətti ilə hər zaman seçilənlərdən, öndə olanlardan olacaq.
Çünki “Şərq”in mayasında zəhmət, halallıq, dürüstlük, peşəkarlıq və tükənməz Vətən sevgisi var.
O mənada “Şərq”in uzunömürlü olması həm də dövlətçiliyə, xalqa və haqqın səsinə xidmətin davamlı olması deməkdir.
Arzumuz, istəyimiz odur ki, “Şərq”in işığı hər zaman yansın və qələm sahibləri daim bu işıq ətrafında toplansın.
Yubileyin mübarək, doğma “Şərq”! Səsin həmişə ucalardan gəlsin!
İsmayıl Qocayev