- Paytaxtın avtobus problemi təkcə tıxac deyil, aərnişinləri gözlədən rəqəmsal çatışmazlıq da var
Bakının 227-yə yaxın avtobus marşrutu var, lakin onların hamısını əks etdirən vahid və aktual rəqəmsal resursun mükəmməl işlədiyini söyləyə bilmərik.
Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev bildirir ki, AYNA tərəfindən 27 may 2025-ci ildə Map AYNA, 5 dekabr 2025-ci ildə isə AYNA MaaS istifadəyə verilib. Bunlar rəqəmsallaşma baxımından müsbət addımlardır. Lakin əsas məsələ tətbiqlərin mövcudluğu deyil, onlardakı məlumatların nə dərəcədə dolğun olması və operativ yenilənməsidir.
Dünən AYNA-nın Monitorinq şöbəsinin rəhbəri Bakı şəhərində sərnişindaşımaların 91 faizinin nağdsız həyata keçirildiyini, aylıq sərnişindaşımaların sayının isə 50 milyonu ötdüyünü bildirib. Şəhərdə təxminən 2600 avtobus fəaliyyət göstərir.
Bu miqyasda nəqliyyat şəbəkəsi üçün sərnişinlərə bütün marşrutlar barədə məlumat təqdim edən vahid, sadə və etibarlı rəqəmsal mənbə olmalıdır. Belə bir resurs bütün müntəzəm marşrutların vahid siyahısını təqdim etməlidir. Marşrutun üzərinə klik etdikdə başlanğıc və son dayanacaqlar, aralıq dayanacaqlar, gediş və dönüş istiqamətləri ardıcıllıqla göstərilməlidir. Hər dayanacaq xəritədə dəqiq koordinatlarla işarələnməli və xəritəyə birbaşa keçid imkanı yaradılmalıdır.
Marşrutda dəyişiklik, müvəqqəti istiqamət dəyişikliyi və ya dayanacağın yeri dəyişdirildikdə məlumat dərhal yenilənməlidir. Sərnişin məlumatın sonuncu dəfə nə vaxt yeniləndiyini görə bilməlidir. Beləliklə, gedəcəyi marşrutu və avtobusun ən yaxın dayanacağa nə vaxt çatacağını əvvəlcədən müəyyənləşdirə, vaxtını buna uyğun planlaşdıra bilər. Bu, onun dayanacaqda dəqiqələrini boş yerə itirməsinin qarşısını alar və hansı ünvana hansı marşrutla gedə biləcəyini dəqiqləşdirməsinə kömək edər.
Maraqlı məqam budur ki, bəzi hallarda WikiRoutes və Yandex Maps kimi platformalarda marşrut şəbəkəsindəki dəyişikliklər daha operativ əks olunur. Bu, AYNA-nın rəqəmsal resurslarının məlumatların tamlığı və aktuallığı baxımından təhlil edilməsini zəruri edir.
Rəqəmsal həllərin yaradılması vacibdir. Lakin böyük şəhərdə daha mühüm məsələlərdən biri dəyişən məlumatların sistemlərə operativ şəkildə ötürülməsidir. Bunun üçün məsul şəxslər və peşəkar komanda 24/7 rejimində məlumatların aktuallığını təmin etməlidir. Çünki şəhər dayanmır və nəqliyyat şəbəkəsindəki hər bir dəyişiklik minlərlə insanın səfərinə və gündəlik planlarına təsir göstərir.
Mütəxəssis bildirib ki, nəqliyyatın rəqəmsal idarə edilməsi yalnız marşrutların xəritədə göstərilməsi ilə məhdudlaşmır.
Honkonqda yaşayan tanınmış nəqliyyat mütəxəssisi, şəhər mobilliyi və dayanıqlı nəqliyyat üzrə məsləhətçi, Trans-Consult Ltd şirkətinin baş direktoru və idarəedici direktoru Alok Jain görüş zamanı maraqlı fikir səsləndirib. O bildirib ki, avtobus parkının yeni və ya köhnə olmasından asılı olmayaraq, nəqliyyat vasitələrinin hərəkəti izlənilməli, istismar prosesi nəzarətdə saxlanılmalı, sürücülərin iş və istirahət şəraiti yaxşılaşdırılmalıdır.
Bu yanaşma mühüm bir məqamı ortaya qoyur: rəqəmsal monitorinq təkcə sərnişinləri məlumatlandırmaq üçün deyil, həm də nəqliyyat vasitələrinin səmərəli istismarı və əmək şəraitinin yaxşılaşdırılması üçün vacibdir.
AYNA qarşısında duran əsas vəzifələrdən biri Bakının bütün marşrut şəbəkəsini əhatə edən, fasiləsiz yenilənən, sərnişinlər və nəqliyyat mütəxəssisləri üçün əlçatan vahid rəqəmsal məlumat sisteminin formalaşdırılmasıdır.