- “Azərbaycan Anadolu ilə Mərkəzi Asiyanı birləşdirir”
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada TDT-yə üzv olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib.
XİN-dən verilən xəbərə görə, nazir çıxışında ilk olaraq Türkiyəni Cümhuriyyətin yaranmasının 103-cü ildönümü münasibətilə təbrik edib.
Ceyhun Bayramov Azərbaycanın TDT-yə sədrliyinin prioritetlərinin əməkdaşlığın inkişaf etdirilməsi, ortaq tarixi və mədəni irsin qorunması, xalqlarımızı birləşdirən əlaqələrin möhkəmləndirilməsi, institusional səmərəliliyin artırılması, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi, eləcə də təşkilatın beynəlxalq mövqeyinin gücləndirilməsindən ibarət olduğunu bildirib.
O qeyd edib ki, bu prioritetlər 2025-ci ilin oktyabrında Qəbələdə keçirilən TDT Dövlət Başçıları Şurasının sammitində bir daha təsdiqlənib.
Nazir qlobal münaqişələrin davam etdiyi, beynəlxalq hüquqa çağırışların artdığı və qlobal təhlükəsizlik arxitekturasının zəifliklərinin üzə çıxdığı bir şəraitdə qarşılıqlı etimadın, ortaq maraqların və həmrəyliyin əhəmiyyətini vurğulayıb.
. O, həmçinin TDT+ formatının üçüncü ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün yeni imkanlar yaratdığını bildirib.
Nazir qərarların effektiv icrasının təmin olunmasının, milli qurumların davamlı iştirakının, eləcə də TDT Katibliyinin əldə olunan irəliləyişlərin monitorinqi və fəaliyyətlərin əlaqələndirilməsində rolunun gücləndirilməsinin vacibliyini qeyd edib.
Ceyhun Bayramov Azərbaycanın təşkilatın daha səmərəli fəaliyyət göstərməsi və üzv dövlətlər arasında əməkdaşlığın daha məhsuldar olması istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.

Xəzər Universitetinin Türk İslam Araşdırmaları Mərkəzinin müdiri, tarix elmləri diktoru Telman Nüsrətoğlu Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycan sədrliyi dövründə türk dövlətləri arasında inteqrasiyanın və birliyin dərinləşdirilməsi istiqamətində mümkün olan bütün addımları atmağa çalışıb:
"Dialoq, təhlükəsizlik, koordinasiya, müdafiə sənayesi, iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi, Türk dünyasının birliyinə töhfə verilməsi əsas prioritetlərdən olub.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev türk dövlətlərinə birgə hərbi təlimlərin keçirilməsini təklif edib. Bu çərçivədə Azərbaycanda, o cümlədən Qarabağda Azərbaycan, Türkiyə və Özbəkistanın iştirakı ilə hərbi təlimlər keçirilib. Gələcəkdə digər türk dövlətlərinin də bu prosesə qoşulması və daha genişmiqyaslı hərbi əməkdaşlığın formalaşması arzuolunandır".
T. Nüsrətoğlu qeyd edib ki, Azərbaycan Türk dünyası üçün strateji əhəmiyyətə malik ölkədir:
"Coğrafi mövqeyi, eləcə də mədəni, demoqrafik və siyasi əlaqələri baxımından Azərbaycan Mərkəzi Asiya ilə Anadolu, xüsusilə də Türkiyə arasında mühüm birləşdirici körpü rolunu oynayır. Bu baxımdan ölkəmizin Türk dünyasının inteqrasiyasında rolu xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev də çıxışlarında Azərbaycanın ailəsinin Türk dünyası olduğunu dəfələrlə vurğulayıb. Bu gün Azərbaycanın türk dövlətləri arasında birliyin möhkəmləndirilməsi və inteqrasiyanın dərinləşdirilməsi istiqamətində sistemli fəaliyyət göstərdiyini müşahidə edirik. Bu prosesdə Türk Dövlətləri Təşkilatı da mühüm platforma rolunu oynayır.
Türk Dövlətləri Təşkilatı birliyimizin ən önəmli müstəvilərindən birisi kimi inşallah gələcək dövrlərdə də inteqrasiyanın, birliyin dərinləşdirilməsi istiqamətində fəaliyyətinə davam edər. Bütün bunlar Türk dünyasında daha sıx əməkdaşlığın və birliyin formalaşması baxımından əhəmiyyətlidir".