Məktəb direktoru intihar hadisəsini gizlətməyə çalışırdı? - RƏYLƏR

  • Deputat məsuliyyət tələb etdi, hüquqşünas Cinayət Məcəlləsinin maddələrini açıqladı

Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin həyatını itirməsi ilə nəticələnmiş faciəli hadisə və bundan sonra yaranmış insident cəmiyyətdə narahatlıq və ictimai müzakirələr doğurub.

Mətbuat Şurasının açıqlamasında qeyd olunub ki, belə hadisələr təbii olaraq ictimaiyyətin diqqət mərkəzində olur, baş verənlərin səbəbləri, məsuliyyət məsələləri və gələcəkdə oxşar halların qarşısının alınması ilə bağlı suallar yaradır. Bu baxımdan media nümayəndələrinin olayla maraqlanmaları, ictimaiyyətin informasiya ehtiyacının qarşılanmasına çalışmaları jurnalist missiyanın tərkib hissəsidir.

"Azərbaycan Mətbuat Şurası “Real TV”nin əməkdaşlarının qeyd olunan hadisə ilə bağlı peşə fəaliyyətlərini həyata keçirərkən fiziki təzyiqlə üzləşmələrini yolverilməz hesab edir. Şura bildirib ki, jurnalistlərin qanuni peşə fəaliyyətinə maneələrin yaradılması, onlara qarşı fiziki güc tətbiqi və ya təhdidlər qəbuledilməzdir. Hər hansı mübahisə və narazılıq yarandığı halda belə, məsələnin həlli zorakılıqla deyil, qanunvericiliyin tələblərinə və qarşılıqlı hörmət prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir.

Azərbaycan Mətbuat Şurası eyni zamanda vurğulayıb ki, jurnalistlərin peşə fəaliyyətlərinin sərbəstliyi və ictimaiyyətin informasiya əldə etmək hüququ ilə yanaşı, faciəli hadisələrin işıqlandırılmasında, xüsusilə azyaşlılar və yeniyetmələrin iştirakı ilə bağlı insidentlər zamanı peşə etikası və xüsusi həssaslıq prinsipləri ciddi şəkildə gözlənilməlidir. Mətbuat Şurası ümid edir ki, baş vermiş insidentin bütün halları obyektiv və hərtərəfli araşdırılacaq, hadisə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət veriləcək".

Milli Məclisin deputatı Elnarə Akimova Sherg.az-a bildirib ki, jurnalistlərə qarşı zorakılıq törədən şəxslərin görüntülərdə açıq-aydın görünməsi hadisənin araşdırılması üçün mühüm əsasdır. Deputat hesab edir ki, kimin hansı məktəbin şagirdi olması, məktəbli formasında olub-olmaması məsuliyyətdən yayınmağa əsas vermir:

“Əgər həmin şəxslərin məktəbin şagirdləri olduğu təsdiqlənirsə, onların davranışına hüquqi qiymət verilməli, hadisəni törədənlər qanun qarşısında cavab verməlidirlər. İdmanın hər hansı növü ilə, o cümlədən boksla məşğul olmaq insana gücünü zorakılığa deyil, özünənəzarətə və intizama yönəltməyi öyrətməlidir.

Digər mühüm məsələ məktəb rəhbərliyinin məsuliyyətidir. Məktəbdə baş verən belə bir insidentə görə direktorun və müvafiq vəzifəli şəxslərin məsuliyyəti məsələsi də ciddi araşdırılmalıdır. Məktəb yalnız təhsil verilən məkan deyil, həm də uşaqların davranış mədəniyyətinin, məsuliyyət hissinin və qanunlara hörmətinin formalaşdığı bir mühitdir. Bu baxımdan, məktəb rəhbərliyi öz şagirdlərinin davranışına, məktəbdə nizam-intizamın təmin edilməsinə görə məsuliyyət daşıyır.

Xüsusilə, bir şagirdin intiharı kimi cəmiyyət üçün son dərəcə ağır və həssas hadisənin fonunda jurnalistlərə qarşı zorakılığın baş verməsi yolverilməzdir. Məktəb direktoru məgər intihar hadisəsini cəmiyyətdən gizlətməyə çalışırdı ki, jurnalistlərin döyülməsinə səbəb olub? Jurnalistlər hadisə barədə məlumat toplamaq və ictimaiyyəti məlumatlandırmaq vəzifəsini yerinə yetirirlər. Onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi həm insan hüquqlarına, həm də cəmiyyətin informasiya almaq hüququna hörmətsizlikdir”.

E. Akimova qeyd edib ki, baş verənlər hərtərəfli araşdırılmalı, zorakılıq törədən şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməli, eyni zamanda məktəb rəhbərliyinin məsuliyyəti məsələsinə aydınlıq gətirilməlidir:

“Belə hadisələrə münasibətdə nə susmaq, nə də məsuliyyəti bir-birinin üzərinə atmaq olar. Əsas məqsəd günahkarları müəyyənləşdirmək, qanunun aliliyini təmin etmək və gələcəkdə bu cür halların təkrarlanmasının qarşısını almaqdır”.

Konstitusiya Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev də hesab edir ki, baş verən hadisədə cinayət əlamətləri daşıyan açıq zorakılıq faktı var və ona hüquqi qiymət verilməlidir.

Onun sözlərinə görə, jurnalistlərin qanuni peşə fəaliyyətinə maneçilik, onlara qarşı zorakılıq tətbiq edilməsi və sağlamlıqlarına vurulan zərər birlikdə araşdırılmalıdır: “Cinayət Məcəlləsinin 163-cü maddəsi jurnalistləri zorakılıq və ya zorakılıq hədəsi ilə məlumat yaymağa, yaxud məlumat yaymaqdan imtina etməyə məcbur etmə hallarına da hüquqi qiymət verilməsini nəzərdə tutur.

Xəsarətlərin dərəcəsi məhkəmə-tibbi ekspertizası vasitəsilə müəyyənləşdirilməli, sağlamlığa zərər vurulması faktı müvafiq cinayət-hüquqi normalar əsasında qiymətləndirilməlidir. Qrup halında xuliqanlıq əlamətləri müəyyən edildiyi təqdirdə, şəxslərin Cinayət Məcəlləsinin 221-ci maddəsinin müvafiq bəndləri ilə məsuliyyətə cəlb edilməsi də mümkündür”.

Hüquqşünas qeyd edib ki, iştirakçıların şagird olması onları məsuliyyətdən azad etmir:

"Ümumi qaydaya əsasən, cinayət məsuliyyəti 16 yaşdan yaranır. Qəsdən sağlamlığa ağır və ya az ağır zərərvurma, eləcə də müəyyən ağırlaşdırıcı hallarda xuliqanlıq kimi cinayətlərə görə isə 14 yaşdan məsuliyyət nəzərdə tutulur. Hər bir iştirakçının yaşı və konkret rolu ayrıca nəzərə alınmalıdır.

Məktəbin mühafizəçisinin hücuma cəhd etməsi ilə bağlı jurnalistin açıqlaması da ciddi araşdırılmalıdır. Araşdırma yalnız zərbə vuran şəxslərlə məhdudlaşmamalı, zorakılığı təşkil edən və ya ona təhrik edən şəxslərin olub-olmadığı da müəyyənləşdirilməlidir. Təhlükəsizliyə cavabdeh şəxsin belə hərəkətlərdə iştirakı ilə bağlı iddialara xüsusi diqqət yetirilməlidir".

Hüquqşünas məktəblərdə mühafizə sisteminin təşkilinə də yenidən baxılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, mühafizəçilərin təyinatı, hazırlığı, vəzifə öhdəlikləri və fəaliyyətinə nəzarət məsələləri yoxlanılmalı, mövcud mühafizə mexanizmlərinin effektivliyi qiymətləndirilməlidir.