Ögey anası 20 il əsir saxladı, evdə yanğın törədib qurtuldu - FOTO

11 yaşında başlayan əsarət 32 yaşında sona çatdı: İlk dəfə ad gününü qeyd etdi
ABŞ-nin Konnektikut ştatının Vaterbury şəhərində, 20 ildən artıq müddət ərzində evində əsir saxlandığı bildirilən bir kişi, yaşadığı travmalardan sonra ilk dəfə danışıb. Fevral ayında evdə baş verən yanğından sonra yanğınsöndürənlər tərəfindən xilas edilən 32 yaşlı kişi, artıq daha güclü olduğunu deyib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, 17 fevralda hadisə yerinə gələn ilkin yardım qrupları, aktiv yanğın siqnalı üzrə çatdıqları evdə kişini son dərəcə zəif vəziyyətdə tapıblar. Rəsmilər, 1.75 boyunda olan şəxsin cəmi 31 kiloqram çəkidə olduğunu bildiriblər. Kişi yanğını qəsdən törətdiyini və 11 yaşından bəri ögey anası tərəfindən əsir saxlandığını söyləyib.
“HƏYATIMI GERİ ALMAQ İSTƏYİRƏM”
Özünü “S” olaraq təqdim edən zərərçəkmiş açıqlamasında belə deyib: “20 ildən artıqdır ki, əsarət və ailədaxili zorakılığın qurbanıyam. 11 yaşımda dördüncü sinifdən alındığım gündən, 31 yaşımda azadlığıma səbəb olan yanğını bilərək törətdiyim günə qədər evdə əsir saxlanıldım.”
Açıqlama, zərərçəkmişə dəstək verən “Survivors Say” adlı təşkilatın könüllü sözçüsü David Guarino vasitəsilə ictimaiyyətə çatdırılıb.
Əsl adını açıqlamayan kişi deyib: “Bu, doğulanda ailəmin mənə verdiyi ad deyil. Mən özümə yeni bir ad seçirəm və bu, azadlığım ilə verdiyim ilk qərardır.”
İLK DƏFƏ ÖZÜNƏ AD GÜNÜ KEÇİRDİ
Yanğınsöndürənlərə, polis qruplarına və tibb işçilərinə təşəkkür edən S, “Həyatımda ilk dəfə ad günü partisi keçirə bildim. Bu mənim üçün böyük bir sevincdir,” deyərək hisslərini bölüşüb.
O, həmçinin “Safe Haven of Greater Vaterbury” tərəfindən başladılan və 270 min dollardan çox ianə toplanan GoFundMe kampaniyasının təşkilatçılarına da təşəkkür edib. Toplanan vəsait tibbi və emosional sağalma prosesi, sığınacaq, yaşayış xərcləri və hüquqi prosedurlar üçün istifadə ediləcək.
“BU SADƏCƏ BİR HEKAYƏ DEYİL, BU MƏNİM HƏYATIMDIR”
Əsirlikdən qurtulan adam sözlərini belə davam etdirib: “Hekayəmdə yer alan hər kəsin ədalət axtarışımda rəsmilərlə tam əməkdaşlıq etməsini istəyirəm. Media və ictimaiyyətdən isə bu müddətdə məxfiliyimə hörmət etmələrini xahiş edirəm. Bu sadəcə bir hekayə deyil. Bu mənim həyatımdır.”
ÖGEY ANA İTTİHAMLARI RƏDD ETDİ
Hadisə ilə bağlı S-nin ögey anası Kimberly Sullivan həbs edilib. Sullivan qeyri-qanuni məhdudlaşdırma, hücum, oğurluq və məsuliyyətsiz təhlükəyə məruz qoyma kimi bir sıra ittihamlarla üzləşib. İttihamları rədd edən Sullivanın vəkili isə əsas günahkarın zərərçəkmişin mərhum atası olduğunu iddia edib.
“Onu heç bir şəkildə məhdudlaşdırmayıb, ona yemək və sığınacaq təmin edib,” – deyən vəkil Ioannis Kaloidis, müvəkkilinin ittihamlar qarşısında təəccübləndiyini bildirib.