Azər Qasımov: "Öz çirkin və antimilli əməllərinə davam etməyə cəhd göstərirlər"

“Prezident ilk dəfə olaraq hökumət daxilindəki bəzi qrupların çəkişmələrindən və medianın buna alət edilməsindən danışdı”. 

Bunu Sherg.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib. 

Partiya funksionerinin sözlərinə görə, Prezidentin çıxışı bir sıra gərginliklərin səbəblərinə işıq saldı: 

“Dövlət başçısı bəzi hallarda ona yanlış məlumat verilməsini, korrupsiyaya yol açan layihələrin maliyyətinin şişirdilməsini bildiyini və bunun qarşısının alınacağını xüsusi qeyd etdi. Düşünürəm ki, bu çıxış yeni dövrün başlanğıcı, eyni zamanda dövlətin və dövlətçiliyin əleyhinə fəaliyyət göstərən qüvvələrin son çırpınışları olacaq. Prezidentin də vurğuladığı kimi islahatlar daha qətiyyətlə və ciddi şəkildə aparılmalıdır. Buna mane olan kim olursa-olsun dərhal ifşa edilib, cəzalandırılmalıdır. Həmin qüvvələr son günlər müxalif görünümlü tərəfdarlarının əli ilə çaxnaşma yaradıb Prezidenti islahat yolundan çəkindirmək istəyirlər. Öz çirkin və antimilli əməllərinə davam etməyə cəhd göstərirlər. Lakin artıq onlar üçün sonun başlanğıcıdır. Xalqın milli düşüncəli, dövlətin gələcəyinə ümidlə baxan qüvvələrin Prezidentə dəstəyi nəticəsində bu qaragüruh yox ediləcək. Azərbaycan daha böyük uğurlara imza atacaq”.