Hazırda erməni işğalçılarına qarşı bir neçə platformada effektiv şəkildə savaşmaq milli vəzifə kimi qarşımızda durur. Hərbi-siyasi müstəvidə davam edən müharibə və əldə edilən uğurlar mütləq diplomatik və informasiya savaşında əldə etdiyimiz nəticələrlə də dəstəklənməlidir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Amerikanın Los-Anceles şəhərində və Avropanın bəzi ölkələrinin paytaxtlarında yaxın günlərdə baş vermiş hadisələrlə bağlı etdiyi müraciət diqqəti məhz məsələnin beynəlxalq-hüquqi və informativ tərəfinə cəlb etməklə bu platformada milli maraqlarımızı qorumaq üçün yeni vəzifələr və strateji istiqamətlər müəyyən edir. Müraciətdə əksini tapan çağırışların hər biri milli davamıza sahib çıxan, ərazi bütövlüyümüzün bərpa olunmasına töhfə vermək istəyən, öz Vətənini və millətini sevən hər bir azərbaycanlı üçün əsl fəaliyyət proqramıdır.
Bu fikirləri Sherg.az-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Hikmət Babaoğlu diqqətə çatdırıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva müraciətində, hər şeydən əvvəl, Ermənistanın işğalçı ordusunun dövlət sərhədimizdə törətdiyi təxribatdan sonra yaranmış yeni situasiyada öz Vətənini müdafiə etmək üçün dünyanın müxtəlif ölkələrində dinc aksiyalar keçirən azərbaycanlılara qarşı törədilən erməni zorakılığı və vandalizminə diqqət çəkir. Bunu haqlı olaraq, işğalçı ordunun Azərbaycanın dinc əhalisini artilleriya atəşinə tutması ilə eyniləşdirir. Birinci vitse-prezident hər iki halda dünyanın bu vandalizmə seyrçi qalmasından narahatlığını ifadə edir. İkinci çox mühüm məsələ təcavüzkarların və vandalların bu barbarlığa əvvəlcədən yaxşı hazırlaşmaları və say üstünlüyünü təmin etmələri ilə bağlı fikirlərdir. Buradan aydın olur ki, işğalçı Ermənistan və onun terrorçu hakimiyyəti dövlət sərhədində təxribat hazırlayarkən hər şeyi əvvəlcədən planlaşdırıb və onun davamı kimi erməni diaspor təşkilatlarını da öncədən mümkün dinc nümayişlərə qarşı səfərbər edib. Bu, erməni təxribatının planlı olmasının ifşa edilməsidir.
Deputat qeyd edib ki, müraciətdə başqa bir mühüm istiqamət ondan ibarətdir ki, Ermənistanın işğalçılıq siyasəti və bu prosesdə fiziki-mənəvi terroru dövlət siyasətinə çevirməsinin ideoloji əsasları göstərilir. Qeyd edilir ki, ermənilərin onilliklər boyu aşıladıqları nifrət və azərbaycanofobiya ideologiyası öz “eybəcər bəhrəsi”ni verir. Bu nifrətlə “silahlanmış” ermənilər dinc azərbaycanlı nümayişçilərə qarşı dünya paytaxtlarının mərkəzində daş atır, zorakılıq tətbiq edirlər. Məsələ ondadır ki, Avropa siyasətinin paytaxtı hesab edilən Brüsseldə belə ermənilər terrora əl atmaqdan çəkinmir, dünyaya insan hüquqları və azadlıqları haqqında nümunə təqdim edən şəhərdə özlərini anarxist vandallar kimi aparırlar.
“Təxribatların fonunda insan hüquqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” kimi təşkilatlar törədilmiş hadisələrə ədalətli qiymət verməyə tələsmirlər. Onlar bu erməni vandalizminə və zorakılığına mütləq qiymət verməlidirlər. Ona görə də, hazırkı mərhələdə hər bir azərbaycanlının və diaspor nümayəndəsinin ümdə vəzifəsi birləşmək və son zorakılıq aktlarının ədalətlə təhqiq edilməsini, təqsirkarların məsuliyyətə cəlb olunmasını bütün tribunalardan təkidlə tələb etməkdir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu çağırışı milli vəzifə kimi qəbul edilməli, mübarizəmizin hüquqi-ideoloji əsasını təşkil etməlidir”,- deyə Hikmət Babaoğlu vurğulayıb.