“Rəsmi İrəvan
Kremlin dəstəyinə sığınaraq, sülh prosesini uzatmağa çalışır”
“Amma
delimitasiya, demarkasiya məsələsi reallaşmasa və yekun sülh müqaviləsi
imzalanmasa savaş açıq müstəviyə keçəcək”
“Eyni
zamanda antiterror əməliyyatları, yenidən müharibənin olması istisna deyil”
Ermənistan
Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanla sərhədin
delimitasiyası üzrə komissiyanın yaradılması məsələsinin müzakirə olunduğunu
deyib. TŞ katibi bildirib ki, Ermənistanın həll etməli olduğu bəzi məsələlər
var: "Biz suallara cavab tapan kimi strukturun formalaşması üçün görüşlər
başlayacaq. Həmçinin Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan
Prezidenti İlham Əliyev arasında görüşün mümkünlüyü də müzakirə olunur".
Qeyd edək
ki, mayın 2-də Azərbaycan Prezidentinin köməkçisi - Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
Brüsseldə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Politoloq
Rusif Məmmədsoy "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan
arasında delimitasiya və demarkasiya ilə bağlı problemlər ötən ildən bu günə qədər
müzakirə olunur:
"Bundan başqa, Soçidəki görüşdən sonra dekabr ayında
komissiya yaradılması qərarlaşdırılıb. Qriqoryan dekabr ayında komissiya üzvləri
ilə görüşdən sonra Ermənistana qayıdarkən belə bir ifadə işlədib ki, bu proseslərin
yekunlaşmasını istəyirik, amma qarşı tərəfin şərtləri bizi qane etmir. Əslində
Ermənistan elə bir vəziyyətdədir ki, hazırda onların hər hansı bir şərt irəli
sürmək imkanları yoxdur. Azərbaycan qalib ölkədir. Ancaq onlar Rusiyanın dəstəyinə
sığınaraq, bu prosesləri bacardıqları qədər uzatmağa çalışırlar. Delimitasiya,
demarkasiya məsələsi və yekun sülh müqaviləsinin imzalanması dövlətimiz üçün
prioritetdir. Ümumiyyətlə, Brüsseldə baş tutan görüşdən sonra da deyilib ki,
aprel ayının sonunda komissiya yaradılmalıdır. Artıq may ayı olduğu üçün bu
komissiya öz işinə başlamalıdır. Həmçinin Dünya Azərbaycanlılarının V Qurultayı
ilə bağlı Şuşada keçirilən həmin o tədbirdə də çox maraqlı fikirlər işlənib.
Açıq şəkildə deyirik ki, bu, onların son şansıdır. Əgər onlar irəli sürdüyümüz
təklifləri nəzərə almayıb, Azərbaycanla Ermənistan bir-birinin ərazi
bütövlüyünü tanımasalar, artıq savaşımız açıq müstəviyə keçəcək. Eyni zamanda
antiterror əməliyyatları, yenidən müharibənin olması istisna deyil. 44 günlük
savaşdan sonra adını hərb tarixinə qızıl hərflərlə yazmış Azərbaycan Ordusunun,
həmçinin Şuşa Bəyannaməsini əsas gətirərək, yanında olduğunu hər zaman söyləyən
Türkiyənin qarşısında necə tab gətirəcəklər?! Rusiya bu münaqişənin daha da
alovlanmasını, uzanmasını, sülh müqaviləsinin ümumiyyətlə, olmamasını ikiəlli dəstəkləyir.
Bütün bunların fonunda onlar hakimiyyətə gəlib, Paşinyanı devirsələr, Azərbaycanla
qarşı-qarşıya dayana biləcəklərmi? Bizim üçün Ermənistanda kimin hakimiyyətə gəlməyinin
fərqi yoxdur. Təbii ki, müharibə olmasını, itkilər verməyi istəmirik. Ona görə
də yumşaq güc vasitəsilə prosesləri yoluna qoymağa çalışırıq. Amma bu, o demək
deyil ki, Azərbaycanın səbrini bu qədər sınamalıdırlar. Onların yanında Rusiya
varsa, bizim də arxamızda Türkiyə dayanıb”.
Ekspertin
sözlərinə görə, Azərbaycanla normal şəkildə diplomatik münasibətləri bərpa etmək
lazımdır. Bu, hər iki tərəfə - Rusiya və Ermənistana aiddir:
“Eyni zamanda
guya, 22 fevraldan Rusiya ilə rəsmi olaraq, müttəfiqik. Amma Müttəfiqlik Bəyannaməsinin
birinci şərtinə görə, hər iki dövlət qarşı tərəfin suverenliyinə hörmətlə
yanaşmalıdır. Amma əməl etmirlər. Qarabağla bağlı işlərimiz hələ tam bitməyib,
az qismi qalıb, lakin imkan vermirlər. Xocavənddə erməni diversantları,
separatçılar, quldur dəstələri səngər qazırlar. Bütün bunların fonunda Ermənistanın
nə deməsindən asılı olmayaraq, Azərbaycanla sülh müqaviləsindən başqa çarələri
yoxdur. Rusiya da buna mane olmamalıdır".