Moskvada Cümhuriyyət qurucularına həsr edilən fotosərgi təşkil olunub - FOTO


Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki Azərbaycan pavilyonunda 28 May müstəqillik Günü qeyd olunub.

APA-nın Moskva müxbirinin xəbərinə görə, pavilyonun qarşısında 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının fotolarından ibarət sərgi təşkil olunub.

Tədbir çərçivəsində özlüyündə sənət əsəri və federal əhəmiyyətli mədəni irs obyekti olan əfsanəvi “Azərbaycan” pavilyonunun qarşısında açıq səma altında konsert keçirilib. Konsert proqramında ümumrusiya və beynəlxalq müsabiqələrin laureatları, nüfuzlu musiqi festivallarının baş mükafatçıları İbrahim Nağıyev və Dmitri Tsıqanov violençel və fortepianoda Qara Qarayev, Ələkbər Tağıyev və digər Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər.

Daha sonra Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi mərkəzinin qonaqlarına SSRİ Xalq artisti Vyaçeslav Qordeyevin rəhbərliyi ilə Moskva Vilayət Dövlət Akademik “Rus baleti” teatrının solistlərinin iştirakı ilə möhtəşəm binanın fonunda Qara Qarayevin “Yeddi gözəl”, Fikrət Əmirovun “Min bir gecə” baletlərindən, həmçinin Nazim Əliverdibəyovun musiqisinə “Muğam” xoreoqrafik miniatüründən səhnələr təqdim edilib.