İsraildəki diasporamız aktiv fəaliyyət göstərir


Qarşılıqlı səfərlər də iki ölkə arasındakı mövcud əlaqələrin dərinləşməsinə xidmət edir

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi



  İsrail bəzi Avropa dövlətləri, həm də Asiya ölkələri ilə sıx əməkdaşlıq edir. Lakin elə ölkələr var ki, İsrailin onlarla münasibətləri xüsusi strateji, müttəfiqlik xarakteri daşıyır. Belə ölkələr arasında Cənubi Qafqazın lideri Azərbaycan xüsusi olaraq seçilir. Azərbaycan bu gün İsrailin tərəfdaşları sırasında ön yerlərdə qərarlaşır.

  Azərbaycanla İsrail arasında dostluq münasibətləri mövcuddur və hər iki ölkə arasındakı ciddi əlaqələr qarşılıqlı maraqlara söykənir. Azərbaycan bu günə qədər beynəlxalq səviyyədə apardığı siyasət və müxtəlif dövlətlərlə, beynəlxalq təşkilatlarla olan münasibətlərində dünyada sülhün qorunmasında mühüm rol oynadığını sübut edib. Eləcə də Azərbaycan-İsrail arasındakı qarşılıqlı-faydalı münasibətlər dünyada və regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət edir. Azərbaycan-İsrail əlaqələri qarşılıqlı maraqlara söykənir və ikitərəfli xarakter daşıyır. İsrail ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illik tarixi ərzində bu iki ölkənin və onların xalqlarının münasibətləri çox yüksək səviyyədə inkişaf edib. Hazırda yəhudi dövləti ilə əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycan arasında qarşılıqlı münasibətlər dünyaya qardaşlığın nümunəsi kimi göstərilir. Azərbaycan-İsrail əlaqələrinin inkişafında və möhkəmlənməsində siyasi və iqtisadi maraqlar mühüm rol oynayır. 

Eyni zamanda deyə bilərik ki, iki ölkə münasibətlərinin dirçəlməsində diaspor sahəsi də özünəməxsus rola malikdir. Heç kimə sirr deyil ki, dünyada ən güclü diaspor İsrailə məxsusdur. Bu gün İsrail diasporunun Azərbaycana münasibəti, habelə, iki ölkənin diaspor qurumlarının əməkdaşlığı digər ölkələr üçün nümunəvi xarakter alıb. Bu məqamda vurğulamaq yerinə düşər ki, müttəfiqlik əlaqələrinin gücləndirilməsi diaspor sahəsini də əhatə edir.

  Son vaxtlar biz görürük ki, İsraildəki erməni icmaları, diaspor nümayəndələri iki ölkə arasında əlaqələri qısqanaraq fəallaşmağa, həmçinin İsraildə bəzi təşkilat və qurumların Ermənistanla qarşılıqlı münasibətlərini tənzimləməyə çalışırlar. Bu fakt ilk növbədə ondan xəbər verir ki, Azərbaycan və İsrail müttəfiqliyi Ermənistanı və erməni lobbisini ciddi narahat edir. Bütün bunlara baxmayaraq, iki ölkənin dostluğu və qardaşlığı diaspor müstəvisində davam etdirilir. Bu sahədə artıq çox mühüm işlərə başlanılıb desək, yanılmarıq. Belə ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu günlərdə  İsraildə səfərdə olub. Səfər İsrailin diaspor işləri üzrə naziri Naxman Şayın dəvəti ilə baş tutub.

  Səfər çərçivəsində ölkələr arasında əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində danışıqlar aparılır, müxtəlif şəhərlərdəki Azərbaycan icmalarının nümayəndələri ilə görüşlər keçirilib.

Komitə sədri Fuad Muradovun Knessetdə keçirdiyi görüşlərdə, daha sonra İsrailin diaspor işləri üzrə naziri Naxman Şayla danışıqlarda qarşılıqlı fəaliyyət istiqamətləri, müxtəlif proqram və layihələr barədə ətraflı məlumat verilib, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
  Azərbaycan-İsrail əməkdaşlığı və israillilər üçün Azərbaycanda investisiya imkanları, həmçinin iki ölkənin həyata keçirə biləcəyi potensial layihələr müzakirə olunub: “Fuad Muradovun səfər proqramında Azərbaycandan olan israillilərlə görüşlər mühüm yer tutub. Fuad Muradovun sözlərinə görə, onlar doğulduğu ölkə ilə sıx əlaqələri qoruyub saxlayır və israillilərin Azərbaycana münasibətinə müsbət təsir göstərir”.

  Azərbaycanda yəhudi icmasının, İsraildə isə Azərbaycan diasporunun fəaliyyəti yüksək qiymətləndirilib. Bundan əlavə, ölkəmizdən dünyanın müxtəlif yerlərinə köçmüş yəhudilərin həm də Azərbaycan icması olaraq birgə layihələrə cəlb edilməsi istiqamətində addımlar atılmasının vacibliyi diqqətə çatdırılıb.

  Eyni zamanda, Azərbaycanla İsrailin etibarlı tərəfdaş olduqları, Vətən müharibəsi və post-müharibə dövründə İsrailin ölkəmizin haqlı mövqeyini dəstəkləməsi, xalqlarımızın dostluq əlaqələrinin tarixi ənənələrə malik olması məmnunluqla vurğulanıb. Görüşün sonunda Fuad Muradov israilli həmkarını Azərbaycana səfərə dəvət edib. 

  Azərbaycanın İsraildəki diaspor nümayəndəsi Səadət Şükürova komitə sədrinin səfərinin Azərbaycan və İsrail diasporunun birgə fəaliyyəti üçün uğurlu olduğunu bildirib: “Demək olar ki, artıq dünyanın əksər ölkələrində Azərbaycanın diaspor təşkilatları öz işlərini uğurla davam etdirir. Bu ölkələr arasında İsrail xüsusi qeyd edilməlidir. Ona görə ki, yəhudilərin Azərbaycanda tarixi köklərinin olması danılmaz faktdır. Hər iki xalq hər zaman dostluq və qardaşlıq şəraitində yaşayıblar. Tarixən də bir-birilərinin yanında olub, dünyaya birlik mesajı ünvanlayıblar. Xalqlarımız arasında siyasi, iqtisadi, mədəni, hərbi və digər sahələrdə əməkdaşlıq edilib.

  Görüşlərdə Azərbaycan diasporunun İsraildə fəaliyyəti, Azərbaycan-İsrail əməkdaşlığı, Qarabağın bərpa-quruculuq prosesinə investisiyaların cəlb olunması üçün səylər və imkanlar, gələcək layihələr müzakirə olunub. Bu da hər iki xalqın birliyini göstərən önəmli faktordur".

  Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Aydın Mirzəzadənin “Şərq”ə  sözlərinə görə, Azərbaycanla İsrail çoxşaxəli əməkdaşlıq edir.  Hər iki ölkə bir-birinə hörmətlə yanaşır, sıx əməkdaşlıq edirlər. Bu cür səfərlər  iki ölkə arasındakı mövcud  əlaqələrin dərinləşməsinə, eləcə də yeni əməkdaşlıq sahələrinin axtarılmasına xidmət edir.
  Azərbaycan və İsrail arasında sıx dostluq əlaqələrinin olduğunu deyən deputat bu münasibətlərin digər ölkələr üçün də örnək ola biləcəyini söyləyib:

 “İsrail Azərbaycanda səfirlik açan ilk ölkələrdəndir. Bizim ölkələrimiz dost ölkə olaraq təhlükəsizlik, iqtisadiyyat, enerji, mədəniyyət və humanitar sahələrdə çox ciddi və hərtərəfli əməkdaşlıq edir. Ermənistanın torpaqlarımızı işğal etməsinə qarşı çıxıb, ərazi bütövlüyünü tanıyıb. Ölkə iqtisadiyyatına  investisiya  yatırıb və digər sahələrdə də əməkdaşlığa daim hazır olduğunu bəyan edib. Azərbaycanda aktiv bir yəhudi icması fəaliyyət göstərir və yəhudi  xalqının tarixinin, mədəniyyətinin qorunmasına Azərbaycan dövləti böyük  səy göstərib. Xaricdəki yəhudi diaspor nümayəndələri  Azərbaycanda yəhudi nümayəndələrinə olan diqqəti  digər ölkələrə nümunə kimi göstəriblər.

  Azərbaycanın İsraildəki diasporası da kifayət qədər böyük və aktivdir. İsraillə Azərbaycan əlaqələrinin möhkəmlənməsində onların fəaliyyətinin böyük rolu var” .