“27 sentyabr – Anım Günü yeni mərhələnin başlanğıcıdır”

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilir. Bu günün tarixinə qısaca nəzər salaq.  Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşüb, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirib. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub.

BDU-nun Jurnalistika fakültəsinin professoru, tarixçi-alim Nəsiman Yaqublu Anım Günü ilə bağlı “sherg.az”a danışarkən bildirib ki, tariximizi əks etdirən günləri daim yadda saxlamalıyıq:

 “Bu bizim milli-mənəvi dəyərlərimizin xilasıdır. 27 sentyabr tarixi yeni mərhələnin başlanğıcıdır. Mən bunu Azərbaycan tarixində baş verən çox ciddi tarixi hadisə kimi dəyərləndirirəm. 

Çünki məhz bundan sonra biz otuz illik işğal altında qalan torpaqlarımızı azad etdik. İşğal edilmiş ərazilərimizdə üçrəngli bayraqlarımızı dalğalandırdıq. Bu bir xalq üçün olduqca önəmli və əhəmiyyətlidir.  

27 sentyabr tariximizdə hər zaman yaşayacaq . Vətən müharibəsi xalqımızın qalibiyyət ruhunu oyatdı. 44 günlük müharibə nəticəsində əldə edilən şanlı qələbə bizə qələbə irsimizi xatırlatdı. 

27 sentyabr  başlanğıcı ilə Azərbaycan işğalçı düşmənə qarşı birlik göstərərək 30 illik həsrət son qoydu. Bu qələbə bütün xalqın əzmkarlıq nümunəsinə çevrilib və əsrlər boyu yaddaşlara həkk olunacaq. Bu hadisədə böyük fədakarlıq göstərmiş qəhrəmanlarımızı isə hər zaman yad edəcəyik”.