“Rusiya yekun sülh məsələsində geopolitik qıcığını ortaya qoyur”

Oktyabrın 14-də Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Astanada növbəti görüşü  keçiriləcək. Bu barədə Emənistan XİN məlumat yayıb. Məlumata görə, görüş Rusiya tərəfinin təşəbbüsü ilə baş tutacaq. Xatırladaq ki, Sergey Lavrov, Ararat Mirzoyan və Ceyhun Bayramov sonuncu dəfə Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində üçtərəfli formatda görüşüblər.

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov XİN baçılarının baş tutacaq görüşünü “Sherg.az” şərh edərkən bildirib ki, burda iki Azərbaycan və Ermənistanın yekun sülh müqaviləsinə doğru növbəti addımı müzakirə ediləcək: 

“Daha öncə də bu istiqamətdə Avropa İttifaqı Şurasının rəhbərliyi ilə Brüsseldə, sonra isə Praqada müzakirələr və görüşlər həyata keçirilib. Cənab Prezident tərəfindən ilin sonuna qədər tərəflər arasında yekun sülh müqaviləsinin imzalana biləcəyi də vurğulanıb. Astanada sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı işçi qruplarının növbəti görüşləri, eyni zamanda, sülh müqaviləsi ilə bağlı digər məsələlər müzakirə olunacaq. Həmçinin “3+3” platforması çərçivəsində formalaşacaq gələcək regional əməkdaşlıq məsələlərinin müzakirəsi baş tutacaq”. 

Politoloqun qənaətincə, hazırda Qərb sülhlə bağlı məsələləri gündəmə saxlayır. Buna görə də rəsmi Moskva bu məsələdə öz geopolitik qıcığını ortaya qoyur, Rusiya da görüşlərin keçirilməsinə nail olmağa çalışır:

 “Rusiya bütün vasitəçiliyin tək mərkəzli olmağından o qədər də məmnun deyil. O, bundan sonrakı proseslərdə daha da fəallıq etməyə çalışacaq. İki ölkə arasındakı münasibətlərin normallaşmasında öz rolunun da olduğunu göstərmək üçün əlindən gələni edəcək. İstənilən halda həm Rusiya , həm də Qərb mərkəzli görüşlər iki ölkə arasındakı münasibətlərin gələcək inkişafı baxımından prinsipial olaraq önəmlidir”.