Deputat:“Zəngəzur və Göyçədə babalarımızın ruhu dolaşır”



“Ermənistan sülh sazişini imzalamamaq, sərhədlərin delimitasiya və demarkasiyası, Zəngəzur dəhlizinin açılması məsələsini dalana dirəmək üçün dezinformasiyalar yayır”.
Bu barədə “Sherg.az”a millət vəkili Məlahət İbrahimqızı bildirib. Xanım parlamentari qeyd edib ki, müharibə bitdiyi gündən ölkə başçımız əlini barış üçün rəsmi İrəvana uzadıb. Amma təcavüzkar Ermənistan min bir bəhanə ilə bundan yayınıb:

“Erməni lobbisinin və diasporunun gücü Ermənistan dövlətinin gücündən çoxdur. Son günlər onların sərhəddə də davamlı təxribat törətdiklərini görürük. Onlar bir tərəfdən təxribat törədir, digər tərəfdən də dezinformasiya yayırlar ki, Azərbaycan bizə təzyiq edər deyə Göyçəni tərk edirik. 

Halbuki Göyçə tarixən Azərbaycan torpağıdır.1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini Avropa da Göyçə, Zəngəzur daxil olmaqla tanıyıb. Biz o dövlətin varisiyik. Ermənilər bu torpaqların onların olmadığını çox gözəl bilirlər. Zəngəzur, Göyçənin hər bir qarşısında bizim dədə və babalarımızın ruhu, məzarı var. Qərbi Azərbaycan bizim bir parçamızdır. 

Onlar o qədər məkrli düşməndilər ki, indi bizi beynəlxalq ictimaiyyətin gözündən salmaq üçün belə saxtakarlıqlara əl atırlar. Bunlar heç bir nəticə verməyəcək".