Prezidentin Ağalıda sakinlərlə görüşü:“Bu, insanlarımızın torpaqlarımıza qayıdışında yeni səhifə açdı”

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər. Görüşdə sakinlərlə bir sıra maraqlı dialoqlar olub. Ölkə rəhbəri şagirdlərə burda həyatın qaynayacağını bildirib : " Bir azdan sonra başqa kəndlərdə də evlər tikiləcək, Zəngilan şəhərində də evlər tikiləcək. Ağalı birinci layihədir, siz də azad edilmiş torpaqlara ilk gələn uşaqlarsınız . Şadam ki, böyük həvəslə gəlmisiniz və sizin valideynləriniz də böyük həvəslə gəliblər".

"Həftə içi" qəzetinin redaktoru Sevinc Seyidova dövlət başçısı və Birinci vitse-prezidentin Ağalı kənd sakinləri ilə görüşündən "Sherg.az"a danışarkən bildirib ki, bu, keçmiş məcburi köçkünlərimizin işğaldan azad edilmiş ərazilərimizə qayıdışında yeni səhifə açdı:

"Dövlət başçısı Ağalı kəndindəki vəzityyətlə şəxsən tanış oldu. Sakinlərin qayğıları, qayıdışdan sonrakı hisləri ilə yaxından maraqlandı. 

Xüsusilə Ağalı kənd orta məktəbində təhsil alan şagirdlərlə söhbət gələcək nəsillərin öz doğma el-obalarına bağlılığının hansı səviyyədə olduğunu göstərdi. 

Dövlət başçısının da vurğuladığı kimi artıq biz işğaldan azad edilmiş tarixi torpaqlarımıza həmişəlik qayıtmışıq. Bu ərazilərdə məskunlaşıb, qurub-yaradacağıq. Heç bir qüvvə bizi öz yolumuzdan döndərə bilməz.

Dövlət başçısının mütəmadi olaraq Ağalıya köçürülən sakinlərlə görüşməsi, Ağalıya bundan sonra da davamlı səfər edəcəyini bildirməsi kənd sakinlərinin dövlətinə, prezidentinə, ordusunun gücünə olan inamını daha da gücləndirdi".