Fransa nala- mıxa vurur! – “Ey Makron, o nə çıxış idi etdin?!”

Səməd Seyidov: “Zaxari Qros belə bir məqalə yazmaqla, E.Makronun bundan öncə ölkəmizə qarşı səsləndirdiyi bəyanatı unutdurmaq istəyir”

“Çünki onlar da çox böyük səhvə yol verdiklərini başa düşdülər. İndi özlərinə bəraət qazandırmaq istəyirlər"


Fransanın Azərbaycandakı səfiri Zaxari Qrosun son məqaləsində yazır: "Aİ-nin sülh prosesinə fəal dəstəyi əvəzsizdir və Fransa prezidentinin iştirakı Praqada uğurlu nəticə əldə etmək üçün həlledici əhəmiyyətə malikdir.Yaşasın Praqa ruhu!”. Bu onu göstərir ki, rəsmi Paris Praqada əldə olunmuş nəticələri az qala Fransanın “xüsusi xidməti” kimi təqdim etməyə çalışır. Digər tərəfdən, Fransa XİN başçısı və prezidenti verdikləri qərəzli və birtərəfli bəyanatlarla “Praqa ruhu”nu öldürürlər. Makronun son çıxışlarında isə daha çox Praqa yox, “Ermənistan ruhu” hiss olunur. 

Millət vəkili, AŞPA- da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məsələ ilə bağlı "Shergaz"a danışarkən bildirib ki, rəsmi Paris hazırda nə etmək istəyini özü də bilmir. "Həm nala , həm mıxa vurmaqla" heç nə əldə etmək etmək mümkün deyil. Ən əsası bir məsələni bilmək lazımdır. Hansısa tərəflərin bir-birinə yaxınlaşması istiqamətində fəaliyyət göstərirsənsə, bu istiqamətdə onların sənə etimad etməsini istəyirsənsə, ən azı neytral mövqedə dayanmalısan. Ona görə fransızlar, xüsusilə prezident Emmanuel Makron əvvəlcə özü-özünə bu sualları versin:

 Praqada böyük nailiyyətlərin əldə olunmasına iştirak etdikdən sonra ,ey Makron, o nə çıxış idi etdin?! Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda ,ay prezident, sən necə onu şübhə altına qoya bildin?! Hər iki tərəf arasında münasibətləri normallaşdırmağa çalışan insan necə oldu ki, sən Ermənistanın mövqeyini əsas götürüb Azərbaycanı əsasız ittiham etdin?! Fransa nə etmək istəyir?! Rəsmi Paris tərəflər arasındakı münasibətləri qaydaya salmaq, yoxsa daha da qarışdırmaq, vasitəçi olmaq, yoxsa tərəf tutmaq istəyir?! Avropanın bir sifətini göstərmək, yoxsa elə onun ikili standarta malik bir məkan olduğunu bildirmək istəyir?! Hələki bu sualların hamısı cavabsız qalır". 

Millət vəkilinin qənaətincə, Fransanın Azərbaycandakı səfiri belə bir məqalə yazmaqla, E.Makronun bundan öncə ölkəmizə qarşı səsləndirdiyi bəyanatı unutdurmaq istəyir:

"Amma buna nail ola bilməyəcək. Bizim ərazi bütövlüyümüzü qəbul etmirlər, tərəf tuturlar. Biz bunu necə unuda bilərik?! Fransa səfiri və fransızlar bundan sonra da belə addımlar atacaqlar. Çünki onlar da çox böyük səhvə yol verdiklərini başa düşdülər. İndi özlərinə bəraət qazandırmaq istəyirlər". 

S.Seyidov son olaraq artıq Fransanın Azərbaycan-Ermənistan arasındakı danışıqlar prosesindəki mövcudluğunun sual altında olduğunu diqqətə çatdırıb.