Bayramov- Lavrov danışığının PƏRDƏARXASI:“Söhbət blokadadan getmir...”

17 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bu barədə XİN məlumat yayıb. Telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub.

Nazir Ceyhun Bayramov, guya Azərbaycan tərəfindən Laçın yolunun bağlanması, Azərbaycan ərazilərində yaşayan erməni sakinlərin blokadaya alınması, humanitar böhran vəziyyətinin yaranması barədə iddiaların əsassız olduğunu qeyd edib. Bu xüsusda, Laçın yolundan hər gün onlarla nəqliyyat vasitəsinin, sülhməramlı kontingentin avtomobillərinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, erməni təcili tibbi yardım maşınlarının keçməsinin Ermənistan tərəfinin əsassız iddialarını təkzib etdiyi vurğulanıb.

Bununla yanaşı, özlərini Azərbaycan ərazilərində yaşayan erməni sakinlərin “nümayəndələri” kimi təqdim edən şəxslərin əhalini yoldan istifadəyə maneçilik törətdiyi və bununla süni şəkildə “blokada”, “humanitar böhran” təəssüratı yaratmasının qəbuledilməz olduğu bildirilib.

Telefon danışığını "Sherg.az"a dəyərləndirən sabiq xarici işlər naziri Tofiq Zulfüqarov vurğulayıb ki, bu məsələdə Azərbaycan və Rusiyanın mövqeyi yaxınlaşma tendensiyasındadır:

"Burada söhbət ermənilərin dediyi kimi blokadadan getmir və gedə də bilməz. Çünki rəsmi Bakının məqsədi bu deyil. Bizim məqsədimiz ekoloji nəzarətdir. Yaxın gələcəkdə isə digər dövlət qurumlarının nəzarətinin tərtib olunacağından əminəm.
 Yəni nəzarətin blokada ilə heç bir əlaqəsi yoxdur. Bu dünyanın istənilən dövlətdində tətbiq olunur. Ermənilər öz məqsədlərinə nail olmaq üçün bunu hər kəsə fərqli formada göstərməyə çalışırlar. 
Azərbaycan isə bəzi ölkələrə blokada deyilən bir məsələnin olmadığını çatdırır".